Moldova Aİ ilə Assosiasiyadan imtina edə bilər
Moldova prezidenti İqor Dodon parlament seçkilərindən sonra Aİ ilə Assosiasiya Sazişinin ləğvini istisna etməyib. Dodon bu haqda Moskvada rusiyalı həmkarı Putinlə görüşdə bildirib. Bu, görüş yeni seçilmiş Moldova prezidentinin ilk rəsmi səfəri zamanı baş tutub.
“Fevralın əvvəlində Brüsseldə olacam. Əlbəttə ki, bu haqda Avropa İttifaqındakı tərəfdaşlarımızla da danışacağıq. Rəqəmlər göstərəcəyik. İki il keçib. Nə iqtisadiyyatda, nə başqa sahələrdə heç bir nəticə yoxdur, odur ki, gəlin düşünək görək, bundan sonra nə edəcəyik”, – zdg.md-in məlumatına görə İqor Dodon görüşdə bildirib.
Dodon hesab edir ki, Assosiasiya haqda Saziş Moldovaya gözlənilən nəticələri gətirməyib. “Yeri gəlmişkən, mən dəfələrlə bu Sazişin imzalanmasına qarşı çıxmışam. Hesab edirəm ki, bu Sazişin Moldova üçün heç bir müsbət nəticəsi olmadı… Mən istisna etmirəm ki, növbəti parlament seçkilərindən sonra bu Saziş ləğv oluna bilər”, – o, sözünə davam edib.
Vladimir Putin görüşdə qeyd edib ki, son zamanlar ölkələr arasında münasibətlər o qədər də yaxşı olmayıb. “Son illərdə mal dövriyyəsinin iki dəfə azalması da bundan xəbər verir… Amma mən çox ümid edirəm ki sizin Rusiyaya ilk səfəriniz prezident olaraq ilk xarici səfəriniz olmaqla bizim dövlətlərarası əlaqələrimizin bütün istiqamətlər üzrə inkişafı üçün yaxşı təkan olacaq…”, – Putin bildirib.
O, moldovalı həmkarına həmçinin söz verib ki, RF-ə girişi qadağan olunmuş 50 min Moldova vətəndaşının Rusiyaya buraxılması məsələsinin həllinə kömək edəcək.
İqor Dodon isə öz növbəsində bildirib ki, Moldova məhsullarını Rusiya bazarına qaytarmaq niyyətindədir.
Rusiya ilə münasibətlərin yaxşılaşdırılması tərəfdarı olan və avrointeqrasiyaya qarşı skeptik münasibət bəsləyən Moldova Sosialistlər Partiyasının sədri İqor Dodon 1996-cı ilin dekabrında prezident seçilib.
Moldova prezidenti əsasən nümayəndəlik funksiyalarını həyata keçirir, xarici siyasət ölkə hökumətinin səlahiyyətinə daxildir.
Aİ ilə Assosiasiya haqda Saziş Moldova, Gürcüstan və Ukrayna (siyasi hissə) tərəfindən 2014-cü il iyunun 27-də imzalanıb. Rusiyanın rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, Aİ-nin Rusiyanın qonşuları ilə Assosiasiya haqda Saziş və azad ticarət müqavilələri imzalaması RF maraqlarına təhlükə kimi dəyərləndirirlər. Ukrayna hökumətinin Sazişi imzalamaqdan imtina etməsi 2013-cü ilin ortalarında Kiyevdə daha sonra qanlı qarşıdurmalara keçən və hakimiyyət dəyişikliyilə nəticələnən kütləvi etiraz aksiyalarına səbəb oldu.