NATO-nun Ukraynaya dərhal kömək etmək üçün ata biləcəyi 5 addım
NATO Ukraynaya necə kömək edə bilər? Foreign Policy-də David A. Deptula, Marc R. DeVore, Emma Salisbury və Michael Hunzekerin məqaləsinin xülasəsi
Rusiyanın Ukraynadakı amansız müharibəsi Qərb siyasətçiləri üçün dilemma təşkil edir. Birbaşa hərbi müdaxilə, xüsusilə NATO üzvləri üçün, qəbuledilməz eskalasiya ilə nəticələnəcək. Lakin Rusiyanın təcavüzünə görə cəzasız qalmağının bütün Avropa təhlükəsizliyi üçün uzunmüddətli dağıdıcı nəticələri olacaq.
Görünməmiş iqtisadi sanksiyalar prezident Putini dayandıra bilməyib. Ukraynanı məğlubiyyətdən saxlayacaq, Rusiyanı hərbi xərclərini artırmağa məcbur edəcək və sanksiyaların real təsirlərinin üzə çıxması üçün vaxt verəcək hərbi həll yoluna ehtiyac olduğu aydınlaşır.
Həm Ukraynada, həm də Qərbdə bir çox siyasətçi və hərbi zabitlər dəfələrlə bəyan ediblər ki, NATO Ukrayna üzərində uçuşa qadağa qoyulmasını təmin etməlidir. Amma bu, münaqişəni qızışdıracaq bir tədbirdir və çətin ki, nəticə versin.
Eyni zamanda NATO-nun başqa variantları da var.
Aşağıda NATO-nun Ukraynaya kömək edə biləcəyi beş alternativ tədbir var. Onlar inandırıcı tarixi presedentlərə və indiyədək Moskvanın bəyəndiyi metod hesab edilən “boz zona” taktikasına əsaslanır.
- Rusiyanın təcridi Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir edəcək? Azərbaycandan fikirlər
- Türkiyə Rusiyaya qarşı sanksiyaları niyə dəstəkləmədi? Bakıdan şərh
- Rikoşet effektli sanksiyalar: Ukraynadakı müharibənin Ermənistana ziyanı
1. Ukraynalı könüllülərə daşına bilən hava hücumundan müdafiə sistemlərini idarə etmək üçün təlim vermək
Ukrayna Qərb tərəfdaşlarından çox ehtiyac duyulan Javelin, Stinger və digər çiyindən buraxılan tank və zenit raketləri də daxil olmaqla silahlar alır.
Ancaq böyük problem Ukraynada bu silahları idarə etmək üçün kifayət qədər təlim keçmiş insanların olmamasıdır.
Həll yolu: Avropa və ABŞ-dakı ukraynalı mühacirlər vətənə döyüşmək üçün qayıtmaq istəyirlərsə, yola düşməzdən əvvəl Avropanın hərbi bazalarında müvafiq qısamüddətli intensiv təlim keçə bilərlər.
1973-cü ildə Yom Kippur Müharibəsi başlayanda İsrailin heç bir təkmil tank əleyhinə raketi yox idi.
İsrailin Vaşinqtondakı səfirliyi ABŞ universitetlərində təhsil alan israilli tələbələri səfərbər etmişdi. ABŞ ordusu onlar üçün sürətli təlim proqramı təşkil edib, daha sonra ABŞ Hərbi Hava Qüvvələri münaqişə zonasına həm insanları, həm də raketləri çatdırmışdı.
Nikel Grass adlandırılan bütün əməliyyat o qədər sürətlə həyata keçirilmişdi ki, yeni çağırışçılar iki həftə davam edən müharibədə fəal iştirak etməyə vaxt tapmışdılar.
2. Müstəqil haker qruplarını təşviq etmək
Anonymous da daxil olmaqla, müstəqil haker qrupları artıq müstəqil şəkildə Rusiya və Belarusa hücuma başlayıb, hökumət saytlarını və medianı sındırıb, məxfi sənədləri sızdırıb.
Bu kütləvi kiberhücumlar, şübhəsiz ki, öz rolunu oynayır. Bununla belə, onlar çətin ki, Rusiyanın hərbi səylərini əhəmiyyətli dərəcədə puça çıxarsınlar, çünki parçalanmış kiber fəallar birliyi tərəfindən həyata keçirilir.
NATO bu kiberhücumları koordinasiya etməyə başlamağın yollarını tapa bilər, lakin bunu birbaşa və açıq şəkildə etməməlidir.
Bir çox hakerlər, xüsusən də Anonymous kimi qruplarla əlaqəli olanlar hökumətə qətiyyən etibar etmirlər.
NATO hakerləri işə götürmək və onların əməliyyatlarına rəhbərlik etmək əvəzinə, qurama təşkilatlar vasitəsilə onlara xüsusi strateji əhəmiyyət kəsb edən kiber hədəfləri “təklif edə” bilər: Rusiyanın gizli dövlət qurumları, hərbi komponentlər istehsal edən şirkətlər, rus hakerləri üçün sipər təşkilatlar və “trol fabrikləri”.
3. Zərbə dronları ilə təmin etmək
Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələri Ukraynaya Rusiya quru qoşunlarına uğurla zərbə endirməyə imkan verən praktiki olaraq yeganə pilotsuz təyyarədir.
Rus zirehli qoşun kolonları on kilometrlərlə uzanarq hərəkət edir və son dərəcə zəif qısamənzilli hava hücumundan müdafiə sistemi ilə təchiz ediliblər.
Əgər Ukrayna onlar üçün çoxlu pilotsuz təyyarə və döyüş sursatları alsa, bu, vəziyyəti kökündən dəyişə bilər. Hədəflər təkcə kolonlar deyil, həm də Rusiya ordusunun Ukrayna ərazisində yaratdığı yanacaq və ya sursat anbarları ola bilər.
Azərbaycan ikinci Qarabağ müharibəsi zamanı Rusiya modeli ilə hərəkət edən Ermənistan ordusuna qarşı Bayraktar pilotsuz uçan aparatlarından uğurla istifadə edib. Pilotsuz təyyarələr qısa müddətdə xeyli sayda erməni hərbi texnikasını və konvoylarını məhv edərək, nəticədə əməliyyatları iflic vəziyyətinə salıb.
Bayraktar TB2-nin Ukraynaya çatdırılması əsas prioritet olmalıdır, çünki Ukrayna ordusu artıq onların istifadə qaydalarını yaxşı bilir.
Ancaq bu, yeganə seçim deyil. Amerikanın MQ-1 Predator və MQ-9 Reaper pilotsuz təyyarələri də ABŞ Dövlət Departamentinin öz ixrac məhdudiyyətlərini aradan qaldıracağı və bu cihazların birbaşa kommersiya satışına icazə verəcəyi təqdirdə Ukrayna üçün çox uyğun variantdır.
NATO Ukraynaya necə kömək edə bilər? Wing Loong kimi Çin istehsalı modelləri çatdırmaqla. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Nigeriya ABŞ Predatorlarını ixrac etməkdən imtina etdikdən sonra Wing Loong pilotsuz təyyarələri alıblar.
NATO Ukraynaya təhvil vermək üçün gizli şəkildə Wing Loong-u satın ala bilər və bunun müqabilində daha yaxşı Amerika və ya İsrail pilotsuz sistemləri təmin edəcəyinə söz verə bilər.
4. Məhv edilmiş Ukrayna qırıcılarını əvəzləmək
Ukrayna Hərbi Hava Qüvvələri müstəsna möhkəmlik nümayiş etdirib və Rusiyanı hava üstünlüyündən məhrum etməkdə davam edir. Lakin Ukrayna ciddi itkilər verir.
Açıq mənbə xəbərlərində deyilir ki, Ukrayna müharibənin əvvəlində malik olduğu 100-ə yaxın ekipajlı döyüş təyyarəsinin təxminən 10 faizini itirib.
Həmçinin, qırıcılar döyüşdə istifadə edildikdə, tez-tez və intensiv şəkildə uçduqda, xarab olur və diqqətli qulluq tələb edir.
Həmin 1973-cü ildəki Yom Kippur müharibəsi zamanı, bir həftəlik gərgin döyüşlərdən sonra bütün tərəflərin – İsrail, Misir və Suriyanın – təyyarələri tükəndi, lakin çoxlu ixtisaslı pilotlar sağ qaldı.
ABŞ və Varşava Müqaviləsi ölkələrinin anbarlarından qırıcıların təcili tədarükü müharibənin sonuna qədər hava qüvvələrinin döyüş hazırlığını qorudu.
Belə yanaşma Ukrayna Hərbi Hava Qüvvələrinin uçuşları davam etdirməyə və ukraynalı pilotların artıq idarə etməyi bacardığı təyyarələri tapmağa kömək edə bilər.
Məsələn, Polşada dərhal Ukraynaya təhvil verilə bilən 28 ədəd MiQ-29 döyüş təyyarəsi var. Bunlar köhnə təyyarələr olsa da, ukraynalı pilotlar onları necə idarə etməyi, ukraynalı mexaniklər isə onları necə təmir etməyi bilirlər.
Ukraynanı F-16 və ya NATO istehsalı olan digər təyyarələrlə təmin etmək isə ukraynalı pilotların və mexaniklərin uzunmüddətli təlim keçməsini tələb edəcək.
Bu yaxınlarda Polşa təyyarələrinin Ukraynaya göndərilməsi planı medianın diqqətini çəkdi və ABŞ tərəfindən bloklandı. Bununla belə, belə bir transfer hələ də gizli şəkildə həyata keçirilə bilər.
Polşa və Ukraynanın ümumi sərhədi var. Polşanın MiQ-29-larını Ukrayna yaxınlığındakı yollara köçürmək mümkün olardı və ukraynalılar daha sonra onları sadəcə olaraq sərhəddən keçirə bilərdilər.
ABŞ-ın 1940-cı ildə Kanada sərhədi boyunca təyyarələr yerləşdirərək Neytrallıq Aktından necə yayındığını, oradan da Kanadaya aparılıb Böyük Britaniyaya aparıldığını xatırlamaq olar.
5. Könüllü pilotları və yerüstü işçiləri işə götürmək
Ukrayna Hərbi Hava Qüvvələrinə təyyarələrlə yanaşı, pilotlar və quru personalı da lazımdır. Hər ikisinin təlimi çox vaxt aparır və işi yerli könüllülər asanlıqla öz öhdələrinə götürə bilməzlər.
NATO və digər Qərb hökumətləri hərbi pilotları birbaşa təmin edə bilməz. Lakin onlar Şərqi Avropadan olan könüllülərə kömək edə bilərlər.
Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsinə rəsmən daxil olmamışdan əvvəl, amerikalı pilotların Çin tərəfində Yaponiyaya qarşı müharibəyə qoşula bilməsi üçün bir sxem hazırladılar.
99 amerikalı pilot ABŞ ordusundan tərxis olundu və sonradan Uçan Pələnglər kimi tanınan Amerika könüllülər qrupuna qoşuldu. Onlar özəl şirkətdə işə götürülüb xaricə, oradan da Çinə getdilər.
Bu pilotlar Amerika və Çin pilotlarından daha çox maaş alırdılar. Onlara daha sonra ABŞ ordusuna qayıda biləcəkləri də söz verilmişdi.
Uçan Pələnglər nəticədə yaponların Birmaya irəliləməsinə mane oldu.
Analoji model Ukrayna üçün də işlək ola bilər.
Ukraynanın istifadə etdiyi təyyarələrə (məsələn, Bolqarıstan, Polşa və Slovakiyadan) oxşar təyyarələri idarə edən NATO ölkələrindən olan könüllü pilotlara və yerüstü heyətlərə məzuniyyət təklif oluna bilər.
Daha sonra onlar Ukrayna tərəfindən müqaviləli əsgər kimi işə götürülə bilərlər. Onlara Ukrayna pasportları və hərbi rütbələr veriləcək.
Rusiya bu müharibədə əcnəbilərə muzdlu kimi davranacağını bildirib. Amma bu pilotlar artıq əcnəbi olmayacaq.
Nəticə
Bu hərəkətlərin heç biri ayrı-ayrılıqda Ukraynanın hərbi məğlubiyyətə uğramayacağına zəmanət vermir. Amma hər biri eskalasiyaya səbəb ola bilər.
Bununla belə, eskalasiya tez-tez rəqibi kursunu dəyişməyə inandırmaq üçün zəruri addımdır.
Həm də özünüzü aldatmayın: Qərbin Ukraynanı dəstəkləmək üçün hansı addımlar atmasından asılı olmayaraq, eskalasiya riski var. Putin artıq göstərib ki, o, aqressiya üçün bəhanə uydurmağı bacarır. Bu məqalədə ifadə olunan fikirlər müəlliflərə məxsusdur və ABŞ və ya Böyük Britaniya hö
Bu məqalədə ifadə olunan fikirlər müəlliflərə məxsusdur və ABŞ və ya Böyük Britaniya hökumətlərinin heç birinin fikirlərini və ya mövqeyini təmsil etmir