Məhkəmədə miqrasiyanın məhdudlaşdırılması haqda sərəncamı müdafiə etmədiyi üçün Tramp baş prokurorun səlahiyyətlərini icra edən şəxsi işdən azad edib
ABŞ prezidenti baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeytsi vəzifəsindən azad edib. Buna Yeytsin məhkəmədə Donald Trampın miqrasiyanın məhdudlaşdırılması haqda sərəncamını müdafiəsindən imtina etməsi olub.
Ağ Evin yaydığı bəyanatda deyilir ki, Salli Yeyts “ABŞ vətəndaşlarının müdafiəsi üçün qəbul edilmiş qanuni sərəncamın icrasından imtina etməklə Ədliyyə Nazirliyinə xəyanət edib”. ABŞ-ın Prezident Administrasiyasından bildirilib ki, Yeyts vəzifəyə Obama administrasiyası tərəfindən təyin edilmişdi və “sərhədlərə, qeyri-leqal miqrasiyaya münasibətdə zəiflik nümayiş etdirib”.
Baş prokurorun səlahiyyətlərinin icraçısı vəzifəsinə ABŞ-ın Virciniya Ştatının Şərq Dairəsi üzrə prokuroru Dana Bente təyin edilib.
Yanvarın 31-də Salli Yeyts bəyan edib ki, Ədliyyə Nazirliyi prezidentin miqrasiya ilə bağlı sərəncamını müdafiə etməyəcək və o, bu qərarın qanuniliyindən əmin deyil.
Yanvarın 27-də Donald Trampın imzaladığı sərəncama əsasən Suriyadan olan qaçqınların qəbulu qeyri-müəyyən müddətə dayandırılır. Qaçqınlarla bağlı bütün başqa proqramlar isə 120 gün müddətinə dayandırılır. Həmçinin sərəncam yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişini 90 gün müddətinə yasaqlayır.
Sərəncam imzalandıqdan sonra ABŞ-da minlərlə insanın qatıldığı etiraz aksiyaları keçirilib. Trampın sərəncamı bir neçə məhkəmə instansiyasında mübahisələndirilib. “Mənim vəzifəm Ədliyyə Nazirliyinin məhkəmədəki mövqeyinin qurumun ədalətli mühakiməyə nail olmaq və ədalətin yanında durmaq kimi öhdəliklərinə uyğunluğuna zamin olmaqdır”, – qurumun əməkdaşlarına qərarını izah edən Yeyts yazıb.
Baş prokuror Loretta Linç olduğu zaman Salli Yeyts onun müavini vəzifəsində çalışırdı. Prezident Barak Obamanın istefasından sonra Linç də öz vəzifəsini tərk etdi. Tramp namizədliyini irəli sürdüyü Cef Seşns Konqres tərəfindən bu vəzifəyə təsdiqlənənə qədər Yeytsən baş prokurorun vəzifəsini icra etməyi xahiş etmişdi.