Azərbaycanda hələ də müxalif “ReAl” partiyası üzvünün parlamentdəki rolu ilə bağlı mübahisələr davam edir
Müxalif siyasətçi Erkin Qədirli Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) yeni nümayəndə heyətinin tərkibinə daxil olub. Sosial şəbəkələrdə mübahisələr gedir, bəziləri hesab edir ki, nümayəndə heyətinin tərkibinə daxil olandan sonra Respublikaçı Alternativ Partiyasını təmsil edən Qədirli hakimiyyətin tərəfində oynayacaq.
2020-ci ilin fevralında parlamentə deputat seçiləndən sonra bu, Erkin Qədirlinin ünvanına səslənən artıq ilk ittiham deyil.
Bu heyətin tərkibində əvvəl də müxalifətçilər olub, amma bir qayda olaraq “formal” müxalifətçilər – yəni hakimiyyətə tam loyal olanlar.
Parlamentdəki yeganə “yad”
2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub. Bir çox yerli və beynəlxalq müşahidəçilər, o cümlədən də AŞPA bu seçkiləri qeyri-demokratik hesab edib və çox sayda pozuntularla keçdiyini bildiriblər. Hətta bir neçə etiraz aksiyası da baş tutub. Amma seçkilərin nəticələri yenə də tanınıb.
Nəticədə yeni parlamentin tərkibinə “qüvvədə olan” müxalifətin yalnız bir nümayəndəsi – Erkin Qədirli daxil olub. Amma o da seçkiyə partiya sıralarından yox, müstəqil namizəd kimi qatılıb, çünki ReAl rəsmi qeydiyyatdan keçməyib.
Çoxları Qədirlinin saxtakarlıqlara etiraz əlaməti olaraq öz mandatından imtina etməsini tələb edirdi. Amma o, bunu etmədi və bununla da çoxlarını özünə qarşı köklədi.
- “Virusla sınaq” – Azərbaycan hakimiyyəti və cəmiyyəti bu sınaqdan necə çıxdı?
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı? Şərh
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
Reputasiya xilaskarı, yoxsa əlbir?
Azərbaycanın AŞPA-dakı hazırkı nümayəndə heyətinin tərkibinə yeni çağırış parlamentin 12 deputatı daxildir. Heyət rəhbəri isə 2010-cu ildən bəri dəyişməz olaraq Səməd Seyidovdur. Bu deputatların əksəriyyəti ya Yeni Azərbaycan Partiyasının təmsilçisi, ya da hakimiyyətə qarşı loyal şəxslərdir.
AŞPA iclaslarında Səməd Seyidov mütəmadi olaraq ölkədə siyasi məhbusların olduğunu inkar edir, qalan heyət üzvləri isə onu dəstəkləyirlər.
İndi bəzilərini bu vəziyyətdə Erkin Qədirlinin özünü necə aparacağı ilə bağlı sual düşündürür. Nəzərə alsaq ki, ReAl partiyasının lideri İlqar Məmmədov özü də keçmiş siyasi məhbusdur. O, saxta ittihamla beş ildən çox həbsdə qalıb, daha sonra şərti azadlığa buraxılıb və az əvvəl Azərbaycan hakimiyyəti Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin təzyiqi ilə Məmmədova bəraət verib və onun üzərindən məhkumluq götürülüb.
Qədirlinin özü nümayəndə heyətinin tərkibinə daxil edilməsini “yenilənmə” və “yumşalma” kimi izah edib.
“Düşünürəm ki, bu münasibətlərin [hakimiyyət və müxalifət arasında – red.] keyfiyyəti yaxşıya doğru dəyişə bilər”, – Qədirli müsahibəsində deyib.
İlqar Məmmədov güman edir ki, Erkin Qədirli seçkidə qələbəsi və nümayəndə heyətinin tərkibinə daxil olması ilə hakimiyyətin AŞPA-nın gözündən düşən nüfuzunu xeyli xilas edib.
Digər keçmiş siyasi məhbus, sol-radikal fəal Qiyas İbrahimov isə əksinə, hesab edir ki, hakimiyyət bundan sonra da Avropa Şurasının gözünə kül üfürmək üçün Erkin Qədirlidən istifadə edəcək.
Hamı mübahisə etdiyi müddətdə isə Qədirlinin AŞPA-nın mədəniyyət, elm, təhsil və media məsələləri üzrə komitəsinə daxil edildiyi məlum olub. Yəni siyasi məhbuslarla bağlı müzakirələrdə o, onsuz da iştirak etməyəcək.