Qlobal istiləşmə: alimlər xəbərdarlıq edirlər ki, fəlakətə 12 il qalıb
Əgər bəşəriyyət birgə fəaliyyət göstərməzsə, 2030-cu ilə qədər Yer üzündə indiki halında həyat sona çatacaq. CNN xəbər verir ki, BMT bayrağı altında yaradılmış İqlim dəyişiklikləri üzrə hökumətlərarası qrupun məruzəsində belə deyilir.
Problem
Məruzədə bildirilir ki, sənayeyəqədərki dövrlə müqayisədə Yerdə orta temperaturun Selsi şkalası üzrə 1,5 dərəcə artmasının qarşısını almaq məqsədilə “irimiqyaslı birgə addımlar lazımdır”.
Bu baş verməzsə, 2030-cu ilə qədər kritik həddə gəlib çıxılacaq. Bunun nəticəsi isə irimiqyaslı quraqlıqlar, dağıdıcı tufanlar və subasmaları olacaq ki, bunlar onlarla milyon insanın həyatına təhlükə törədir.
Həll
Hazırda 1 dərəcə həddi “əldə olunub”. Bunun əsas səbəbi atmosferə karbon qazının atılması üzündən əmələ gələn “istixana effekti”dir.
Qlobal istiləşmənin 1,5 dərəcəni keçməməsi üçün karbon qazı tullantıları 2030-cu ilə kimi 45 faiz azaldılmalıdır, 2040-cı ilə kimi isə bunu sıfıra çatdırmaq lazımdır.
Həmin vəzifənin yerinə yetirilməsi energetikada, nəqliyyatda və ümumilikdə, həyat tərzində köklü dəyişikliklər deməkdir.
Hökumətlərarası qrupun ekspertlərinin fikrincə, “bu, nəhəng xərclər və bütün ölkələrin koordinasiyasını tələb edəcək”, lakin fəlakətin qarşısını almaq hələ ki mümkündür.