Qiyas İbrahimov birnəfərlik etiraz aksiyası zamanı saxlanılıb
Bakıda polis ictimai fəal və keçmiş siyasi məhbus Qiyas İbrahimovu yaşadığı binanın damında birnəfərlik etiraz aksiyası keçirdiyi üçün həbs edib.
Aksiyanın məqsədi insanların diqqətini iyunun 8-də Yeni Yasamal ərazisində baş verən hadisəyə cəlb etmək olub. Ötən həftəsonu karantinində “qayda pozucularını ovladıqları” zaman mənzillərinin balkonundan polislərin başına zibil atdıqları üçün 11 nəfər saxlanılıb.
- Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfləri
- «Buraxılmış semestrə görə niyə pul ödəməliyəm?» və Azərbaycanın təhsil sisteminə başqa suallar
- “Azərbaycanda yaşamaq mənim haqqımdır” – keçmiş vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı JAMnews-a gələcəyə dair planları haqda danışıb. Video
Aksiyanın səbəbi
Koronavirusla bağlı vəziyyət pisləşdiyi üçün Azərbaycan hökuməti şənbə və bazar günü ölkəni tamam “bağlamaq” qərarına gəlib. Həmin günlərdə yalnız həyati təhlükə olduğu zaman evdən çıxmaq mümkün olub, ərzaq mağazaları, nəqliyyat, hətta apteklər də işləməyib.
Azərbaycan vətəndaşlarının əksəriyyəti ən başından hakimiyyətin virus əleyhinə tədbirlərinə etiraz edib. Sərt “həftəsonu karantini” qəzəb və təşviş yaradıb. Cərimə və həbs təhlükəsinə baxmayaraq, çoxları yenə də küçəyə çıxıb. Sosial şəbəkələrdə insanların polisdən qaçdığını daha sonra isə sərt saxlanılmaları əks etdirən çox sayda video yayılıb.
Yeni Yasamal ərazisində yerləşən yaşayış kompleksində sakinlərdən biri karantin qaydasını pozduğu üçün polis tərəfindən sərt şəkildə saxlanıldığı zaman digər sakinlər polislərin başına zibil atıblar. Səhəri gün isə çevik polis alayı binaya hücum edib, mənzillərə soxulub və zor tətbiq edərək insanları aparıb.
Bu “cəza əməliyyatı” cəmiyyətin müxalif əhvallı qismində böyük rezonans doğurub, fəallar bildiriblər ki, polisi bu cür davranışına görə əhalidən üzr istəməyə məcbur etmək lazımdır.
Etiraz aksiyası
Qiyas İbrahimovun sözlərinə görə, əgər insanlar öz evində özünü təhlükəsizlikdə hiss etmirsə, etirazı da öz evində keçirmək lazımdır. O, səsgücləndirici və böyük plakatla yaşadığı binanın damına çıxıb. Plakatda “Bəsdir əyildin, susma, sən də din!” sözləri yazılıb. Bütün bunları Facebook-da canlı yayımla nümayiş etdirən fəal aksiyanın mahiyyətini izah edib: “Bəsdir, zorakılıq, dövlət terrorunun özbaşınalığı qarşısında əyildik”.
Dərhal hadisə yerinə polis gəlib. Fəal ona yaxınlaşsalar, özünü aşağı atacağını deyib, amma təxminən 10 dəqiqə sonra onu caxlayıblar və polis şöbəsinə aparıblar.
Hökumətyönlü media bu aksiyanı “paytaxt sakini Qiyas İbrahimov yaşadığı evin damına çıxıb qanunsuz çağırışlar səsləndirib” məzmununda işıqlandırıb. Onların yaydığı məlumata əsasən, İbrahimovun “əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır”.
Günün sonunda bəlli olub ki, İbrahimova qarşı xuliqanlıqla bağlı ittiham irəli sürülüb. Bu maddə ilə onu 200 manata qədər cərimə və ya 15 sutka inzibati həbs cəzası gözləyir.
Qiyas İbrahimov kimdir?
Qiyas İbrahimov 2016-cı ildə digər fəal Bayram Məmmədovla birlikdə keçmiş prezident, hazırkı prezident İlham Əliyevin atasının heykəlinin üzərinə siyasi şüar yazdıqdan dərhal sonra həbs edilib və narkotik alveri ittihamı ilə 10 il azadlıqdan məhrumetmə cəzası alıb. 2019-cu ildə hər ikisi əfv fərmanı ilə azadlığa buraxılıb.