Ukraynanın Qərb tərəfdaşları ehtiyatlanırlar ki, kimin prezident seçilməyindən asılı olmayaraq ölkədə islahatların sürətlənməsini gözləmək çətindir" />

Komik aktyor Ukrayna prezidenti ola bilər: 31 mart seçkiləri haqda təfərrüatlar

Ukraynanın Qərb tərəfdaşları ehtiyatlanırlar ki, kimin prezident seçilməyindən asılı olmayaraq ölkədə islahatların sürətlənməsini gözləmək çətindir

Ukraynada prezident seçkiləri martın 31-də, kifayət qədər ekstremal vəziyyətdə keçiriləcək.

2013-cü ildən Şərqi Ukraynada Rusiyanın dəstəklədiyi tanınmamış Donetsk və Luqansk respublikaları ətrafında silahlı münaqişə gedir. Ukraynada korrupsiya bir çox yerli və beynəlxalq şərhçilərin böhran həddi hesab etdiyi səviyyəyə çatıb.

Bu seçkilərdə rekord sayda şəxs – 43 nəfər namizədliyini irəli sürüb. Amma real namizədlər üç nəfər hesab olunur:

  • Hazırkı prezident Pyotr Poroşenko, Ukraynada hamının “Şokolad kralı” adlandırdığı şokolad imperiyası olan milyarder;
  • Müxalifət lideri Yuliya Timoşenko – uzun illər Rusiya ilə qaz transferi və ticarəti üzrə layihələrə fəal şəkildə daxil olub, az əvvələ qədər onun da ləqəbi vardı – “Qaz şahzadəsi”
  • Heç bir siyasi təcrübəsi olmayan komik aktyor, televiziyada şou aparıcısı Vladimir Zelenski.

Bu kontekstdə Ukraynanın Qərb tərəfdaşları qorxurlar ki, seçki nəticəsində prezident kürsüsündə kimin oturacağından asılı olmayaraq, yeni prezident böyük ehtimalla ölkədə Qərbin beş il müddətində dəstəklədiyi islahatları sürətləndirə bilməyəcək.

“Onların hər birinin öz ciddi çatışmazlığı var. Bircə nəfər də yoxdur ki, ürəklə dəstəkləyəsən”, – adının açıqlanmasını istəməyən qərbli diplomat Reuters-ə bildirib. 

Namizədlərin real qələbə şansı olan ilk üçlüyü haqda qısaca.

Vladimir Zelenski

Vladimir Zelenski. REUTERS/Valentin Oqirenko

Şoumen, artist və komik Vladimir Zelenski – onun 41 yaşı var və hazırda o, heç şübhəsiz seçkiqabağı marafonun lideridir: sosioloji sorğulara əsasən, seçicilərin 32,1 faizi ona səs verməyə hazırdır.

Zelenski Ukraynada “Xalq qulluqçusu” serialında oynadığı baş rolla (prezident) məşhurlaşıb. Daha əvvəl o, heç vaxt siyasi həyatda iştirak etməyib, dövlət qulluğunda çalışmayıb.

2019-cu ilin yanvarında dərc olunan jurnalist araşdırmasında Zelenskinin Rusiyada üç şirkətə sahib olduğunun sübutları yer almışdı. Amma çox qəribə olsa da, sosioloqların fikrincə, bu informasiya Zelenskinin xeyrinə işləyib. 

Bu namizədin əsas şüarları – korrupsiya  və oliqarxlarla mübarizə, həmçinin Rusiya ilə beynəlxalq vasitəçilərin köməyi və danışıqlar yolu ilə münasibətlərin nizamlanması.

Onun yüksək reytinqinin əsas səbəblərindən biri kimi ölkədəki etiraz əhvalının yüksəkliyi və siyasətdə yeni simalara yaranan ehtiyac göstərilir. Vladimir Zelenskini ilk növbədə gənclər və Ukraynanın rusdilli vilayətlərinin sakinləri dəstəkləyir.

Pyotr Poroşenko

Pyotr Poroşenko. REUTERS/Qleb Qaraniç

Hazırkı prezident 52 yaşlı Pyotr Poroşenko görünür ki, potensial qaliblər siyahısında ikincidir – sosioloji sorğuya əsasən, hazırda seçicilərin 17,1 faizi ona səs verməyə hazırdır.

Poroşenko Ukraynanın ən zəngin insanlarından biridir. Varidatının mənbəyi şirniyyat məhsullarının istehsalı üzrə biznesdir.

2019-cu ilin fevralında “Bihus. Info” nəşrinin jurnalistləri müdafiə kompleksində korrupsiya sxeminin üstünü açıblar. Sxemdə iştirak edənlər sırasında prezidentin yaxın dostunun – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleq Qladkovskinin oğlu da var. Poroşenko Qladkovskini işdən çıxarıb və “rezonanslı məqalələri” araşdırmağa çağırıb.

Poroşenkonun kampaniyası onun dövründə ordunun döyüş qabiliyyətinin yüksəlməsi, Avropa İttifaqı ilə vizasız rejim haqda sazişin imzalanması, Ukrayna Pravoslav Kilsəsinin muxtariyyət əldə etməsi təşkil edir.

Poroşenkonun əleyhdarları onu hər şeydən əvvəl korrupsiyanın öhdəsindən gəlməməkdə qınayırlar.

Sorğu nəticələrinə inansaq, Poroşenkonun ikinci tura çıxmaq şansı yüksəkdir. Amma Poroşenko həmçinin namizədlərin antireytinqinin də başında yer alıb – sorğuda iştirak edənlərin yarısı heç bir halda hazırkı prezidentə səs verməyəcəyini bildirib.

Yuliya Timoşenko

Yuliya Timoşenko

Sosioloji sorğuya əsasən, hazırda Yuliya Timoşenkoya seçicilərin 12,5 faizi səs vermək niyyətindədir.

Onun 58 yaşı var, iki dəfə baş nazir vəzifəsində olub, “Batkivşina” partiyasının lideridir və üçüncü dəfədir ki, prezidentliyə namizədliyini irəli sürüb. Timoşenko prezident Yanukoviç dövründə korrupsiya ittihamı ilə məhbus həyatı yaşayıb.

Yuliya Timoşenkonun “Batkivşina” partiyasının adı da  “Bihus. Info”nun araşdırmasında hallanır – orada partiyanın saxta maliyyələşdirmə sxemi haqda danışılır. Araşdırmada deyilir ki, guya Ukrayna vətəndaşları Timoşenkonun partiyasına milyonlarla vəsait ianə edir, amma çoxları bundan xəbərsizdir və ya ümumiyyətlə elə bir vəsaitləri yoxdur.    

Martın 13-də məhkəmə Təhlükəsizlik Xidmətinə çirkli pulların yuyulması işi üzrə partiyanın hesablarını yoxlamaq icazəsi verib.

Amma sosioloqlar bununla belə Timoşenkonun seçicilərinin “stabilliyi”ni – yəni məhz bu namizədə səs verməyə hazır olduğunu qeyd ediblər.

Proqnoz

Ukrayna qanunlarına əsasən, əgər ilk turda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmirsə, ikinci tur təyin edilir.

Hazırda bu, hadisələrin inkişafı ilə bağlı ən mümkün ssenaridir.

Ekspertlər hesab edirlər ki, bu ana olan informasiyadan çıxış edərək ikinci tura prezident Poroşenko və aktyor Zelenskinin çıxacağı çox mümkün görünür.

Bu zaman Timoşenko və digər namizədlərin seçicilərinin necə səs verəcəyini kimsə proqnozlaşdırmağa cəsarət etmir.

Facebook Comments

More on JAMnews