Paşinyan və Putin Bişkekdə nə barədə razılığa gəliblər: münasibətlərdə gərginliyin pik həddində görüş
Bişkekdə Paşinyan-Putin görüşü
Ermənistanın baş naziri ilə Rusiya prezidentinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT+” formatında iclasın keçirildiyi Bişkekdə baş tutub. Nikol Paşinyan və Vladimir Putin arasında danışıqlar gecə saatlarında keçirilib.
Son həddə qədər gərginləşən münasibətlər fonunda müzakirə ediləsi kifayət qədər məsələ yığılıb. Üstəlik, Paşinyanla Putinin əvvəlki görüşü aprelin 1-də baş tutmuşdu. Bundan sonra, iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistanın baş nazirinin partiyası səs çoxluğu qazanaraq qalib gəlib və təkbaşına hökumət formalaşdırıb. Lakin Rusiya prezidenti indiyədək Paşinyanı qələbə münasibətilə təbrik etməyib.
Moskvadan səslənən bəyanatlara əsasən, Rusiya hakimiyyətini narahat edən əsas məsələ Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyidir.
Bişkekdəki görüşün ilk dəqiqələrində Putin Ermənistanın Aİ-yə can atmasının ölkənin qanuni hüququ olduğunu bildirib. Lakin onun sözlərinə görə, bu, Rusiyanın liderliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı “çətinliklər yaradır”.
“Ermənistan Aİ-yə üzvlük məsələsində nə qədər tez qərar versə, bir o qədər yaxşıdır. Moskva münasibətləri bundan sonra necə inkişaf etdirəcəyini anlamalıdır. Ermənistanın başqa bir təşkilata üzvlük proseduruna başlaması haqqında qanunun qəbulu bizim təşkilatdan çıxmaq barədə bəyanat deməkdir”, – Putin bildirib.
Cavabında Paşinyan Ermənistanın Aİİ-dən çıxmaq niyyətində olmadığını bir daha bildirib.
Ermənistanın baş naziri həmçinin xatırladıb ki, Aİİ-nin nizamnaməsinə əsasən, ölkənin özü belə bir qərar qəbul etmədiyi halda dövlətin ittifaqdan çıxarılması proseduru mövcud deyil.
“Biz Rusiya Federasiyası ilə münasibətlərimizi çox yüksək qiymətləndiririk. Ümid edirik ki, bu münasibətlər Rusiya Federasiyası üçün də vacibdir. Düşünürəm ki, həm Ermənistan, həm Rusiya Federasiyası, həm də şəxsən biz bu münasibətlərə çox həssas yanaşmalıyıq. Mən təsdiqləmək istəyirəm ki, şəxsən mən və hökumətimiz bu münasibətlərə çox həssas yanaşırıq. Əminəm ki, siz də bu münasibətlərə həssas yanaşırsınız. Buna görə sizə təşəkkür etmək istəyirəm”, – Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, Aİ-yə üzvlük məsələsi hələ referendum keçirilməsi üçün lazım olan mərhələyə çatmayıb. Paşinyan bunu hazırda Ermənistanın Aİ-yə üzvlük şəklində alternativinin olmaması ilə izah edib. Yəni məsələ Ermənistan hakimiyyətinin xalqa alternativ kimi təklif edə biləcəyi konkret variant yarandıqda həll olunacaq.
Lakin Putin öz mövqeyində qalıb: “Xalqın həqiqətən də həmişə seçim imkanı olmalıdır. Elə isə bu seçimi yaradın. Mövzunu da bağlayaq. Vəssalam. Ən sadəsi insanlara müraciət edib soruşmaqdır: siz nə istəyirsiniz, belə, yoxsa elə?”
Görüş başa çatdıqdan sonra Ermənistanın baş naziri sosial şəbəkələrdə onun yekunlarını ümumiləşdirdiyi video yayımlayıb.
Paşinyan görüşü “çox yaxşı” kimi qiymətləndirib. O bildirib ki, Putinlə Moskvaya səfəri zamanı “səmimi və konstruktiv söhbəti” davam etdirmək barədə razılığa gəliblər. Görünür, səfər yaxın vaxtlarda baş tutacaq.
“Qeyd etmək lazımdır ki, Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlər hər iki ölkə üçün son dərəcə vacibdir. […] Bununla yanaşı, qeyd etmək lazımdır ki, yeni şəraitdə, yeni şərtlər daxilində bu münasibətlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır. Əminəm ki, bu yenidən dəyərləndirmə nəticəsində münasibətlər daha yaxşı, daha konstruktiv, qarşılıqlı faydalı və daha isti olacaq”, – o bildirib.
Kontekst: daha hansı məsələlər müzakirə edilməli idi
Ermənistanda əvvəlcədən son dərəcə mühüm bir neçə məsələ ilə bağlı çətin danışıqların olacağı gözlənilirdi. Lakin erməni analitiklər görüşün nəticəsində hər hansı məsələ üzrə müsbət irəliləyiş gözləməyə dəymədiyini bildirirdilər.
Ermənistanda ölkənin Aİİ-yə, yoxsa Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilirdi.
Son vaxtlar Rusiya və onunla birlikdə Aİİ-yə daxil olan ölkələr referendumun keçirilməsində israr edirdilər. Ermənistan hakimiyyəti isə ölkənin hələ Aİ-yə üzvlük üçün müraciət etmədiyini əsas gətirərək bu məsələ ilə bağlı referendum keçirməyin hələlik mənası olmadığını bildirirdi.
Aİİ-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandır.
Bu arada Aİİ-də Ermənistanın blokdakı statusunun müzakirə edilməsi niyyətindən də danışılıb. Halbuki ittifaqın nizamnaməsinə əsasən, ittifaqdan çıxmaq qərarını yalnız Ermənistan özü verə bilər. Paşinyanın dəfələrlə bildirdiyi kimi, başqa prosedur nəzərdə tutulmayıb.
Eyni zamanda, avqustun 24-də Ermənistanın baş naziri Aİ-yə üzvlük üçün rəsmi müraciətin təqdim edilə biləcəyini də bildirib. Bu, Rusiyada yeni tənqid dalğasına və daha sərt reaksiyaya səbəb olub. Rusiyada “Aİ-yə üzvlüyün onilliklər davam edən marafon” olduğu, lakin “Rusiya və Aİİ ilə əlaqələrin kəsilməsinin fəsadlarını Yerevanın elə indi hiss edəcəyi” bildirilib. Rusiya ekspertləri hətta Ermənistan üçün “faciəvi sonluq” proqnozlaşdırıblar. Onların fikrincə, Ermənistan “türkləşmə” ilə “Ukrayna ssenarisi” arasında seçim qarşısındadır.
Rusiyanın may ayından Ermənistan məhsul və mallarının ixracına tətbiq etdiyi və bu günədək davam edən məhdudiyyətlərin də müzakirə olunacağı gözlənilirdi.
Bütün bu illər ərzində Rusiya Ermənistan üçün ənənəvi ixrac bazarı olub. Lakin Rusiyanın məhsulların keyfiyyəti ilə izah etdiyi məhdudiyyətlər tətbiq edildikdən sonra Ermənistan məhsulları daha yüksək standartların qüvvədə olduğu Aİ ölkələrinə ixrac olunmağa başlayıb.
Erməni analitiklər Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blok KTMT-yə üzvlüyü məsələsinin də müzakirə oluna biləcəyini istisna etmirdilər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistandır.
Ermənistan artıq iki ildir ki, təşkilatda iştirakını dondurub. Bu, Yerevanın blokdakı müttəfiqlərinin hərəkətsizliyinə reaksiyasıdır. 2021-2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə daxil olduqda, müttəfiqlər nəinki müdaxilə etməyib, hətta Bakının hərəkətlərini pisləməyiblər. Onlar bunu Azərbaycanla sərhədin delimitasiya edilməməsi ilə izah ediblər. Buna cavab olaraq Ermənistanın baş naziri bildirib:
“Ermənistanla Azərbaycan arasında sərhədin olmadığını demək KTMT-nin məsuliyyət zonasının mövcud olmadığını iddia etmək deməkdir. Əgər məsuliyyət zonası yoxdursa, təşkilatın özü də yoxdur”.
Əgər əvvəllər Paşinyan bu hərbi blokdan çıxarılmasının onu narahat etmədiyini deyirdisə, Putinlə görüşdən cəmi bir həftə əvvəl buna sevinəcəyini bildirib:
“Ən azı, bu, bizi (KTMT-dən) çıxıb-çıxmamaq dilemmasından xilas edərdi”.
Bundan əlavə, liderlərin görüşü ərəfəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş “Ermənistanda müxalifət liderlərinin kütləvi şəkildə həbs olunduğu” bir dövrdə keçiriləcək. O, xüsusilə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsini nəzərdə tuturdu. Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmənin qərarı ilə keçmiş prezident iki ay müddətinə həbs edilib. Bu, keçmiş prezidentin artıq dördüncü həbsidir.
Ermənistanda ehtimal edirdilər ki, Koçaryanla dostluq münasibətləri olan Putin bu dəfə də onun azadlığa buraxılmasını istəyə bilər.
Apreldə Paşinyanla əvvəlki görüşü zamanı Putin Ermənistandakı seçkilərdə Rusiyanın “dostlarının”, Rusiyayönlü siyasi qüvvələrin də iştirak edə biləcəyinə ümid etdiyini bildirib. Ehtimal olunur ki, o, hazırda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə ev dustaqlığında olan rusiyalı iş adamı Samvel Karapetyanın partiyasını, eləcə də keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi bloku nəzərdə tuturdu. Onlar seçkilərdə iştirak etsələr də, parlamentdə çoxluq əldə edə bilməyiblər.
Ermənistanın hakim partiyasının nümayəndələrinin fikrincə, məhz bu Rusiyayönlü qüvvələr Rusiya hakimiyyətini cəmiyyətdə narazılıq yarada biləcək addımlara sövq edir. Paşinyanın komandasında hesab edirlər ki, müxalif qüvvələr bu yolla hakimiyyətə gəlmək niyyətindədirlər.
Bişkekdə Paşinyan-Putin görüşü