Londonun “Arsenal” klubunda oynayan Mxitaryan Ermənistanın ən yaxşı futbolçusu elan olunub
Foto: Gevorq Kazaryan, JAMnews
2017-ci ildə Ermənistanın ən yaxşı futbolçusu adına Ermənistan yığmasında və Londonun “Arsenal” klubunda oynayan Henri Mxitaryan layiq görülüb.
“Mən bu mükafatı böyük məmnuniyyətlə qəbul edirəm. Çalışacam ki, növbəti illərdə də birinci olum, əlbəttə, komanda yoldaşlarıma hörmətlə”, – Henri mükafatı alarkən bildirib.
Mxitaryan artıq səkkizinci dəfə və yeddinci ildir ki, ardıcıl olaraq Ermənistanın ən yaxşı futbolçusu elan edilir.
İkinci yerdə Ermənistan yığmasının digər futbolçusu, Makedoniyanın “Vardar” komandasının hücumçusu Tiqran Barseqyandır. Üçüncü yeri isə Ermənistan yığmasının və Rusiyanın “Ural” komandasının müdafiəçisi Varazdat Aroyan tutub.
İlk dəfə Ermənistanın ən yaxşı futbolçusu mükafatı 1992-ci ildə təqdim olunub. Və həmin vaxt bu mükafata “Kilikiya” komandasının müdafiəçisi Sarqis Ovsepyan layiq görülüb. Mükafatla təltif olunan ən gənc futbolçu Edqar Manuçaryan olub. O, 17 yaşında “ən yaxşı” adını alıb. Ən yaxşı futbolçu adına layiq görülənlər arasında ən yaşlı isə Sarqis Ovsepyan olub. 2008-ci ildə mükafatı alanda onun 36 yaşı vardı.
Ermənistan mediası bu gün Henri Mxitaryanın 2017-ci ildə Avropa Liqası və İngiltərə Liqasının kuboklarını qazandığını, Avropa Liqasının rəmzi yığmasının tərkibinə daxil olduğunu da xatırladıblar.
2017-ci ildə Mxitaryan Ermənistanın 10 ən yaxşı idmançısı siyahısına daxil olub. Bu, bəzi idmançılarda ziddiyyətli reaksiya doğurub. Onların fikrincə, şübhəsiz əla futbolçu olan Mxitaryan “öz ölkəsi üçün heç nə qazanmayıb”. Bu günlərdə isə Henri öz mükafatını – 10 ən yaxşı idmançıdan biri kimi qazandığı Hundai Elantra avtomobilini yaralanmış hərbçilərin reabilitasiya mərkəzinə hədiyyə edib.