Ermənistanın kartof sahələrindən qadın portretləri. Foto və Video
Günəşdən qorunmaq üçün yaylığa bürünüblər, əllərində fəhlə əlcəkləri, isti geyimdə, əllərində kisələr, üzlərində narahat təbəssüm. Kartof emalı ilə məşğul olan qadınlar belə görünür. Uzun illərin ağır zəhməti onları bərkidib – heç nədən şikayət etmirlər.
“Hə, bu, ağır işdir. İstənilən iş ağırdır, asan pul olmur. Bizim işimiz torpaqladır, toxumları ona veririk, sonra isə ondan məhsul alırıq”, – Mayranuş deyir.
O, artıq on ildir ki, kartof toxumlarını torpağa “əmanət edir” ki, payızda hər toxumdan geriyə 10-15 kartof alsın. Danışır ki, əvvəllər kişilər onlara kömək edirdi, amma indi onlar dolanışıq dalınca xaricə gediblər və sahələrdəki demək olar ki, bütün işləri qadınlar görür: onlar əkirlər, sulayırlar, özləri də məhsulu kisələrə yığırlar. Qızmar günəş, soyuq, yağış onlara mane ola bilməz.
• Qadınlar nə uğrunda mübarizə aparırlar? Feminizmin əlifbası
• Hindistanlılar Ermənistanda – niyə bura köçür və nə ilə məşğul olurlar
Böyük çaydanda elə sahədəcə hazırlanan qəhvə isə yorğun çağlarında onlar üçün əsl sevinc mənbəyidir. Qəhvə güc verir, dincəlməyə imkan yaradır, az da olsa. Belə anlarda traktorun gurultusunu qadınların şən səsləri və gülüşləri əvəz edir.
Təsadüfənmi, ya yox, amma kartofun əksər sortları qadın adı ilə adlandırılıb: aqata, madelya, marfona, arizona. Ermənistanın iqlim şəraitinə yalnız bu Avstriya, Hollandiya və Şotlandiya kartof sortları uyğunlaşa bilib.
Hərçənd hər il Ermənistana sınaq üçün 3-4 yeni kartof sortu gətirilir ki, onların uyğunlaşıb-uyğunlaşmadığını yoxlasınlar. Uyğunlaşan sortların toxumlarını fermerlərə satırlar ki, çeşidi yaxşılaşdırıb, məhsuldarlığı yüksəldə bilsinlər.
“Amma bu il məhsul yaxşı deyil. Hava pis keçib. Dolu hər şeyi məhv edib. Bəzi sahələrdə məhsulun 50 faizə qədərini torpaqda qoyduq”, – sahədə çalışan qadınlardan biri – Anjela deyir.
Onun sözlərinə görə, əgər əvvəlki illərdə hər hektardan 30-35 ton kartof əldə edilirdisə, bu il adətən əldə etdikləri məhsulun uzağı yarısını toplaya biləcəklər.
Ermənistanın bütün regionlarında kartof yığımı artıq sona çatır. Fermerlər xəbərdarlıq edirlər: məhsul gözləniləndən az olub, nəticəsi də göz qabağındadır. Bazarlarda qiymətlər artıq bahalaşmağa başlayıb.