Paşinyana qarşı "mübarizə" üçün göndərilən Rusiya xüsusi xidmət orqanlarının agentləri: The Insider-in ifşaları
The Insider: Rus agentləri Ermənistan seçkilərində
Müstəqil beynəlxalq nəşr olan The Insider Samvel Karapetyan və Qaqik Tsarukyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə dair qalmaqallı ifşaların yer aldığı məqalə dərc edib. Onlar qarşıdan gələn Ermənistan parlament seçkilərində iştirak üçün müraciət təqdim edən partiyaların təmsil olunduğu iki iri biznesmendir.
“Molodva və Macarıstandakı uğursuzluqlardan sonra Kremlin bütün resursları iyunun 7-də parlament seçkilərinin keçiriləcəyi Ermənistana yönəlib. Kreml Avropa İttifaqı və ABŞ-la yaxınlaşma kursu götürən Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinə mane olmağa ümid edir”, — The Insider yazır.
The Insider jurnalist araşdırmaları, faktçekinq və siyasi analitika üzrə ixtisaslaşan internet nəşridir.
Nəşr bildirir ki, Rusiya prezident administrasiyasında Ermənistan istiqamətinə kimin kuratorluq etdiyi, Xarici Kəşfiyyat Xidməti, Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin hansı zabitlərinin “qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi” üçün Yerevana göndərildiyi və müxalifət namizədlərinin Rusiya xüsusi xidmət orqanları ilə necə əlaqəli olduğu araşdırılıb.
Bu məlumat Ermənistanda geniş rezonans doğurub, onu həm baş nazir, həm də müxalifət şərh edib.
The Insider araşdırmasının bəzi detalları, eləcə də erməni siyasətçilər və politoloqların şərhləri.
- “İnformasiya bombası”: Rusiyanın Ermənistana qarşı hibrid hücumları ilə bağlı məxfi sənədlər sızdırılıb
- “Hər şeyin bir həddi var”: Paşinyan Samvel Karapetyana qarşı məhkəməyə müraciət edəcəyini bildirib
- “Saxta hesablar ordusu baş nazirliyə namizədlərdən birini dəstəkləyir” – Ermənistan faktçekerləri
Moskvada Ermənistan üzrə işi kim kurasiya edir
The Insider əvvəlcə hazırkı baş nazir Paşinyana qarşı informasiya kampaniyasına kimin rəhbərlik etdiyini açıqlayır. Ermənistanda hamı Rusiya prezident administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonu tanıyır. O, vaxtilə Abxaziya istiqamətində fəaliyyət göstərib, daha sonra isə ona Ermənistanla məşğul olmaq tapşırılıb. Lakin nəşr yeni adlar da açıqlayır, xüsusilə keçmiş atom sənayesi əməkdaşı Vadim Titov barədə məlumat verir. O, Rusiya Prezidentinin Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinə rəhbərlik edir.
“Onun bu vəzifədəki startı o qədər də uğurlu olmayıb: Macarıstanda seçkilər öncəsi o, köməkçisi (özü kimi “Rosatom”-çu olan) Yeqor Kvyatkovski ilə birlikdə Budapeştə uçmuşdu. Amma kampaniya Orbanın darmadağın məğlubiyyəti ilə başa çatdı. İndi isə onun özünü yenidən göstərmək üçün yeni şansı yaranıb”, — nəşrdə deyilir.
Ermənistan üzrə birbaşa kuratorlar isə xüsusi xidmət orqanlarının iki nümayəndəsidir: STƏİ-nin regionlararası və sosial-mədəni əlaqələrin inkişafı departamentinin rəhbəri Valeri Çernışov və onun müavini Dmitri Avanesov.
Məlum olur ki, Ermənistan seçkiləri ilə Xarici İşlər Nazirliyi xətti üzrə məşğul olan konkret şəxs də var. Bu, MDB ölkələri üzrə Dördüncü Departamentin rəhbəri Mixail Kaluqindir. O, Vaşinqtondakı Rusiya səfirliyində iqtisadi müşavir kimi çalışıb. Maraqlıdır ki, onun adı Moskvanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı mediada hallanmışdı. Həmin nəşrlərdən sonra o, ABŞ-ni tərk etməyə məcbur olmuşdu.
“Paşinyana qarşı təbliğat kampaniyasının ön sıralarında artıq çoxdan tanınan fiqurlar çıxış edir: senatorlar Konstantin Kosaçyov və Konstantin Zatulin. Senator Zatulin Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”na rəhbərlik edir. Yeri gəlmişkən, “Taşir” şirkətinin sahibi, milyarder Karapetyan da həmin kluba daxildir.
Rusiya səfirliyində “yumşaq güc” siyasətinin təşviqi ilə “Rossotrudniçestvo” məşğul olur. Yerevanda onun tabeliyindəki Rus Evinin himayəsi altında seminarlar, mühazirələr, dəyirmi masalar və yay düşərgələri təşkil edilir, iştirakçılara “Ukraynada nasizmin dirçəlişi” haqqında filmlər nümayiş etdirilir. Əsas diqqət gənclərə yönəlib və onlara davamlı şəkildə Ermənistanın yalnız Rusiya ilə gələcəyinin olduğu fikri aşılanır”, — The Insider yazır.
Rusiya xüsusi xidmət orqanlarını kimlər maraqlandırır
Nəşrin məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarının əsas hədəfi Ermənistanın baş naziridir:
“2018-ci ildə “məxməri inqilab” dalğasında keçmiş müxalif jurnalist Paşinyan baş nazir postunu tutdu və Rusiyanın Ermənistanda apardığı demək olar ki, bütün kəşfiyyat tədbirlərinin əsas hədəfinə çevrildi. Moskvada ona “Saqqal” əməliyyat təxəllüsü verildi və fəal şəkildə kompromat toplamağa başladılar”.
Lakin onların marağına başqa bir fiqur da səbəb olub: Kristine Qriqoryan. O, bir vaxtlar Ermənistanın insan hüquqları müdafiəçisi vəzifəsini tutub. Bu vəzifədə qısa müddət qaldıqdan sonra Kristine Qriqoryan istefa verib və bir ildən çox müddət ərzində onun haqqında heç bir məlumat olmayıb. Daha sonra o, Ermənistan hökumətinin yaratdığı Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib və bu qurumun ilk rəhbəri olub.
Xarici Kəşfiyyat Xidmətinin fəal fəaliyyəti həm Ermənistanda, həm də onun hüdudlarından kənarda diqqət çəkir.
“Bu ilin martında o bildirmişdi ki, seçkilər ərəfəsində xaricdə yaşayan Ermənistan vətəndaşlarına xüsusi xidmət orqanları tərəfindən təzyiq göstərilir. Əlbəttə, ilk növbədə Ermənistandan olan bir milyondan çox insanın yaşadığı Rusiya nəzərdə tutulurdu”, — The Insider xatırladır.
Eyni zamanda, redaksiyanın xüsusi xidmət orqanlarındakı mənbəsi bildirib:
“Kristineni Moskvaya, XKX akademiyasında qısa təcrübə keçməyə və söhbət etməyə dəvət edirdilər. Amma o, ağıl öyrənmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə getdi. Sonra amerikalılar ona Yerevanda lazımi strukturu yaratmağa kömək etdilər. Əlbəttə, onun şəxsi həyatını araşdırırdılar. Xüsusilə onun hələ də niyə ərsiz yaşadığı maraq doğururdu. Orada yoxladılar ki, bizim vasitəmizlə Pekinə kimlə uçub, amma əməliyyat baxımından əhəmiyyətli informasiya əldə etmədilər”.
Ermənistandakı seçkilərin namizədləri barədə qalmaqallı məlumatlar
Nəşr bildirir ki, dollar milyarderi, rusiyalı biznesmen Samvel Karapetyanın sənədlərində “iş yeri” qrafasında FTX göstərilib.

“1999-cu ildə Karapetyan Kaluqada xarici pasport alıb. Sızdırılmış oflayn məlumat bazalarına görə, onun pasport dosyesində “iş yeri” qrafasında Daxili İşlər Nazirliyinin “FTX Məlumat Mərkəzi” qeydi var. Bu qeyd vətəndaş yoxlanılarkən əvvəlcə FTX-yə müraciət edilməli olduğunu bildirir. Daxili İşlər Nazirliyinin əməliyyatçısı redaksiyaya izah edib ki, adətən belə qeydlər FTX-nin nəzarəti altında işləyən əcnəbilərə və ya gizli informatorlara aid edilir”, — The Insider bildirir.
Nəşr xatırladıb ki, bu ilin aprelində Nikol Paşinyanın Moskvaya səfəri zamanı onunla Putin arasında “söz dueli” baş verib. Putin demişdi ki, prorusiya qüvvələri seçkilərə buraxılmalıdır. Putin ad çəkməsə də, onun Karapetyanı nəzərdə tutduğu aydın idi. Paşinyan isə cavabında bildirib ki, Ermənistan Konstitusiyası başqa ölkələrin vətəndaşlarının parlament seçkilərində iştirakına imkan vermir. Məlumdur ki, Samvel Karapetyan həm də Rusiya və Kipr vətəndaşıdır.
Eyni zamanda, biznesmen Ermənistanın növbəti baş naziri olmaq niyyətini də açıqlayır. Halbuki o, bu posta iddia etmək hüququna malik deyil. Bu da yenə Ermənistan Konstitusiyasına əsasən belədir.
“Baş nazir Paşinyana qarşı sərt müxalifətdə olan daha bir Kreml dostu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyandır. O da seçkilərə gedir. Tsarukyanın olduqca qalmaqallı bioqrafiyası var. O, milisdə xidmət edib və 1979-cu ildə Rusiyadan olan iki turist qadına qarşı quldurluq və qrup şəklində zorlamaya görə məhkum edilib. Milis əməkdaşı cəzasını Nijni Tagil yaxınlığındakı “Qırmızı ördək” koloniyasında çəkib.
Üstəlik, SSRİ dağılandan sonra, Tsarukyan artıq Ermənistanın ən varlı insanları arasında ilk yüzlüyə daxil olanda məhkəmə ona bəraət verib. Lakin onun bioqrafiyasında daha bir ləkə var. 2004-cü ilin noyabrında Yerevanın mərkəzində “Erməni vaxtı” qəzetinin o vaxtkı baş redaktoru Nikol Paşinyanın “Niva” avtomobili partladılıb. Paşinyan sifarişçi kimi Tsarukyanı ittiham edib, guya o, Paşinyanın məqalələrindən birindən narazı qalıb. Lakin cinayət işi indiyədək açılmayıb”, — nəşrdə deyilir.

Faktçekerlər bildirirlər ki, “Tsarukyan Moskvada yüksək səviyyəli kabinetlərin tez-tez qonağıdır”. Bundan əlavə, 2019-cu ilin fevralında onun “Çiçəklənən Ermənistan” partiyası “Vahid Rusiya” ilə əməkdaşlıq protokolu imzalayıb:
“Prezident administrasiyasının hazırda ləğv edilmiş yaxın xariclə mədəni əlaqələr idarəsinin (onun casusluq fəaliyyəti barədə The Insider yazırdı) sızdırılmış sənədlərində Tsarukyanın pasportunun surəti və onun 2017-ci il seçki kampaniyasına dair maliyyə smetası saxlanılıb”.

“Yerevana pullar Köhnə Meydandakı xüsusi fonddan göndərilirdi. Lakin çox güman ki, “Tsarukyan Bloku” üçün ayrılan vəsait prezident administrasiyasının özündə mənimsənilib, çünki o, seçki kampaniyasını özü də maliyyələşdirə bilərdi”, — araşdırmaçı jurnalistlər hesab edirlər.
Yerevandan şərhlər
Nikol Paşinyan: “Agentlər, ardınızca gələcəklər”
“Beynəlxalq media konkret sənədlər və sübutlar dərc edib ki, bildiyiniz kimi, Kaluqa oliqarxı (Samvel Karapetyan) FTX-nin gizli agentidir”, — Nikol Paşinyan bildirib.
Baş nazir Karapetyanın Ermənistana gəlib ölkənin rifahı naminə fəaliyyət göstərdiyi barədə açıqlamalarına diqqət çəkib.
“Biz beynəlxalq tərəfdaşlarımıza böyük hörmətlə yanaşırıq. Amma Ermənistana saxta və agentura fəaliyyəti həyata keçirmək üçün agentlərin göndərilməsi tərəfdaşlıq münasibətlərinə çox uyğun gəlmir”, — o deyib.
Paşinyan vurğulayıb ki, Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası “300 min azərbaycanlının Ermənistana qayıdışı” məsələsini gündəmə gətirir. Baş nazir artıq bir neçə dəfə bildirib ki, bu məsələ “Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda heç vaxt müzakirə olunmayıb”. Bununla bağlı Paşinyan nəticəyə gəlir ki, onun rəqibi “xarici təsir agentinin davranışını” nümayiş etdirir.
Baş nazirin bu məsələ ilə bağlı yekun qənaəti belədir: əgər Karapetyan agentdirsə, onun yaratdığı “Güclü Ermənistan” da agentura şəbəkəsidir. O hesab edir ki, iyunun 7-də keçiriləcək seçkilərdə seçicilər agent, yoxsa Ermənistan vətəndaşı olduqlarına qərar verməlidirlər. Paşinyan əmindir ki, əksəriyyət vətəndaşlığı seçəcək. Agenturanı seçənlərə isə belə vəd verir: “Agentlər, Ermənistan Respublikası ardınızca gələcək”.
Samvel Karapetyan: “FTX əməkdaşı Paşinyandır”
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yerli telekanallardan birinə müsahibəsində The Insider-in dərc etdiyi məlumatı belə şərh edib:
“Bu, Paşinyanın işidir (sifarişidir). Mən pasportu 1999-cu ildə yox, 1993-1994-cü illərdə almışam. Buna görə də şərh edəcək nəyimsə yoxdur. Əgər ölkəmizdə kiminsə FTX ilə əlaqəsi varsa, bu yalnız Nikol Paşinyandır”.
Üstəlik, Karapetyan jurnalistlərlə “sirri” bölüşməyə hazır olduğunu bildirib:
“FTX əməkdaşı, artıq baş əsgər olan yalnız Paşinyandır. Gedin, ondan soruşun. Tezliklə serjant rütbəsi alacaq, xidmətdə irəliləyir”.
Siyasi analitik Ovsep Xurşudyan hesab edir:
“Ermənistan hakimiyyətinin həyata keçirmədiyi lüstrasiyanı indi Qərb xüsusi xidmət orqanları həyata keçirir, Ermənistanda fəaliyyət göstərən Rusiya agenturası haqqında məlumatlar dərc edirlər. Bu sızmaya görə, Kaluqa oliqarxı həm də FTX-nin sıravi xəbərçisidir. Məncə, onların hamısı persona non grata elan edilməli və Ermənistandan çıxarılmalıdır”.
Politoloq Ruben Meqrabyan isə əmindir:
“The Insider məqaləsində adı çəkilən Rusiyanın Yerevandakı səfirliyinin bütün qondarma “diplomatları” persona non grata elan edilməli və onlardan 24 saat ərzində ölkəni tərk etmələri tələb olunmalıdır. İşə başlamağın vaxtıdır!”
The Insider: Rus agentləri Ermənistan seçkilərində