Pandemiya fonunda repressiya: azərbaycanlı müxalifətçi “karantin qaydalarını pozduğu üçün” həbs edilib
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Anar Məlikov “karantin qaydalarını pozmaqda” ittiham olunaraq 10 sutka inzibati həbs cəzasına məhkum edilib – “Meydan TV” xəbər verib. Söhbətin məhz hansı pozuntulardan getdiyi məlum deyil.
Bundan az əvvəl Məlikov Facebook səhifəsində karantinə yerləşdirilən insanların saxlanıldığı xəstəxana şəraitini tənqid etdiyi status paylaşıb.
65 yoluxma halı və “xüsusi hallarda” bir aylıq həbs
Rəsmi məlumata əsasən, martın 23-ə qədər Azərbaycanda 65 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan bir nəfər ölüb, on nəfər sağalıb. Yüzlərlə insan karantin altındadır – onların dəqiq sayı açıqlanmır.
Martın 17-dən Azərbaycanda gigiyena və karantin qaydalarının pozulmasına görə cəza tətbiq edilir. Əsasən cərimə cəzası nəzərdə tutulsa da, “müəyyən hallarda pozuntuya yol verən insanın şəxsiyyətindən asılı olaraq bir aya qədər həbs cəzası” tətbiq olunacağı da deyilir.
Nəticələr ciddi olduqda isə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası da mümkün ola bilər.
- Qafqazda koronavirus. Gürcüstanda iki şəhər sərt karantindədir. Yenilənir
- Niyə Azərbaycan hakimiyyəti “daxili düşmən” axtarışındadır və müxalifəti təcridlə hədələyir?
- Gürcüstanda fövqəladə vəziyyət – nə eləmək olar, nə eləmək olmaz?
Cəlilabadda karantin – hər kəsin düşməkdən qorxduğu yer
Anar Məlikov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Cəlilabad rayon şöbəsinin fəalıdır. Xaricdən qayıdan Azərbaycan vətəndaşlarının karantinə yerləşdirildiyi xəstəxanalardan biri bu rayonda yerləşir. Bu xəstəxanadan bərbad saxlanma şəraiti ilə bağlı (antisanitariya, su qıtlığı, pis qidalanma) tez-tez şikayətlər daxil olur.
Bu şikayətlər xəstəxanada çəkilən fotolar və videolarla təsdiqlənir. Buna görə də Azərbaycan sakinləri koronavirusa yoluxmaqdan daha çox karantin altına alınmaqdan qorxur. Hakimiyyət isə mütəmadi olaraq hər şeyin qaydasında olduğu haqda məlumat verir.
Bu günlərdə Türkiyədən qayıdandan sonra karantin altına alınan tələbə Nigar Mübariz də Cəlilabad xəstəxanasındakı şəraitdən şikayət edib. Buna görə də qız əvvəlcə sosial şəbəkələrdə hökumətyönlü “trolların” hücumuna məruz qalıb, daha sonra isə yerli polis və İcra Hakimiyyəti nümayəndələri ona baş çəkib.
Daha sonra Nigar Mübariz Facebook səhifəsində məmurlarla görüş zamanı narazılıqlarını bildirdiyi və bunun nəticəsində xəstəxana administrasiyasının xəstəxanada təmizlik işlərinə başladığı haqda yazıb.