Hər kəsin öz həqiqəti var” – Putin Dağlıq Qarabağda münaqişənin həlli haqda
Qarabağ münaqişəsinin nizamlanması üçün əvvəlcə hərbi əməliyyatları dayandırmaq lazımdır ki, danışıqlar masasına oturulsun – Rusiya prezidenti “Rusiya çağırır” investisiya forumunun plenar iclasında deyib.
“Hər kəsin öz həqiqəti var! Burada sadə həll yolları yoxdur, çünki düyün çox mürəkkəb vurulub. Bizim mövqeyimiz açıqdır – Qarabağ zonasının müəyyən rejiminin təmin edilməsi ilə beş plyus rayonun Azərbaycana qaytarılması haqda danışmaq. Uzunmüddətli nizamlama hər iki tərəfi təmin edən maraqlar balansının tapılmasından ibarətdir. Ki, insanlar özlərini təhlükəsizlikdə hiss etsinlər, amma regional inkişaf üçün də imkanlar yaradılsın”, – Putin bəyan edib.
Rusiya prezidentinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münaqişə etnik toqquşmalardan başlayıb. Sovet İttifaqının rəhbərliyi isə o zaman insanların təhlükəsizliyinin təmin edilməsi üçün əməli tədbirlər görməyib və ermənilər “silaha əl atıb”.
Bu, Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonunun Ermənistanın nəzarəti altına keçməsinə gətirib çıxarıb – Rusiya prezidenti vurğulayıb.
“Azərbaycan bildirir ki, bu 7 rayonun nə etnik münaqişəyə, nə də Ermənistana heç bir aidiyyatı yoxdur. Onlar tarixən Azərbaycan əraziləridir. Və Azərbaycan deyir: bizim bu əraziləri geri qaytarmaq və Dağlıq Qarabağla məsələni aydınlaşdırmaq hüququmuz var”.
Üstəlik Rusiya prezidenti Türkiyənin danışıqlar prosesində iştirakını mümkün hesab edib. Azərbaycan buna israr etsə də, Ermənistan tərəfi bununla qətiyyən razı deyil.