Lukaşenko: Qardaş Ukrayna müstəqillik uğrunda döyüşür
Paylaşmaq
Paylaşmaq
“Qardaş Ukrayna” hazırda öz müstəqilliyi uğrunda döyüşür. Bunu yanvarın 26-da Belarus prezidenti Aleksandr Lukaşenko elm və pedaqoji işçilərə elmlər doktoru diplomlarının və professor attestatlarının verilməsi mərasimində çıxış edərkən bildirib.
Belarus prezidentinin rəsmi saytında dərc olunmuş informasiyada bildirilir ki, Lukaşenko ölkə qarşısında duran çətinliklər haqda danışıb. “Bizim müstəqilliyimiz çox asan başa gəlib: bütün xalqlar döyüşüb, hazırda qardaş Ukrayna döyüşür. Biz müharibə həddinə çatdırmamalıyıq. Biz sülhpərvər xalqıq”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarusun müstəqilliyinin qorunması üçün çoxsaylı çətinliklərin öhdəsindən gəlmək lazım olur.
“Biz ancaq birləşərək bütün bunlarla bacara bilərik. Şükür Tanrıya ki, bizim müstəqillik uğrunda mübarizəmizin əsas istiqaməti iqtisadiyyatdan keçir, daha hərbi və ya siyasi yoldan deyil”, – Aleksandr Lukaşenko deyib.
Ukraynanın şərqində hərbi əməliyyatlar başlayandan bəri Belarus prezidenti neytrallığını, həm Rusiya, həm də Ukrayna ilə xoş münasibəti qorumağa çalışıb. Lukaşenko Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakı ilə danışıqların Minsk formatının təşəbbüskarıdır. Bu danışıqlar çərçivəsində 2015-ci ilin fevralında atəşkəs elan olunması və münaqişənin nizamlanmasına dair addımlar haqda Minsk razılaşması əldə edilib.