Polis Bakıda Rusiya səfirliyi qarşısında etiraz aksiyasını dağıdıb
Aprelin 12-də Bakıda Rusiya səfirliyi qarşısında müxalif Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının fəalları RF-nin Ukraynaya qarşı təcavüzünə etiraz ediblər. Amma gücləndirilmiş polis dəstələri etirazçılara diplomatik korpusun binasına yaxınlaşmağa imkan verməyiblər və bunu aksiyanın hakimiyyətlə razılışdırılmadığı ilə izah ediblər.
- “Bu, cinayətdən daha betərdir” – Rusiyanın Ukraynaya qarşı təcavüzünə Bakıdan reaksiya
- “Beş silahsız insanın bəyanatı niyə təhlükəlidir?” – Bakıda hüquq müdafiəçilərinin aksiyası
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
Rusiyanın Ukraynaya qarşı təcavüzünə etiraz edənlər əllərində “Rusiyanın təcavüzünü dayandırın”, “Putin rədd olsun”, “Buça, İrpen, Hostomel – Xocalı soyqırımının davamıdır” və sairə şüarlar yazılmış plakatlar tutublar.
Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiyanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. pic.twitter.com/zCx8GBWLwB
— CAM Xəbər (@CAMXbr) April 12, 2022
Amma aksiya iştirakçıları səfirlik binasına yaxınlaşmamış polis əməkdaşları onları bu ərazidən sıxışdırmağa başlayıblar və müxalifətçilər ərazidən bir neçə metr məsafəyə uzaqlaşana qədər onları müşayiət ediblər.
Hüquq-mühafizəçiləri etirazçıların əllərindəki plakatları alıb, cırıblar. Polislərin hücumları nəticəsində jurnalist Ülviyyə Əli müvazinətini itirərək yıxılıb.

Aksiya təşkilatçısının şərhi
“Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Rusiyanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası baş tutub.
Aksiyada iştirak edən 50-ə qədər ADR-çi Rusiya səfirliyinə yaxınlaşarkən sayı yüzlərlə olan polislər etirazçıları üzük qaşı kimi qorunan və mühasirəyə alınan səfirliyin binasına yaxınlaşmağa imkan verməyiblər.
Aksiyada iştirakçılar “Ukraynada müharibəni dayandırın”, “Müharibə cinayətlərinə son qoyun”, “Rədd olsun Putin”, “Putin hərbi cinayətkardır”, “Buçada dinc əhalinin kütləvi qətlini törədən rus ordusu Qarabağda sülhməramlı ola bilməz”, “Rus ordusu Qarabağdan çıxsın” şüarlarını səsləndiriblər.
Aksiyaya polis müdaxiləsi olsa da, şüarlar yazılan banerlər etirazçıların əlindən zorla alınsa da, iştirakçılara qarşı fiziki zorakılıq qeydə alınmayıb. Bu aksiya barədə ilkin məlumatdır. Sadəcə təəssüfləndirici hal odur ki, Azərbaycanın siyası rəhbərliyi və polis rejimi sonadək Putinə sədaqətini nümayiş etdirir”, – ADR sədri, aksiyanın təşkilatçısı Qubad İbadoğlu Facebook səhifəsində yazıb.