Müxalifətçini əvvəlcə “mıxlamaqla” hədələdilər, sonra oğurlayıb, 30 sutka cəza verdilər
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da oğurlanıb, səhəri gün isə ona xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. Bundan az əvvəl onu hədələyib, partiya liderinə “mıxlamaqla” təhdid ediblər.
• Azərbaycanlı siyasi məhkumlar həbsxanadakı həyat haqda danışırlar
• Ermənistan həbsxanasından məktublar: şirin xəyalın acısı
Hadisələrin xronologiyası
Ruslan Əmirli parytiya sədri Əli Kərimlini könüllü əsasda mühafizə edən fəallardan biridir.
“Bir neçə gün əvvəl Fuad Muradov zəng edərək Ruslan bəyə deyib ki, onu 150 mm-lik mismarla mənə mismarlayacaq”, – Kərimli Facebook səhifəsində yazıb.
Sentyabrın 10-da səhər saatlarında partiyadaşları 7-8 nəfərin Ruslan Əmirlini küçədəcə tutaraq, naməlum istiqamətə apardığı haqda məlumat veriblər.
Sentyabrın 11-də günorta məlum olub ki, Əmirli gecəni polis şöbəsində keçirib, bu gün səhər isə məhkəməyə aparılıb.
Xalq Cəbhəsinin fəalları və jurnalistlər məhkəmə binasının yanında toplaşıblar, amma polis onları proses zalına buraxmayıb və qarşıdurma baş verib.
Nəticədə məhkəmə Ruslan Əmirlini xırda xuliqanlıq və polisə itaətsizlik ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib.
Rəsmi versiyaya görə, Əmirli “küçədə ünvansız şəkildə söyüş söyüb, polis əməkdaşları ona irad tutanda isə o, itaətsizlik göstərib”.
Əmirlinin özü bildirib ki, bacısının müalicə aldığı Milli Onkologiya Mərkəzinin binasından çıxdığı zaman mülki geyimli şəxslər səbəbsiz olaraq onu saxlayıblar.
AXCP-də bu həbsi siyasi motivli hesab edirlər.
Xalq Cəbhəsi və Azərbaycan hakimiyyəti
Azərbaycan Xalq Cəbhəsi Partiyası milli demokratik partiyadır, 1988-ci ildən mövcuddur.
Bu partiyanın hakimiyyətlə münasibətləri çox gərgindir. Yalnız 2019-cu ildə onlarla AXCP üzvü polisə itaətsizlik və xuliqanlıq ittihamı ilə həbs olunub.
Partiyanın bəzi üzvləri daha ciddi ittihamlarla cəzalarını bitirib həbsdən çıxıb və ya hələ də həbsxanada cəza çəkirlər.
• Azərbaycanlı vicdan məhbusu beş illik məhkumluqdan sonra azadlığa çıxıb
Bundan başqa, hakimiyyət mütəmadi olaraq AXCP-nin mitinq keçirmək istəyinə rədd cavabı verir, siyasi tədbirlərə dəvət etmir və ümumiyyətlə ölkənin siyasi həyatında iştirakına mane olur.