Parkda görüşən cütlüklərin qənimi – Azərbaycanda keçmiş polis mühakimə olunur
Bakıda keçmiş polis nəfəri qarətə görə mühakimə olunur. İddiaçının bildirdiyinə görə, Şaban Məmmədov ondan və nişanlısından parkda gəzdikləri üçün pul tələb edib, Report agentliyi xəbər verir.
İddiaçı Ülvi Axundzadə deyir ki, “polis nəfəri” onu döyüb, sonra da 100 manatını [60 dollara yaxın] əlindən alıb.
• Erkən seks – Azərbaycanda bu haqda nə düşünürlər
• Azərbaycanda qadınlar hansı restoranlara və niyə getmir?
Gənc həqiqi polisə müraciət edib, bir ay sonra cani yaxalanaraq pulu qaytarıb və müttəhimlər kürsüsündə oturmalı olub.
Müttəhimin versiyası
Şaban Məmmədovun sözlərinə görə, o həqiqətən də parkda bu cütlüyə yaxınlaşıb, özünü polis kimi təqdim edib, soruşub ki, niyə skamyada yanaşı oturublar və qızın valideynlərinin bundan xəbəri varmı? Bundan sonra oğlan guya özü ona “susması üçün” 100 manat təklif edib.
Müttəhim bildirir ki, ən başından o, “ictimai asayişin qayğısına qalmaq” amalı ilə davranıb.
İstənilən halda Məmmədova qarşı özünü yalandan polis nəfəri kimi təqdim etmək və pul tələb etməklə bağlı ittihamlar irəli sürülüb.
Niyə bu cür cinayət mümkün olub?
Azərbaycan qanunvericiliyi cütlüklərə küçədə əl-ələ tutuşmağı, qucaqlaşmağı və ya öpüşməyi qadağan etmir. Amma çoxları yenə də bunu pis qarşılayır. Odur ki, hisslərini ictimaiyyət arasında ifadə edən aşiq cütlüklərin vəziyyəti “yarı leqal” olaraq qalır.
Bundan başqa, bir çox Azərbaycan ailələrində nikahdan kənar görüşlər qəbulolunmaz sayılır və qızlar “ifşa olunmaqdan” çox qorxurlar. Oğlanlar da öz növbəsində polisə düşmək istəmirlər.
Bəziləri bu vəziyyətdən yararlanaraq aşiq cütlükləri “ovlayır” və onları polis idarəsinə aparmaqla və ya qızın ailəsinə oğlanla görüşdüyünü xəbər verməklə təhdid edərək onlardan pul tələb edirlər. Bəzən gənclər öz haqlarını qorumaqdansa, pul ödəyib canlarını qurtarmağa üstünlük verirlər.
Şaban Məmmədov da bundan yararlanmağa çalışıb. İş ona görə məhkəməyə gedib çıxıb ki:
- cütlük nişanlı olub və münasibətlərini kimsədən gizlətmək ehtiyac duymayıb;
- Məmmədov artıq polis əməkdaşı olmayıb.