Gürcüstanda beşinci prezident seçiləcək. Bu seçkilər haqda bilməli olduğunuz hər şey
Bu gün Gürcüstanda ikinci turda beşinci prezident seçiləcək.
Səhər 8.00-da 3 min 703 seçki məntəqəsinin hamısı səsverməyə açılıb.
İntriqa böyükdür – birinci turda hakimiyyətin namizədi yarım faizlik fərqlə qalib olub.
Büllütünlərdə seçicilər eks-prezident Mixail Saakaşvili və keçmiş baş nazir Bidzina İvanişvilinin adını tapmayacaqlar. Amma hazırkı prezident seçkiləri Gürcüstan siyasətinin məhz bu iki lideri arasında gedən mübarizədən ibarətdir. Onlar artıq bir neçə ildir ki, pərdə arxasından qeyri-formal şəkildə müvafiq olaraq müxalifəti və hakimiyyəti idarə edirlər.
__________________
Gürcüstan prezidenti kürsüsü uğrunda kim mübarizə aparır?
Hər iki namizəd Saakaşvili hökumətində xarici işlər naziri vəzifəsini tutub.
Zurabişvili Bidzina İvanişvilinin, Vaşadze isə Mixail Saakaşvilinin şəxsi seçimidir. Bu iki lider qrasındakı qarşıdurma prezident seçkilərini xüsusilə gərgin və intriqalı edir.
Bundan başqa Vaşadze və Zurabişvilinin başqa bir ümumi cəhəti seçkiqabağı kampaniya zamanı hər ikisinin Rusiya kartından istifadə etməsidir: Vaşadzenin tərəfdarları bildirirlər ki, Zurabişvili Kremlin dəstəklədiyi namizəddir, Zurabişvinin tərəfdarları isə Vaşadzeni DTK agenti adlandırırlar.
Salome Zurabişvili:
Rəsmən Salome Zurabişvili müstəqil namizəddir. Amma əslində iqtidar partiyası bütün, o cümlədən də inzibati resurslarla onu dəstəkləyir.
Zurabişvili Parisdə doğulub. O, 1921-ci ildə Gürcüstandan qaçan siyasi mühacirlərin nəslindəndir.
Zurabişvili Fransada diplomatik xidmətdə olub, 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri təyin edilib. 2004-cü ildə Gürcüstanda “Qızılgül inqilabı” baş tutan kimi Saakaşvili ona Gürcüstan vətəndaşlığı verib və öz hökumətində xarici işlər naziri təyin edib.
•Salome Zurabişvili kimdir – Gürcüstanın iqtidar partiyasının ilk ciddi uğursuzluğu?
Saakaşvilinin komandasında Zurabişvili çox qalmadı, 2005-ci ilin oktyabrına qədər. O, müxalifətə keçdi, amma ondan müxalifət lideri alınmadı. Tezliklə o, siyasəti və Gürcüstanı tərk etdi. Yalnız 2012-ci ildə, Bidzina İvanişili hakimiyyətə gələndən sonra qayıtdı. Bütün bu illər ərzində İvanişvilini dəstəkləyib, amma “Gürcü arzusu” partiyasının üzvü olmayıb.
Bu gün Zurabişvili Gürcüstan parlamentinin deputatıdır. Formal olaraq o, müstəqil namizəd kimi deputat seçilib, amma “Gürcü arzusu”nun ciddi dəstəyini alıb.
Zurabişvilinin namizədliyi “Gürcü arzusu” partiyasında heç də hamının xoşuna gəlmirdi, amma o, iqtidar partiyasında çox az adamın etiraz etməyə cəsarətinin çatdığı Bidzina İvanişvilinin şəxsi seçimi idi.
Sosial şəbəkələrdə Zurabişviliyə qarşı kütləvi kampaniya aparılırdı, onun namizədliyi hakimiyyət tərəfdarları sırasında çoxlu mübahisələr doğururdu. Səbəb isə onun 2008-ci il avqust müharibəsi ilə bağlı söylədikləri idi, o, bu müharibəyə görə məsuliyyəti Gürcüstan hakimiyyəti üzərinə qoyurdu. O, avqust müharibəsini nəzərdə tutaraq bildirmişdi ki, “hərbi əməliyyatın bu hissəsini” ilk olaraq Gürcüstan başladıb.
Müxalifət, o cümlədən də QHT və ictimaiyyət nümayəndələri bildirirlər ki, Zurabişvilinin bəyanatları dövlətçiliyə qarşıdır və Kremlin nöqteyi-nəzərini təkrarlayır. Opponentləri çox vaxt Zurabişvilini “satqın” adlandırmaqdan çəkinmirlər.
Qriqol Vaşadze
Qriqol Vaşadze Vahid Milli Hərəkatın (VMH) – keçmiş iqtidar partiyasının üzvüdür [eks-prezident Saakaşvilinin partiyası] və seçkilərdə “Güc birlikdədir” müxalif bloku tərəfindən təqdim olunub.
Vaşadze “MQİMO” (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) məzunudur və 1980-ci illərin sonlarında bir neçə il SSRİ XİN-də çalışıb.
Diplomatik karyerasını 90-cı illərin əvvəllərində bitirib. Bundan sonra o, Moskvada qalıb, fərdi sahibkarlıqla məşğul olub və “Bolşoy Teatr”ın prima balerinası olan məşhur həyat yoldaşı Nino Ananiaşviliyə impresarioluq edib.
2004-cü ildə Ananiaşvili o zamankı Gürcüstan prezidenti Mixail Saakaşvilinin təklifi ilə Gürcüstan Opera və Balet Teatrında balet truppasına rəhbərlik etməyə başlayıb və ikinci Gürcüstan vətəndaşlığnı alıb. Həyat yoldaşı ilə birlikdə Qriqol Vaşadze də Tbilisiyə yerləşib.
2008-ci ilin noyabrında Vaşadze Gürcüstanın mədəniyyət və idman naziri vəzifəsini tutub, eyni ilin dekabrında isə Gürcüstanın xarici işlır naziri təyin edilib. O zaman Vaşadze həm Gürcüstan, həm də Rusiya vətəndaşı idi, bu da müxalifət və ictimaiyyətin tənqidi üçün mövzu olmuşdu.
Niyə müharibədən sonra Rusiya vətəndaşlığından imtina etməməsi ilə bağlı suala diplomat belə cavab vermişdi: “Mən Rusiya hökumətinin vətəndaşı deyiləm. Hökumət gedəcək, Rusiya və rus xalqı qalacaq”.
Bununla belə 2009-cu ilin noyabrında RF Dövlət Duması deputatlarından birinin Vaşadzenin vətəndaşlığının geri alınması ilə bağlı tələbindən sonra siyasətçi könüllü şəkildə Rusiya vətəndaşlığından imtina etdiyini bildirdi.
Vaşadzenin opponentləri Rusiya ilə bağlı keçmişindən ona qarşı istifadə edir, Vaşadzeni “Rusiyayönlü”, “DTK agenti” və s. adlandırırlar.
Seçkilərdə Vaşadzenin piarçısının slavyan soyadlı Vitali Şklyarovun olması onun opponentləri üçün əlavə arqument olub.
“Vaşadze SSRİ XİN-də işləyib. İndi onun piarçısı Şklyarovdur. Məncə hər şey aydındır”, – parlamentin spikeri İrakli Kobaxidze deyib.
Niyə bu seçki özəldir və nə ilə yadda qalacaq?
Bu seçki bir neçə səbəbdən unikaldır:
Bu, sonuncu birbaşa prezident seçkiləridir
Redaktə olunmuş konstitusiyaya əsasən, ilk dəfədir ki, Gürcüstan prezidenti altı il müddətinə seçiləcək (indiyə qədər prezidentlik müddəti beş il idi).
Həmçinin konstitusiyaya edilən dəyişikliklərə görə, bu, ümumxalq səsverməsi ilə seçilən son prezident olacaq. Daha sonra prezident seçkiləri birbaşa sxemlə keçirilməyəcək, prezidenti seçki kollegiyası seçəcək.
Parlament seçkilərinin əsas məşqi
Müxalifətçi prezidentin hakimiyyətə gəlməsi hələ hakimiyyət dəyişikliyi demək deyil – hər şey 2020-ci ildə baş tutacaq parlament seçkilərində həll olacaq.
•Gürcüstan prezident seçir – sonuncu ümümxalq seçkisi ilə
•Siyasi art — Gürcüstan prezidentliyinə namizədlərin portretləri
Gürcüstan parlament respublikasıdır, buna görə də, prezidentin səlahiyyətləri baş nazirinkindən azdır. Amma prezident yenə də mühüm siyasi yükü olan siyasi fiqur olaraq qalır. Bundan başqa, növbəti iki il ərzində ölkə yeni parlamentini seçəcək – prezident seçkiləri bir çox mənada parlament seçkilərinin taleyini müəyyən edəcək və yaxınlaşan parlamet seçkilərində siyasi qüvvələrin qabiliyyət göstəricisi olacaq.
Gələcək prezidentin hüquqları
Prezidentin səlahiyyəti çatır:
√ məhkumları əfv etməyə;
√ Gürcüstan vətəndaşlığı təqdim etməyə;
√ Gürcüstanı beynəlxalq arenada təmsil etməyə, amma bu zaman bütün addımlarını hökumətlə razılaşdırmaq şərti ilə;
√ baş nazir və Ali Ədliyyə Şurasının üzvlərinin təyinatını formal olaraq imzalayır;
√ qanunla müəyyən olunmuş müddətdə yerli seçkiləri, parlament seçkilərini, , həmçinin növbədənkənar seçkiləri təyin etmək;
√ mükafat təyin və təqdim etmək;
√ prezidenti həbs etmək, məsuliyyətə cəlb etmək olmaz;
√ prezidentin impiçment məsələsini parlament deputatlarının üçdə biri qaldıra bilər
Siyasi şərhçilər bildirirlər ki, əgər hakimiyyətyönlü namizəd prezident seçkilərində qələbə qazana bilməsə, bu, hakimiyyətə əhalinin iqtidarda olan “Gürcü arzusu” partiyasının siyasətindən narazı olduğu və yürüdülən siyasəti radikal şəkildə dəyişməyin labüdlüyü haqda açıq mesaj olacaq.
İntriqa: hər iki namizədin şansı bərabərdir
Bu seçkiləri unikal edən Gürcüstan seçkilərinə xas olmayan intriqadır:
Birinci turda seçki marafonunun liderləri – “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili (38,64 faiz) və “Güc birlikdədir” müxalif birliyinin lideri Qriqol Vaşadze (37,74 faiz) arasında faiz nisbəti bir faizdən də az təşkil edir.
Gürcüstan tarixində prezident seçkiləri hələ heç vaxt iki turda keçirilməyib. Qalib həmişə birinci turda müəyyən olurdu.
İkinci turda Vaşadze ümumilikdə müxalifətin səslərinə ümid edir. Onu artıq bir neçə müxalifət partiyası, o cümlədən də seçkidə 11 faizə yaxın səs toplayan “Avropa Gürcüstanı” da [2016-cı ildə Saakaşvili ilə münaqişə səbəbilə “Milli Hərəkat”dan qopanlardan ibarətdir] dəstəkləyib.
Zurabişvilinin tərəfində isə inzibati resurs və iqtidar partiyasının dəstəyi var.
Rusiya amili – həm müxalifətin, həm də hakimiyyətin əsas strategiyası
Seçkiqabağı kampaniya zamanı opponentlərinə qarşı həm müxalifət, həm də iqtidar partiyası Rusiya kartından istifadə edib. Namizədlər və onların tərəfdaşları bir-birini rusiyayönlü mövqedə günahlandırır.
“Mən Gürcüstanı Vaşadze və Rusiyanın əlinə buraxmayacam”, – Zurabişvili seçkiqabağı təbliğat çarxında deyir.
“Müharibəni Gürcüstanın başlatdığını düşünən biri bizdə prezident ola bilməz”, – reklam video-çarxında Vaşadzenin kadrarxası səsi eşidilir.
Əhalinin sabitliyin pozulması ilə qorxudulması
Bu seçkilər heç şübhəsiz ki, əsasən ən uzun, ağır, aqressiv və çirkin seçkiqabağı kampaniya ilə yadda qalacaq.
Birinci turdan sonra hakimiyyət də özünə yeni strategiya müəyyən edib. Bu strategiya əhalini Mixail Saakaşvili və partiyasının hakimiyyətə qayıtması perspektivi ilə qorxutmağa əsasəlanırdı.
•Gürcüstanlı məmurlar necə varlanıb? – Jurnaistlər deputatların və nazirlərin elit evlərini üzə çıxarıb
•Gürcüstanı idarə edən şəxs nələr danışdı? Seçkilərə beş gün qalmış İvanişvili böyük müsahibə verib
Hakimiyyət nümayəndələri Gürcüstanda revanşçıların hakimiyyətə gələcəyi təqdirdə qara günlərin, vətəndaş müharibəsinin və xaosun başlayacağı, onların repressiyalara əl atacağı və dollar məzənnəsinin yüksələcəyi ehtimalını tez-tez təkrarlayırlar. Əgər prezident seçkilərinin ikinci turunda müxalif namizəd seçilərsə bütün bunlar baş verəcəkmiş.
Məsələn, bütün ölkə üzrə keçmiş hökumət üzvlərinin fotoları və “Şərə Yox!” yazısı olan plakatlar asıblar.
Televiziyalarda müxalifət liderinin iki həyat yoldaşı olduğu üçün “patoloji” adlandırıldığı video-çarxlar nümayiş olunurdu.
Müxalifət isə əsasən son illər Gürcüstanda əhəmiyyətli dərəcədə yüksəlmiş yoxsulluq və işsizliyi, həmçinin larinin dəyərdən düşməsini vurğulayır. Vaşadzenin seçkiqabağı təbliğat çarxında insanlar yeməyə və dərmana pullarının olmadığını və milyarder İvanişvili hakimiyyətə gələndən sonra iqtisadi cəhətdən həyatlarının pisə dəyişdiyini danışırlar.
Həmçinin müxalifət hakimiyyətdə olduqları son altı ildə tikilən məmurların lüks evlərini göstərərək korrupsiya məsələsini də xüsusi qeyd edir.
Müxalifətin kliplərində Zurabişvili həmçinin avqust müharibəsi ilə bağlı Putin və Kremlin mesajlarını təkrarlayan “vətən xaini” adlandırılır.
Namizədsiz seçki
Bu seçkinin başqa bir unikallığı hakimiyyətin prezidnetliyə namizəd Zurabişvili ilə bağlı strategiyasıdır – o sözün həqiqi mənasında siyasi meydandan yoxa çıxıb.
İkinci turun baş tutacağı bəlli olan kimi Zurabişvili jurnalistlərlə ünsiyyəti kəsdi və bir neçə gün heç bir bəyanat səsləndirmədi.
Gürcüstan regionlarında Zurabişvilinin təbliğatı üçün gürcü estradasının ulduzlarının iştirakı ilə keçirilən seçkilərdə o özü ümumiyyətlə səhnədə görünməyib, sadəcə onun fotoları olan iri posterlərini asıblar.
Onun əvəzinə jurnalistlərlə əsasən iqtidar partiyasının nümayəndələri danışır.
Hələ bu harasıdır?! Küçələrdə hətta yeni seçkiqabağı plakatlar da peyda olub – namizədin adı-soyadı və seçki nömrəsi olduğu kimi qalır, amma üzərindəki şəkil dəyişib – bilbordlarda Salome Zurabişvilinin şəklini Bidzina İvanişvili, o cümlədən də parlamentin spikeri İrakli Kobaxidzenin fotoları əvəz edib.
Seçicilərin satın alınması
Prezident seçkilərinin ikinci turu start götürməzdən bir neçə saat əvvəl qeyri-hökumət təşkilatları (QHT) müqayisəli hesabat dərc edib. Orada deyilir ki, ikinci tur öncəsi seçicilərin satın alınması baş verib. Seçki kampaniyasının özü də tamam qütbləşib və xeyli mənfi şəraitdə keçib.
QHT hakimiyyətin 600 min nəfər Gürcüstan vətəndaşının bank borclarının bağlanması ilə bağlı təşəbbüsünü misli görünməmmiş adlandırıb. Və məhz bu addım seçicilərin satın alınması kimi dəyərləndirilir.
Qeyri-hökumət təşkilatlarının regionlara ezam edilən müşahidəçiləri əhaliyə hökumətyönlü namizəd Salome Zurabişvilinin xeyrinə səs vermələri üçün pul təklif olunduğu hallar qeydə alıblar. Bəəzi regionlarda (məsələn, Marneulidə) hökumətyönlü namizədin dəstəklənməsinin əvəzində ərzaq paylayıblar – məsələn, kartof və ya soğan.
Seçkidən bir neçə ggün əvvəl QHT-ə seçkilərin nəticələrinin saxtalaşdırılması üçün saxta şəxsiyyət vəsiqələrinin çap edildiyi haqda məlumat daxil olub.
Hesabatda deyilir ki, ikinci turda hakimiyyət inzibati resursdan geniş istifadə edib – seçkiqabağı açıq-aşkar şirnikləndirici təşəbbüsləri anons edib: əməkhaqqının və sosial müavinətlərin həcminin artırılması, qaçqınlara ev verilməsi, bütün mümkün infrastruktur layihələri.
Digər vacib detallar və rəqəmlər
Seçkilər çərşənbəyə, iş gününə təyin edilib, amma Gürcüstanda bu gün qeyri-iş günü elan olunub.
Bu, Gürcüstanda seçkilərin həfə içi küçirildiyi ilk seçki deyil. Keçmiş hakimiyyət də bir neçə dəfə seçkiləri iş gününə təyin edib və hazırda hakimiyyətdə olan o zamankı müxalifətin tənqidinə məruz qalıb.
Həmin gün iş günü olduğu üçün xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün seçkidə iştirak etmək çətin olacaq. MSK belə qərar qəbul edib ki, Gürcüstan hüdudlarından kənarda səsvermə yerli vaxtla saat 20.00-a qədər yox, gecə yarısına qədər davam edəcək.
Oktyabrın 28-də süçkilərin ilk turunda Gürcüstanda 3 milyon 518 min 877 seçici qeydə alınıb. Amma bir ay sonra, ikinci tur ərəfəsində seçicilərin sayı demək olar ki, 10 min nəfər çoxalıb – 3 milyon 528 min 658 nəfər olub. MSK-nın bəyanatına əsasən, bunun səbəbi ilk dəfə qeydiyyatdan keçmək qərarına gələn seçicilər və 18 yaşı birinci turdan sonra tamam olan gənclərdir.
Seçkilərdə səhər saat 8-dən axşam saat 8-ə qədər üç min 703 seçki məntəqəsi fəaliyyət göstərir ki, onlardan 55-i də xaricdə təşkil olunan məntəqələrdir.
Seçkiyə 48500 yerli və 2300 beynəlxalq müşahidəçi nəzarət edir.