Həbsdə olan iqtisadçı alim 90 gündür aclıq aksiyası keçirir
Qubad İbadoğlunun işi – Fazil Qasımov
90 gündür həbsxanada aclıq aksiyası keçirən iqtisadçı alim Fazil Qasımovun səhhətinin kritik olduğu bildirilir. Doğmaları onun həyatının təhlükə altında olması ilə bağlı həyəcan təbili çalırlar. Amma Qasımov aclıq aksiyasını dayandırmaq niyyətində deyil. O, bununla həbsinə etiraz edir və bildirir ki, həbsi üçün heç bir əsas yoxdur və ona qarşı irəli sürülən ittihamların hamısı uydurmadır.
- “Abzas Media işi” üzrə istintaq müddəti ilin sonuna qədər uzadılıb
- “Formula 1” yarışları ərəfəsində Bakıda hərəkət yenidən iflic olub
- Jurnalist Əfqan Muxtarlının AİHM-də Gürcüstan və Azərbaycana qarşı qaldırdığı iddia təmin olunub
İqtisadçının qardaşı Nazim Qasımovun sözlərinə görə, bir neçə gün əvvəl son görüşlərində onun vəziyyəti kəskin pisləşib.
“Fazili əlil arabasında vəkil otağına gətirdilər. 5-10 dəqiqə söhbət etməyə başlamışdıq Fazil halsızlaşdı, dili söz tutar-tutmaz dedi həkim çağır. Qışqırdım, növbətçi hissəyə qaçdım, səsimə ətrafda olan insanlar, rəis gəldi. Həkim gələnə kimi havaya çıxartdıq.
Həkim gəldi, təzyiqini ölçdü, arterial təzyiqi 50/30 göstərdi. İynə vurdu, iynədən sonra tədricən özünə gəldi. Tez-tez təzyiqini ölçdülər, son göstərici 80/50 oldu.
4 saata yaxın yanında oldum. Nə qədər yalvardım yemək qəbul etmədi. Aclığı sonadək davam etdirməkdə israrlı olduğunu bildirdi. Son sözü o oldu ki, heç bir cinayət törətməyib, dövlət əleyhinə heç bir iş görməyib”, – Nazim Qasımov “Turan”a deyib.
“Fazilə yalvardım ki, aclığı dayandırsın. Qardaşım artıq ayaq üstə dayana bilmir. O 30 kiloqramdan çox çəki itirib, çəkisi 67 kiloqramdan 37 kiloqrama düşüb. Saçları ağarıb, qaməti bükülüb, psixikası pozulub, sanki 30 yaş qocalıb. Dedi ki, ya azadlığa buraxılacaq, ya da sonadək aclıq edib dünyasını dəyişəcək”, – deyə Nazim Qasımov əlavə edib.
İyunun 14-dən Fazil Qasımov “cinayət təqibi və istintaqın əvvəlində işgəncələrə məruz qalmasına” etiraz olaraq aclıq aksiyasına başlayıb. İyulun 26-da səhhəti pisləşdiyi üçün istintaq təcridxanasından Penitensiar Xidmətin tibb müəssisəsinə köçürülüb.
Gənc alim 2023-cü il avqustun 7-də elmi fəaliyyətlə məşğul olduğu Türkiyədə saxlanılıb. Sonra o, Azərbaycana gətirilib və ondan iki həftə əvvəl Bakıda saxlanılan iqtisadçı alim Qubad İbadoğlu ilə eyni iş üzrə Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstənin tərkibində saxta pul hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.
Daha sonra Qasımov və İbadoğluna qarşı yeni ittihamlar irəli sürülüb. İstintaq onların hər ikisinin Türkiyədə terror təşkilatı elan edilən, ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ilə birbaşa əlaqəli olduğunu iddia edir. İddialara görə, onlar dini ekstremist fəaliyyətlə məşğul olublar.
İttihamnamədə həmçinin deyilir ki, saxta pulu müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğluna məhz o verib.
Bu günlərdə Qasımov baş prokurora, Ombudsmana, yerli və beynəlxalq ictimaiyyətə müraciətində bu ifadəni işgəncə altında verdiyini bildirib. O, istintaq zamanı verdiyi ifadədən imtina edərək, İbadoğluna saxta pul vermədiyini və onunla heç vaxt FETÖ haqda müzakirələr aparmadığını bildirib.
Doqquz aylıq həbsdən sonra aprel ayında polis nəzarəti altında azadlığa buraxılan Qubad İbadoğlu aclıq aksiyasına son verməsi xahişi ilə Fazil Qasımova müraciət edib.
“Əzizim Fazil, sənin halın məni çox məyus və pərişan edir. Sənə görə narahatlığım günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətirilənlərə görə səndən və məndən üzr istənilənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram. Fazil, bilirsən ki, sənin xətrin mənim üçün çox əzizdir, səni əvvəlkitək çox istəyirəm. Odur ki, sağlamlığın mənim və cəmiyyətimiz üçün çox önəmlidir. Fazil, səndən artıq dərəcədə xahiş edirəm, elə bu gün, bu saat, bu dəqiqə, məktubu oxuyan kimi aclığı dayandır. Mən əminəm ki, biz tezliklə haqq etdiyimiz azadlıqda görüşəcəyik”, – deyə məktubda qeyd olunub.