Mövcud olmayan şahid: Azərbaycanda müxalifətçi mühakimə olunur
Azərbaycanın müxalif “Müsavat” partiyasının liderlərindən biri Tofiq Yaqublunun işi üzrə məhkəmədə vəkilləri faktiki şahid dəyişikliyinə yol verildiyini aşkarlayıblar, hakim isə məhkəməni dayandırmağa lüzum görməyib.
Yaqublunun xuliqanlıqda ittiham olunduğu iş üzrə məhkəmə prosesi Bakının Nizami rayon Məhkəməsində keçirilir. Cinayət işinin materiallarına əsasən, 2020-ci il martın 22-də Yaqublu avtomobili ilə qəza törədib və digər maşında olan evli cütlüyü döyüb. O və tərəfdarları ittihamları qətiyyətlə rədd edirlər.
Yaqublu 2014-2016-cı illərdə kütləvi iğtişaş təşkil etmək ittihamı ilə cəza çəkib. Daha sonra 2019-cu il 19 oktyabrda Bakıda müxalifətin keçirdiyi kütləvi etiraz aksiyasında iştirak etdiyi üçün 30 sutka inzibati həbs cəzası alıb.
Jurnalistlər məhkəmə zalına buraxılmır. Buna görə də bütün informasiya mediaya yalnız Yaqublunun vəkilləri və doğmaları vasitəsilə verilir.
• “Qanuni oğrunun” ölümü – Lotu Quli Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyə arasında
Məhkəmə iclasında iştirak edən siyasi məhbusun qızı Nigar Həzi bildirib ki, Cavanşir Novruzov adlı şəxs şahid qismində dəvət olunub. Amma çıxış edən şəxs sənədlərdə adı Novruz Novruzov kimi qeyd olunan başqa bir şəxs olub.
Vəkillər Cavanşir Novruzovun məlumatlarını dövlət portalında yoxlayıblar və məlum olub ki, belə bir adam ümumiyyətlə mövcud deyil. Dəvət olunmuş şahidin kimliyinin müəyyən edilməsi ilə bağlı DİN-ə sorğu göndərilib.
Amma hakim vəkillərin vəsatətini rədd edib və iclası davam etdirib.
Digər şahid 15 yaşlı məktəbli olub.
Nigar Həzinin sosial şəbəkədə yazdığına görə, oğlan bildirib ki, Yaqublunun evli cütlüyü döydüyünü gözləri ilə görüb. Bunları deyərkən isə tez-tez zalda oturan anasına tərəf boylanırmış.
“Hakimiyyət bu illər ərzində yekə kişilərə şərəfsizliyi öyrətdi, indi yetkinlik yaşına çatmayan uşaqları şərəfsiz kimi böyüdürlər” – Nigar Həzinin yazdığına görə, bu sözləri məhkəmədə Tofiq Yaqublu deyib.