Gürcüstan prezidentini seçir - son dəfə ümumxalq səsverməsi ilə
Oktyabrın 28-də Gürcüstan prezidentini seçir.
55-i xaricdə olmaqla 3703 seçki məntəqəsi 8.00-da açılacaq.
Gürcüstanda ümumilikdə 3 milyon 518 min 877 seçici var.
Seçki məntəqələri 8.00-da açılıb, 20.00-da bağlanacaq.
Gürcüstan parlament respublikasıdır və buna görə də, prezidentin səlahiyyətləri baş nazirinkindən azdır. Amma bununla belə prezident mühüm siyasi yükü olan fiqur olaraq qalır. Bundan başqa, hardasa iki il ərzində ölkə yeni parlamentini seçəcək – prezident seçkiləri bir çox anlamda parlament seçkilərinin taleyini müəyyən edəcək və yaxınlaşan parlament seçkilərində siyasi qüvvələrin imkanlarımı ortaya çıxaracaq.
Siyasi şərhçilər bildirirlər ki, əgər hakimiyyətyönlü namizəd prezident seçkilərində qələbə qazana bilməsə və ya ikinci tur təyin olunsa, bu, hakimiyyətə əhalinin “Gürcü arzusu” iqtidarının fəaliyyətindən narazı olduğu haqda aydın mesaj olacaq.
JAMnews diqqəti Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı ən vacib faktlara cəmləyir.
______________
Ümumi faktlar
• Gürcüstan bu gün beşinci prezidentini seçir.
• Müstəqil Gürcüstanın tarixində bu, sayca yeddinci prezident seçkiləridir.
• Redaktə olunmuş Konstitusiyaya əsasən, Gürcüstanda prezident ilk dəfə 6 il müddətinə seçiləcək (indiyə qədər prezident 5 il müddətinə seçilirdi).
• Həmçinin Konstitusiyaya edilən dəyişikliklərə əsasən, bu, ümumxalq səsverməsi ilə keçirilən son prezident seçkisi olacaq. Nəticədə prezident seçkisi birbaşa sxem üzrə keçirilməyəcək, onu seçki kollegiyası seçəcək.
• Gürcüstanın tarixində prezident seçkisi heç vaxt iki turda keçirilməyib. Qalib həmişə ilk turda müəyyən olub.
• Gürcüstanın beşinci prezidentinin səlahiyyətləri əvvəlki prezidentlərdən daha az olacaq.
• Prezident seçkilərini 22904 seçki subyekti nümayəndəsi, 73 yerli və 58 beynəlxalq müşahidə təşkilatı monitorinq edir. 1163 müşahidəçi seçkidə iştirak edir.
Gələcək prezidentin səlahiyyətləri:
√ məhkumları əfv edə bilər;
√ Gürcüstan vətəndaşlığı təqdim edə bilər;
√ Gürcüstanı beynəlxalq arenada təmsil edə bilər, amma atacağı bütün addımları hökumətlə razılaşdırmalıdır;
√ baş nazir və Baş Ədliyyə Şurasının üzvlərinin təyinatını formal olaraq imzalayır;
√ qanunla müəyyən edilmiş müddətdə yerli seçkiləri, parlament seçkilərini, həmçinin növbədənkənar seçkiləri təyin edir;
√ mükafat təyin və təqdim edir;
√ prezidenti həbs etmək, cinayət məsuliyyətinə cəlb etmək olmaz;
√ prezidentin impiçment məsələsini parlament deputatlarının üçdə biri qaldıra bilər;
Prezidentliyə üç əsas namizəd haqda qısaca
• Seçkidə 25 namizəd iştirak edir. Onlardan 19-u siyasi partiyalar, 6 nəfəri isə təşəbbüs qrupları tərəfindən təqdim olunub.
• Bu, Gürüstan tarixində iqtidar partiyasının prezidentliyə öz namizədini irəli sürmədiyi ilk seçkidir. Hakim “Gürcü arzusu” partiyası müstəqil namizədi dəstəkləyir.
• Üç ən reytinqli namizəd: iqtidar partiyasının dəstəklədiyi müstəqil namizəd – Salome Zurabişvili; “Birləşmiş müxalifətin” (burada əsas qüvvə Mixail Saakaşvilinin “Milli Hərəkatıdır”) namizədi Qriqol Vaşadze; müxalif “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze.
• Əgər seçkilərdə Salome Zurabişvili qələbə qazansa, Gürcüstan tarixində ilk qadın prezident olacaq.
Salome Zurabişvili, №48. Hakimiyyətin dəstəklədiyi namizəd
Mixail Saakaşvili zamanında, 2005-ci ildə o, xarici işlər naziri olub. 2005-ci ildən sonra Saakaşviliyə qarşı müxalif mövqeyə keçib, amma partiyası heç vaxt yüksək reytinqə sahib olmayıb.
Onu prezidentliyə namizəd olaraq şəxsən Bidzina İvanişvili seçib. O, hakim “Gürcü arzusu” partiyasının üzvü deyil, amma hakimiyyətin bütün inzibati resursu seçki kampaniyası dövründə onun üçün işləyib. Məsələn, ötən istirahət günləri “Gürcü arzusu” İdman Sarayında Zurabişviliyə dəstək olaraq möhtəşəm qurultay keçirib.
Hökumət tam tərkiblə, deputatlar və partiya fəalları tədbirdə iştirak edib. Baxmayaraq ki, hakimiyyət nümayəndələri Zurabişvilinin “partiyaüstü namizəd” olduğunu təkrarlamaqdan yorulmurlar. Seçki kampaniyası dövründə Zurabişvili bir neçə qalmaqallı bəyənat səsləndirib. Məsələn, o bildirib ki, 2008-ci ilin avqustunda müharibəni Gürcüstan təhrik edib.
Bu bəyanat onun nəinki siyasi opponentlərinin, hətta “Gürcü arzusu”na kifayət qədər loyal olan şəxslərin iştirakı ilə misilsiz anti-kampaniyaya səbəb olub.
Qriqol Vaşadze, №5. “Birləşmiş müxalifətin” namizədi.
Mixail Saakaşvilinin keçmiş iqtidar partiyası 10 xırda müxalif partiyanın daxil olduğu seçkiqabağı koalisiya yaradıb. Alyansa “Güc birlikdədir” adı verilib və prezidentliyə Qriqol Vaşadzenin namizədliyi irəli sürülüb.
Həmçinin oxuyun: Gürcüstanı idarə edən adam nə dedi? Bidzina İvanişvilinin müsahibəsinin təfərrüatları
Vaşadze təcrübəli diplomatdır, Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan XİN-ə rəhbərlik edib (2008-ci ilin dekabrından 2012-ci ilin oktyabrına qədər).
Vaşadzenin diplomatik karyerası Rusiya ilə bağlıdır. Uzun illər o, Moskvada yaşayıb və Rusiya vətəndaşlığından yalnız 2008-ci ildə imtina edib. Onun xarici siyasət yönündə orientasiyası Avropaya istiqamətlənib. Vaşadze məşhur prima-balerina Nino Ananiaşvilinin həyat yoldaşıdır. Ananiaşvili onun seçki kampaniyasında fəal iştirak edib.
David Bakradze, №2. “Avropa Gürcüstanı”nın namizədi.
Avropa Gürcüstanı (2016-cı ildə öz partiyalarını yaratmış Saakaşvilinin keçmiş silahdaşları) prezident seçkisində parlamentin eks-spikeri David Bakradzenin namizədliyini irəli sürüb.
Sosioloji sorğuların demək olar ki, hamısının nəticəsi Bakradzenin yüksək etibar sahibi olduğunu təsdiqləyir. O, artıq 2013-cü ildə “Milli Hərəkat”ın namizədi olaraq prezident seçkisində iştirak edib. O zaman o, 21,73 faiz səs toplamışdı.
Seçkiqabağı kampaniya
• Əgər ikinci tura ehtiyac qalmasa, artıq noyabrın 18-də Gürcüstanın seçilmiş prezidentinin inauqurasiyası baş tutacaq. Həmin gün o, millət və Yaradan qarşısında and içəcək.
•Demək olar ki, bütün müşahidəçilər və jurnalistlər hazırkı kampaniyanın son illər ərzində ən ağır və qalmaqallı olduğunu etiraf edirlər – rəsmən gizli səs yazıları və kompromatların müharibəsi baş verdi. Seçkilərə bir neçə gün qalmış “Gürcü arzusu”nu təmsil edən yüksək vəzifəli şəxslərin insan oğurluğu və işgəncələr, səs-küylü işlərin şahidlərinə təzyiq haqda danışdıqları, biznesmenlərin hakimiyyət tərəfindən reketə məruz qalmaqlarından şikayət etdikləri səs yazıları yayıldı. Və bütün bunlarda şəxsən Bidzina İvanişvilinin adı hallanırdı.
Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, bu səs yazılarından heç biri həqiqi deyil, onlar bütün ittihamları rədd edirlər. KİV-də həmçinin “Gürcü arzusu” nümayəndələrinin lüks evləri haqda məlumat da dərc olunub.
Həmçinin oxuyun: Siyasi art – Gürcüstan prezidentliyinə namizədlərin plakatları
• Hazırkı seçkiqabağı kampaniyanın digər özünəməxsusluğu yalnız müxalifətin deyil, hətta bəzi hakimiyyət dəstəkçilərinin də hakimiyyətyönlü namizədə qarşı çıxmasıdır. Zurabişviliyə qarşı irimiqyaslı kampaniyanın səbəbi onun 2008-ci il avqust müharibəsi ilə bağlı söylədikləri olub.
Son aylarda Facebook-un Gürcüstan seqmentində tez-tez Gürcüstan vətəndaşlarını Salome Zurabişviliyə səs verməməyə çağıran statuslar görmək mümkündü. Avatarlara isə çoxları “Müharibəni Rusiya başladıb” yazısı ilə Zurabişvilinin qırmızı çarpaz xətlənmiş fotosunu qoyurdu.