Gürcüstanda prezident seçkiləri nəyi göstərdi və hakimiyyətyönlü namizəd niyə uduzdu?
MSK bütün seçki məntəqələrində səsləri sayıb. Hakimiyyətyönlü namizəd nəinki birinci turda qələbə qazana bilməyib, hətta əsas müxalifətçi opponentinə məğlub olmaqdan kiçik faizlə qutulub – Zurabişvili və Vaşadzenin nəticələri arasındakı fərq 1 faizdən azdır (Zurabişvili – 38,64 faiz, Vaşadze – 37,74faiz).
Politoloqlar prezident seçkilərinin nəticələrini necə dəyərləndirir?
__________
Qiya Nodia – politoloq Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun rəhbəri
Seçkinin əsas nəticəsi nədən ibarətdir?
Birincisi, təsdiqləndi ki, hakimiyyəti seçki vasitəsilə məğlub etmək mümkündür. Gürcüstanda hakimiyyətin gücü əsasən öz məğlub edilməzliyi haqda xülyaya dirənir. Seçkidə hələ tam qələbə qazanılmayıb, amma hakimiyyət artıq uduzub. Əgər müxalifət işi qələbə sonluğuna doğru aparıb çıxara bilməsə, bu, istisnasız onun öz günahı olacaq.
İkincisi, “üçüncü qüvvə” fetişi, yəni “üçüncü qüvvə” formalaşmasa “Gürcü arzusu”nu məğlub etmək mümkün olmayacağı haqda oturuşmuş fikir süqut etdi. “Milli Hərəkat” sıralarından çıxmış üç namizəd ümumilikdə səslərin 50 faizini topladı. (Əlbəttə, bu o demək deyil ki, bu üç qüvvə birləşdiyi təqdirdə hakimiyyətin namizədinə ilk turda qalib gələ bilərdi, belə olmur).
Hakimiyyət niyə uduzdu?
Baş verənlərə hakimiyyətin mövqeyindən baxsaq, məğlubiyyətin səbəblərindən biri Bidzina İvanişvilinin qərarı oldu. O öz seçimini tamamən qeyri-adekvat namizəd üzərində saxladı, üstəlik partiyasının istəyinə zidd olaraq. Bundan sonra onun tərəfdarlarının öz liderinə inamı sarsılmış ola bilər. Belə çıxır ki, Zakaria Kutsnaşvili haqlı idi [Salome Zurabişvilinin namizədliyinə qarşı çıxan çoxluğu təmsil edən deputat — JAMnews], Bidzina isə yanıldı.
• Gürcüstanda prezident seçkiləri haqda ən vacib məlumatlar
• Salome Zurabişvili kimdir – Gürcüstanın iqtidar partiyasının ilk ciddi məğlubiyyəti
• Gürcüstanda prezident seçkiləridir. Siyasətçilər seçki məntəqələrində. Foto və video
• Gürcüstanı idarə edən şəxs nələr dedi?
Müxalifət seçkiləri udub, ya yox? Əlbəttə ki. Bu çox mühüm qələbədir
Əlbəttə, bu Mixail Saakaşvilinin mühüm şəxsi qələbəsidir – Qriqol Vaşadze onun təyin etdiyi adamdır. Gürcüstanın siyasi mədəniyyətinin dəyişmədiyi təsqdiqləndi – etiraz səsləri ən radikal müxalifətin tərəfinə keçir. “Rustavi-2” telekanalı öz növbəsində yəqin ki, həlledici rol oynadı.
Proqnoz
Müxalifətçi prezidentin hakimiyyətə gəlməsi hələ hakimiyyət dəyişikliyi demək deyil – hər şey parlament seçkilərində həll olacaq [parlament seçkiləri 2020-ci ildə baş tutacaq — JAMnews].Müxalifət həmin seçkilərdə də qələbə qazanmağa qadirdir, amma bu başqa seçkilərdir. Düşünürəm ki, “Milli Hərəkat” öz qüvvəsi ilə qələbə qazana biləcək. Hazırkı ikinci tur növbəti parlament seçkilərində uğura nail olmaq üçün müxalifətin əməkdaşlığı yönündə yaxşı məktəb olacaq.
____________
Zaal Andronikaşvili – publisist, İliya adına Universitetin professoru
Seçki nə göstərdi?
İki əsas tendensiya özünü biruzə verdi.
Birincisi, birbaşa ümumxalq seçkilərini saxlamaq lazımdır. Baş tutmuş seçki bütün mahiyyətilə prezidenti hansısa qeyri-şəffaf kollegiyanın yox, xalqın seçməsinin nə qədər vacib olduğunu nümayiş etdirdi. Demokratik institutların hələ də zəif olduğu bir ölkədə seçki çox vaxt seçicilərin birpartiyalı (və ya bir şəxsin) idarəetməyə qarşı iradəsini ifadə edə biləcəyi yeganə alət olaraq qalır. [Konstitusiya düzəlişlərinə əsasən, bu, əhalinin prezidenti birbaşa səsvermə ilə seçdiyi son prezident seçkisidir. 2023-cü ildə prezidenti xüsusi kollegiya seçəcək — JAMnews].
İkinci tendensiya – əhali yenə də “əleyhinə” səs verir. Gürcüstanlı seçicilərin əksəriyyəti onların maraqlarını müdafiə edəcək partiya və namizədlərə sahib deyil. Belə seçicilər etiraz səsverməsi ilə birpartiyalı idarəetməni (hansı ki, gec, ya tez tiranlıq yoluna qədəm qoyur) balanslaşdırmalıdır. Bu halda nə partiya proqramı, nə də siyasətçilərin şəxsiyyəti məna kəsb etmir – bu, qəza rejimidir, bu zaman seçicinin vəzifəsi demokratik minimumu qorumaqdan ibarətdir.
Gürcüstanlı seçicilərin azı 60 faizi siyasi nümayəndəyə sahib deyil və öz etiraz səsini verməlidir, ya da öz mənafeyi üçün hökuməti “cəzalandırmalıdır”.
2012-ci ildə seçicilər “Vahid Milli Hərəkatı” cəzalandırdı, indi isə “Gürcü arzusu”nu cəzalandırır.