Moskvada Nemtsovun səs-küylü qətlində beş nəfər günahkar bilinib
Qətldə günahkar bilinənlər, soldan sağa: Temirlan Eskerxanov, Anzor və Şadid Qubaşev qardaşları, Zaud Dadayev və Xamzat Baxayev. Foto: Vlad Dokşin, “Novaya qazeta”
Moskva məhkəməsi beş müttəhimin beşini də Boris Nemtsovun ölümündə günahkar bilib. Onları ömürlüyə qədər həbs cəzası gözləyir. JAMnews Rusiyanın “Novaya qazeta” saytının keçirdiyi jurnalist araşdırmasının icmalını təqdim edir.
Siyasətçi Boris Nemtsov Moskvada, Kremlin lap yaxınlığında 27 fevral 2015-ci il tarixində gecə qətlə yetirilib.
Qətldə əli olduğu güman edilən şəxslər bir neçə gün ərzində müəyyən olunub, bu cür cinayətlərin açılması təcrübəsində əvvəllər belə sürətli iş qeydə alınmayıb. Həbslər də çox sürətli olub – artıq 2015-ci ilin mart ayında. Bundan başqa şübhəli şəxslər videokameraya etiraf ifadəsi veriblər.
Sonra da problemlər başlayıb:
– Kremldən 300 metr aralıda baş verən hadisənin videokameralardan görüntüsünü əldə edə bilməyiblər.
– Nemtsovun qətlində ittiham olunanların rəhbərləri olan çeçen güc strukturlarının yüksək vəzifəli şəxslərini dindirməyə çağırmaq mümkün olmayıb. Söhbət Çeçenistanın rəhbəri Ramzan Kadırova yaxın adamlardan gedir.
– KİV və sosial şəbəkələrdə guya qeyri-peşəkar aparılan tədqiqata qara yaxmaq üzrə geniş miqyaslı və bahalı kampaniya başlayıb.
– Məhkəmədə Çeçenistanın güc qurumlarının rəhbərlərini dindirməyə çağırmaq cəhdləri aşağıdakı izahatla nəticələnib – “Onlar qapını açmaqdan imtina edirlər”.
Zərərçəkənlərin vəkilləri – Boris Nemtsovun qohumları – hesab edirlər ki, bu prosesdə prokurorlar və hakimin dəqiq məqsədi olub. Onlar iclasçıları inandırmalıydılar ki:
– adi çeçen sürücüsü Ruslan Muxutdinov birdən Boris Nemtsova nifrət bəsləməyə başlayıb və onu öldürmək qərarına gəlib
– bunun üçün də o, iki yüz min dollar və silah tapıb, yerlilərindən ibarət qruplaşma yaradıb
– onlar öz niyyətlərini həyata keçiriblər, amma gizlənə bilməyiblər
Zərərçəkənlərin vəkilləri hesab edir ki, əsas məqsəd iclasçıları icraatçıların günahkar olmasında inandırmaq, amma eyni zamanda onların diqqətini cinayətin əsl sifarişçisi və təşkilatçısının kimliyindən yayındırmaqdır.
Nemtsovun qətli ilə bağlı işi açılmış hesab etmək olmaz, “Novaya qazeta”nın jurnalistləri belə hesab edir.
Sifarişçi və təşkilatçılarla bağlı ayrıca icraata götürülmüş iş İstintaq Komitəsinin rəflərində qalacaq. Eynən Anna Politkovskayanın qətlinin sifarişçisi ilə bağlı iş kimi.