Orta və ali məktəblər açılacaq, teleaparıcılar verilişlərə maskasız çıxa biləcək – Ermənistanda fövqəladə vəziyyət rejiminin məhdudiyyətləri bir az da azaldılıb
Fövqəladə vəziyyət rejimi üzrə komendantlıq Ermənistanda koronavirus dövründə nələrə icazə verildiyini əks etdirən yeni siyahı dərc edib. Hələlik ölkə koronavirusun öhdəsindən gəlməyib, amma sutka ərzində qeyd edilən yoluxma halları xeyli azalıb.
Yeni qaydalar orta və ali məktəblərə, kitabxanalara və muzeylərə, kafe və restoranlara, teleaparıcıların işinə aiddir.
Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-da elan olunub və bir neçə dəfə uzadılıb. İndi rejim sentyabrın 11-ə qədər davam etməlidir.
• Ermənistan məktəbləri sentyabrın 15-də açılacaq: epidemioloqlar və təhsil ekspertləri risklər haqda
• Ermənistanda distant təhsil – koronavirusun xəstəlikdən sonra da qalacaq “nəticələri”
Başqa nə qərara alınıb?
Komendantlığın yeni qərarına əsasən, orta və ali məktəblər sentyabrın 15-dən qapılarını açacaq. Sentyabrın 1-dən isə bakalavriatın birinci kurs tələbələri üçün dərslər başlayacaq.
Üstəlik təhsil naziri Araik Harutunyan koronavirusun yayılması riskini azaltmaq üçün məktəbliləri və tələbələri tədris ili başlayana qədər könüllü şəkildə iki həftəlik özünütəcrid rejimində qalmağı tövsiyə edib.
Məktəbdənkənar idman, rəsm və mədəniyyət dərnəkləri hələlik fəaliyyətlərini bərpa edə bilməyəcəklər. Kitabxanalar, muzeylər və mədəniyyət müəssisələri işləməyə başlayacaqlar. Teatr tamaşaları, konsertlər və kino nümayişləri təşkil etmək mümkün olacaq – hələlik yalnız açıq havada.
Kafe və restoranlarda artıq səkkiz nəfərlik (əvvəl beş nəfər idi) qruplarla oturmaq mümkündür. Canlı musiqiyə də icazə var, amma açıq havada.
Çoxdan bəri gözlənilən yumşalmalardan biri teleaparıcılara və surdo-tərcüməçilərə efirə maskasız çıxmağa icazə verilməsidir – canlı yayım və ya verilişin çəkilişi zamanı pavilyonda başqa heç kimin olmaması şərtilə.
Ölkədə koronavirusla bağlı vəziyyət
İyulun 6-da Ermənistan koronavirus yoluxmasının pikini yaşayıb, sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı azalır.
Bununla əlaqədar olaraq komendantlıq avqustun 12-dən ölkəyə əcnəbilərin gəlməsinə, o cümlədən də epidemiyaya qarşı normalara riayət etmək şərtilə küçə toplantıları və mitinqlərin keçirilməsinə icazə verib. Söhbət əsasən sosial məsafənin gözlənilməsindən gedir, həmçinin ölkədə hələlik məcburi maska rejimi davam edir.
Avqustun 18-də ölkədə 145 yeni yoluxma halı qeydə alınıb, xəstələrin ümumi sayı 41846 nəfərə çatıb. 34982 nəfər sağalıb, 832 nəfərin həyatını xilas etmək mümkün olmayıb.