Müsəlman Birliyi Hərəkatının lideri həbsxanada aclıq elan edib, vəkilini isə yanına buraxmırlar
Həbsxanada aclıq elan edən Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadənin vəkilini yanına buraxmırlar. Ailəsi onun taleyindən nigarandır. Bu haqda Kavkazskiy uzel Bağırzadənin həyat yoldaşına istinadən yazır.
• Azərbaycanda müsəlman qadınlar diskriminasiyadan şikayətlənir
• Azərbaycanda din təqib olunurmu?
Taleh Bağırzadə niyə həbs olunub?
2015-ci ilin noyabrında Bakının xüsusi dindarlığı ilə seçilən Nardaran qəsəbəsində güc strukturları xüsusi əməliyyat keçirərək, namaz zamanı Müsəlman Birliyi Hərəkatının üzvlərini saxlamağa çalışıb. Atışma baş verib, nəticədə iki nəfəri polis olmaqla altı nəfər həlak olub. Rəsmi məlumata əsasən, polis bu yolla Azərbaycanda konstitusiya quruluşunu devirməyə hazırlaşan ekstremistləri zərərsizləşdirib.
2017-ci ilin əvvəlində Taleh Bağırzadə və 17 nəfər tərəfdaşı qəsdən adam öldürmə, iğtişaşların təşkili və ekstremizm ittihamları ilə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Müttəhimlər özlərini təqsirli saymayıb və eyni zamanda işgəncəyə məruz qaldıqlarını bildiriblər. Azərbaycandakı hüquq müdafiəçiləri onları siyasi məhbus hesab edir.
Aclıq aksiyasının səbəbləri
Hələ yanvarın sonunda Müsəlman Birliyi Hərəkatı bəyan edib ki, Taleh Bağırzadə və hərəkatın həbs olunan digər üzvləri son zamanlar “görünməmiş təzyiqlə qarşılaşıblar”.
Məsələn, Bağırzadənin kamerasına daha əvvəl öz kamera yoldaşını yatdığı yerdə yandırmağa cəhd göstərmiş məhkumu salıblar. Hərəkatın digər iki üzvü Abbas Hüseynov və Cabbar Cabbarov fiziki zorakılığa məruz qalıb.
Fevralın 4-də Abbas Hüseynov evə zəng vurub və deyib ki, fevralın 3-dən aclıq elan edib, Taleh Bağırzadə isə yanvarın 31-dən aclığa başlayıb.
Vəkilin danışdıqları, rəsmi reaksiya
İndi Taleh Bağırzadənin həyat yoldaşı danışır ki, artıq iki həftədir əri evə zəng vurmur və ondan heç bir xəbər yoxdur.
Vəkil Bəhruz Bayramovun sözlərinə görə, son bir həftədə Taleh Bağırzadə ilə görüşə iki dəfə icazə verilməyib və bunu müvəkkilinin onunla görüşmək istəmədiyi ilə əsaslandırıblar.
“Mənə dedilər ki, o “aclıq eləyənə oxşamır”.”, – vəkil bildirir və bu cür izahatı yolverilməz və etibarsız sayır.
Abbas Hüseynovun anası da deyib ki, fevralın 4-də evə sonuncu zəngindən sonra oğlundan heç bir məlumat yoxdur, vəkilini də onun yanına buraxmırlar.
Penitensiar Xidmətin nümayəndəsi məhbusların aclıq etməsi və işgəncəyə məruz qalması haqda məlumatları təkzib edib.