Nobel mükafatı nüvə silahları əleyhinə hərəkata təqdim olundu
Dekabrın 10-da Norveçin paytaxtı Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi baş tutub. Bu mükafata ICAN nüvə silahlarının məhvi uğrunda beynəlxalq kampaniya layiq görülüb, CNN məlumat verir.
Mükafat “nüvə silahı istifadəsinin yol açdığı humanitar fəlakətlərə diqqət cəlb etdiklərinə” görə bu kampaniyaya təqdim edilib.
ICAN kampaniyanın əsas nailiyyətlərindən biri nüvə silahının qadağan edilməsi haqda saziş hesab olunur. 2017-ci il iyulun 7-də bu saziş BMT üzvü olan ölkələr arasında qəbul edilib. Qanun 50 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Nüvə silahına malik olan ölkələr bu məsələdə beynəlxalq aləmi dəstəkləmir. Arsenalında bütün digər ölkələrdən daha çox nüvə başlığı mövcud olan Rusiya və ABŞ nüvə silahının qadağan edilməsi haqda qanun layihəsinin hazırlanmasında iştirak etməyiblər.
Nobel mükafatı təqdim olunan zaman ICAN kampaniyasından səhnəyə icraçı direktor Beatris Fin və 1945-ci ildə Xirosima atom bombardmanının qurbanı olmuş 85 yaşlı yapon qadın Setsuko Terlou çıxıb. ICAN-ın səylərinə rəğmən nüvə təhlükəsi heç səngimir. Bir neçə ay əvvəl Şimali Koreya öz istehsalı olan nüvə başlığı daşımağa qadir qitələrarası raketinin sınağını keçirib.