Odessa presedenti: Ukrayna fəalları pop-ulduzlara Ukraynanı sevməyi necə öyrədir?
Hromadske-nin materialı, Nastiya Kanaryova, Boqdan kinaşuk
Odessa fəalları mütəmadi olaraq Rusiya və ilhaqa uğramış Krıma qastrol edən artistlərin konsertlərinə qarşı etiraz edirlər. Aksiyalar dinc etiraz adlandırılır, amma vaxtaşırı polislə zorakı qarşıdurmaya gətirib çıxarır. Odessanın konsert agentləri musiqiçilərin gətirilməsi üçün etiraz aksiyalarının təşkilatçılarından icazə alır. Onların motivlərinin nədən ibarət olduğunu Hromadske araşdırıb.
Konsertlə bağlı suallar
Odessada bu aksiyalar 2017-ci ildə mütəmadi xarakter alıb. Svetlana Loboda, İvan Dron, Rusiyanın “Basta” və DJ Smash – konsertləri ya dağıdılan, ya da təşkilatçıların bu konsertləri təxirə salmağa məcbur olduğu artistlərin siyahısı. Yaxud da hər şeyə rəğmən çıxışı baş tutan ukraynalı müğənni İrina Bilıkın konsertində olduğu kimi etiraz edənlərlə razılığa gəlmək üçün bütün səyləri səfərbər etmək lazımdır.
Odessada planlaşdırılan növbəti “təhlükəli” şounu az vaxt qalmış yox, lap əvvəldən fəallarla müzakirə etmək qərarına gəliblər – yerli radiostansiyanın sahibi Facebook-da etiraz aksiyalarının təşkilatçılarından Rusiyanın “Mumiy Troll” qrupunun konserti üçün icazə istəyib.
Cəmiyyət etiraz edir
“Mumiy Troll” Krıma səfər etməyib, Ukrayna ərazilərinin işğalını da dəstəkləməyib. əsas meyar vətəndaşlıq deyil, Ukraynaya münasibətdir” – Odessanın “Sağ sektor”unun keçmiş lideri və hazırda Odessa aksiyalarının təşkilatçısı Sergey Sternenko izah edir.
Sternenkonun sözlərinə görə, şəhərdəki sosial-siyasi vəziyyət yetərincə qeyri-stabil olaraq qalır, “rus dünyasının” tərəfdarları isə informasiya meydanında həmişəki fəallıqlarını qoruyurlar.
“Mən sadəcə axtarışa verirəm, məsələn, “İrina Bilık Krım”, və dərhal bütün informasiyanı tapıram. Daha sonra digər ictimai təşkilatların nümayəndələrini aksiyaya qoşulmağa dəvət edirəm”, – Sergey etiraz aksiyasına çıxıb-çıxmamaqla bağlı qərarı hansı prinsip üzrə verdiyi haqda danışır.
Cəmiyyət etiraz etmir
Artistlərin özləri də rusiyalıların Ukraynada, ukraynalıların isə Rusiyada çıxışlarına birmənalı baxmırlar. Bu mövzuya olan böyük maraq “Maski” teatr truppasının ulduzu odessalı Boris Barskini təəccübləndirir və o hesab edir ki, bu, vətəndaşların diqqətini daha ciddi problemlərdən yayındırmaq üçün yaxşı vasitədir.
Boris Barski əmindir ki, vətəndaş mövqeyi hər kəsin şəxsi işidir: insan “ayaqları iilə səs verə” bilər – sadəcə tamaşaya və ya konsertə gəlməməklə. Hakimiyyətin rusiyalı artistlərin Ukraynaya girişini qanunvericilik səviyyəsində qadağan etmək təşəbbüsünə artist şübhəylə yanaşır.
“Aktyorlar da insandır. İstedadlı, amma axmaq ola bilərlər. Ağıllı, amma istedadsız ola bilərlər. Efirdə nəsə lazımsız bir şey deyə bilərlər. O bəlkə zaman onlardan incimək olar”, – aktyor deyir.
Artistlər üçün stop-siyahı
İlhaq olunmuş Krımda və tanınmamış “respublikalarda” çıxış edən Rusiya mədəniyyət xadimləri üçün Ukraynaya giriş qanunla qadağan olunub. Və buna qarşı çıxanlar heç də çox deyil. İyulun əvvəlində Ukrayna sərhədçiləri rusiyalı müğənni Delfini ölkəyə buraxmayıblar. O, Kiyevdə keçirilən Atlas Weekend festivalda çıxış etməli idi. Musiqiçilər solist olmadan karaoke rejimində çıxış etməli olub – ekranda mahnı mətnlərinin sətirləri görünüb və tamaşaçılar oxumağa başlayıb.
“Mən Krımda olmuşam və məni Kiyevə buraxmadılar. Belə bir qanun var və onu yerinə yetirdilər. Vəssalam”, – Delfin Facebook səhifəsində yazıb.
Hələ ki, qanun pozucusu olan artistlərin heç də hamısı Ukrayna Təhlükəsizlik Xidməti və sərhədçilərinin diqqətini cəlb etmir. Rusiyanın “Anakondaz” qrupu Delfindən fərqli olaraq Atlas Weekend festivalında çıxış edə bilib, onun Ukraynaya girişinə qadağa isə artıq konsertdən sonra qoyulub.
Məmurlar etiraf edirlər: hamını diqqətdə saxlamağa nə vaxt var, nə də resurs. Hətta kömək üçün biganə olmayan vətəndaşlara da müraciət edirlər. Sərhəd Xidməti bu ilin yazında öz saytında “stop-siyahı” bölümünü işə salıb, ora hər bir vətəndaş Krıma səfər edərək Ukrayna qanununu pozmuş şəxslər (söhbət təkcə artistlərdən getmir) haqda məlumat daxil edə bilər.
Artistin Krıma səfər etdiyinin sübutu müxtəlif ola bilər: afişalar, video və foto materiallar, sosial şəbəkələrdəki şəxsi səhifələrində etdikləri paylaşımlar. Amma Sərhəd Xidmətində deyildiyi kimi, bu, qərar qəbul etməyə yardımçı olan sadəcə əlavə məlumatdır.
Ukrayna baş nazirinin humanitar məsələlər üzrə müavini Vyaçeslav Kirilenko isə öz növbəsində qanunvericilik səviyyəsində konsert təşkilatçılarını rusiyalı musiqiçilərin Ukraynaya gətirilməsi məsələsini UTX ilə razılaşdırmağa məsul etmək təklifini irəli sürüb. Kirilenko təklif edir ki, təşkilatçılar rusiyalı artistlərin Ukraynaya giriş tarixindən on gün əvvəl sözügedən quruma yazılı müraciət etsinlər.