Aprelin 21-də kimin Ukrayna prezidenti olacağı bilinəcək - komik aktyor, yoxsa hazırkı dövlət başçısı
Aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Seçicilər hazırkı prezident Pyotr Poroşenko və siyasətdə təcrübəsi olmayan aktyor Vladimir Zelenski arasında seçim etməli olacaq. Proqnozlara görə, Zelenskinin qələbəsi daha mümkün görünür – seçimini müəyyən etmiş seçicilərin 73 faizi ona səs verməyə hazırdır ; Poroşenkoya isə 27 faiz səs vermək niyyətindədir. Aprelin 19-da axşam Kiyevdə Olimpiya stadionunda iki namizəd arasında debat keçiriləcək. Debatın tarixi və yeri ilə bağlı uzun mübahisələr getmişdi. Amma Poroşenko və Zelenski razılığa gələ bilib.
• ABŞ-da seçkilər: seçicilər yeni nəsil siyasətçiləri dəstəkləyir və Trampın əleyhinədir
• Ukrayna və Rusiya: müharibədə rəqib, yoxsa ticarətdə tərəfdaş?
Vladimir Zelenski kimdir?
Vladimir Zelenskinin 41 yaşı var, şou-biznesdə xeyli təcrübəsi olsa da, siyasətdə tamam naşıdır.
Zelenskinin birinci turdakı uğuru heç kimdə şübhə doğurmurdu. İndi isə onun ikinci turda qələbəsini çox mümkün hesab etmək olar. Ekspertlər bildirirlər ki, buna olsa-olsa yalnız elektoratın passivliyi mane ola bilər.
Ukraynanın mümkün gələcək prezidenti ən çox “Xalq qulluqçusu” teleserialından tanınır. Bu seriala indiyə qədər Ukraynanın 20 milyon sakini baxıb. Zelenski orada taleyin hökmü ilə prezident seçilən tarix müəllimi Vasili Qoloborodkonu oynayır. Serialın nümayiş haqqını Netflix şirkəti artıq alıb.
Zelenski həmçinin Ukrayna tele-məkanında ən baxımlı, milyonlarla tamaşaçı toplayan “Axşam məhəlləsi” və “Kiyev axşamı” tele-şoularındakı iştirakı ilə də məşhurlaşıb.
Oliqarxla əlaqəsi və Rusiya pulları
Çoxları hesab edir ki, Zelenskinin namizədliyinin arxasında ukraynalı oliqarx İqor Kolomoyski dayanır. Onun opponenti Pyotr Poroşenko bildirir ki, Zelenski seçilərsə, oliqarxın tapşırığı ilə hərəkət edəcək, Zelenski isə bunu inkar edir.
Kampaniya gedişatında “Kvartal 95” studiyası çox fəallaşıb – Zelenski studiyanın həmtəsisçisidir. Studiyanın istehsal etdiyi şou Kolomoyskinin sahibi olduğu “1+1” kanalında efirə çıxır.
Reuters agentliyi prezidentliyə namizədlə oliqarx arasındakı əlaqələrlə bağlı araşdırma aparıb, nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarını tədqiq edərək aydınlaşdırıb ki, seçki marafonunun lideri ilə milyarder arasında ümumi çox şey var.
Zelenski və Kolomoyskinin üçuçi işgüzar tərəfdaşları var; Zelenskinin mühafizəsindəki insanlar daha əvvəl Kolomoyskini mühafizə edib; Kolomoyskinin keçmiş müşaviri Zelenskinin qərargahında çalışır; prezidentliyə namizəd və onun ətrafı Kolomoyski ilə əlaqədar olan insanlara və ya strukturlara məxsus minimum iki avtomobildən istifadə edir. Amma Reuters vurğulayır ki, “bu dəlillərdən heç biri Kolomoyskinin Zelenskinin seçkiqabağı kampaniyasını maliyyələşdirdiyini və ya ona təsir göstərdiyini sübut etmir” .
Zelenskinin Rusiya kino şirkətlərinin kapitalında iştirakı ilə bağlı da ona qarşı ittihamlar irəli sürülmüşdü. Həmçinin jurnalistlər müəyyən ediblər ki, onun İtaliyanın varlı rusiyalılar arasına populyar olan Forte-dey-Marmi şəhərində deklarasiyadan kənar villası var.
İnformatika: namizədlərin Ukraynanın əsas problemlərinə dair vədləri:
Müharibə, NATO və Rusiya
Amma bu ittihamlar, deyəsən, seçki marafonunun liderinin nüfuzuna çox da təsir etməyib.
Prezidentliyə ən real namizəd olaraq, o, teleserialdakı sadə məktəb müəllimi obrazını da saxlamaqdadır – sanki çirkli siyasət dünyasından uzaq insandır və bunu etiraf etməkdən çəkinmir.
Zelenski ölkə qarşısında duran mürəkkəb suallara cavabının olmadığını gizlətmir. Məsələn, namizədin Ukraynanın şərqindəki müharibəni qısa zamanda bitirməyə dair planı yoxdur. NATO-ya daxil olmaq məsələsini o, ümumukrayna referendumunda çözməyi təklif edir. Rusiyaya gəlincə isə, Zelenski hesab edir ki, bu ölkə mütləq Ukraynaya son illərdə vurduğu ziyanın əvəzini ödəməlidir:
“Əgər mən cənab Putinlə görüşsəm, ona deyəcəm: nəhayət ki, ərazilərimizi qaytardınız, ərazilərimizi əlimizdən aldığınız, Krım və Donbasın ilhaqında iştirak edən insanlara yardım etdiyiniz, onlara bu qorxunc, qəddar, iyrənc yolda dəstək olduğunuz üçün nə qədər kompensasiya ödəməyə hazırsız”, – Zelenski “Hromadske”nin sualını cavablayarkən bildirib .
Pyotr Poroşenko – seçki marafonunun ikinci lideridir
Poroşenko Ukraynanın ən zəngin insanlarından biridir. Varidatının mənbəyi şirniyyat məhsullarının istehsalı üzrə biznesdir.
2019-cu ilin fevralında “Bihus. Info” nəşrinin jurnalistləri müdafiə kompleksində korrupsiya sxeminin üstünü açıblar. Sxemdə iştirak edənlər sırasında prezidentin yaxın dostunun – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleq Qladkovskinin oğlu da var. Poroşenko Qladkovskini işdən çıxarıb və “rezonanslı məqalələri” araşdırmağa çağırıb.
Poroşenkonun kampaniyası onun dövründə ordunun döyüş qabiliyyətinin yüksəlməsi, Avropa İttifaqı ilə vizasız rejim haqda sazişin imzalanması, Ukrayna Pravoslav Kilsəsinin muxtariyyət əldə etməsi təşkil edir.
Poroşenkonun əleyhdarları onu hər şeydən əvvəl korrupsiyanın öhdəsindən gəlməməkdə qınayırlar.
Poroşenko namizədlərin antireytinqinin başında yer alıb – sorğuda iştirak edənlərin yarısı heç bir halda hazırkı prezidentə səs verməyəcəyini bildirib.
Qərbdə nə deyirlər?
Hazırkı prezident Pyotr Poroşenkonun Qərb isteblişmenti ilə çox yaxşı münasibətləri var. Ukraynanın müstəqil “Hromadske” telekanalının şərhçiləri hesab edir ki, Avropa İttifaqı hazırkı mərhələdə “oyunçu dəyişdirmək” istəməz, buna görə də Zelenskiyə bir qədər ehtiyatla yanaşırlar.
Amma birinci turun nəticələri, əsasən də Zelenskinin Ukrayna regionlarının əksəriyyətində üstünlüyü ələ alması, hərbçilər arasında isə hazırkı prezident qədər dəstəyə nail olması Qərbi qarşılarındakı namizədin ciddiliyini anlamağa məcbur edib.
Qərbli şərhçilər Ukraynada səsvermə nəticələrini ümumdünya tendensiyasının bir hissəsi kimi dəyərləndirirlər.
“Zelenskinin yüksəlişi büyün dünyada seçicilərin status-kvonu dəyişdikləri tendensiyası ilə üst-üstə düşüb. Hakimiyyətə yüksək təbəqəyə qarşı çıxan qüvvələr gəlir – ABŞ prezidenti Donald Tramp və İtaliyanın “5 ulduz” hərəkatı kimi”, – Reuters prezident seçkilərinin ilk turundan dərhal sonra yazmışdı.
Gələcək prezident qarşısında duran əsas məsələ Rusiya ilə münaqişədir. Sərmayəçilər üçün də növbəti prezidentin ölkədə lazımı islahatlar aparması vacibdir, – Reuters ekspertləri hesab edir.
“Ukraynada problemli olsa da, əsl demokratiya işə düçüb – ola bilər ki, bu seçkilərin əsas aspektidir”, – Amerikanın The New York Times nəşri yazır. – “Qonşu Rusiya və Belarusdakı “potyomkin” seçkilərindən fərqli olaraq Ukraynada rəqabət seçicilərə nəticələri öncədən bəlli olmayan real seçim imkanı verdi”.