“Çiçəklənən Ermənistan” partiyasının keçmiş lideri Qaqik Tsarukyan bəyan edib ki, siyasi fəaliyyətinin qapatdığı səhifəsini yenidən açır və möhtəşəm müxalif blok yaradaraq 2017-ci il parlament seçkilərində iştirak edəcək.
Tsarukyan bildirib ki, əgər Ermənistanın doğru yolla irəlilədiyini, iqtisadiyyatın inkişaf etdiyini, əhalinin rifahının yüksəldiyini görsə, buna əmin olsaydı, siyasətdən uzaq durardı.
Amma emiqrasiyanın yüksək səviyyəsi, zəif və qeyri-sağlam iqtisadiyyat, yoxsulluğun, işsizliyin mütəmadi artımı və insanların öz sabahlarına qarşı inamsızlığı onu siyasətdən getmək haqda qərarını yenidən gözdən keçirməyə vadar edib.
“Bu, həyatımın ən vacib qərarlarındandır – Ermənistan və erməni xalqı naminə sona qədər daşıyacağım xaçımdır”, – Ermənistanın ən nəhəng iş adamlarından biri deyib.
Qaqik Tsarukyan siyasəti 2015-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanla aralarındakı ziddiyyət üzündən edib. Onlar arasındakı münasibətlər 2015-ci il fevralın ortalarında kəskinləşmişdi. Prezident Tsarukyanın fəaliyyətini tənqid etmiş və iş adamının ölkə üçün “şər” qüvvəyə çevrildiyini bildirmişdi. Martın ortasında Tsarukyan “Çiçəklənən Ermənistan” partiyasının sədrliyindən getdi. Daha sonra onun Ermənistan prezidenti ilə münasibətləri normallaşdı.
Buna görə də Tsarukyanın qayıdışı birmənalı qarşılanmır və siyasi şərhçilərə əsas verir ki, hakimiyyətin onu “cib müxalifəti” qismində istifadə edəcəyini təxmin etsinlər.