Kuir aktivistlər polis bölməsində zorakılığa məruz qaldıqlarını bildiriblər
Kuirlərə qarşı polis zorakılığı
Mayın 23-də polis tərəfindən saxlanan kuir aktivistlər Əli Məlikov və Cavid Nəbiyev bir sutka sonra məhkəmə qərarı ilə cərimələnərək azadlığa buraxılıblar.
- Azərbaycanda ölmüş şəxsin ipoteka kreditini vərəsələri ödəməli olacaq?
- Dövlət Departamenti azərbaycanlı aktivist Salayevin işini “diqqətlə izləyir”
- Azərbaycandan viski ixracı cəmi bir ilə 20 dəfə artıb. Səbəb nədir?
Bir neçə gün əvvəl saxlanılmış transgenderin həbsinə etiraz olaraq digər transgenderlər Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci bölməsinin qarşısına toplaşıblar. Aktivistlər Əli Məlikov və Cavid Nəbiyev isə dəstək üçün ora gəliblər. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, onlar aksiyanı kənarda heç bir müdaxiləsiz izləsələr də, polis tərəfindən zorakılıqla saxlanılıblar.
Gecəni bölmədə keçirən fəallar mayın 24-də Xətai Rayon Məhkəməsinə gətirilib. Əli Məlikov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə 70 manat, Cavid Nəbiyev isə 206-cı maddəsi (qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması və göndərilməsi) ilə ittiham olunaraq 300 manat məbləğində cərimə olunub.
Məhkəmədən sonra sərbəst buraxılan fəallar polis tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Cavid Nəbiyevin sözlərinə görə, o, ilk dəfədir polis bölməsində belə bir rəftarla qarşılaşıb və bu, həyatında yaşadığı ən pis təcrübələrdən biri olub.
“Biz 37-ci bölmənin qarşısına sadəcə həmrəylik göstərmək və dəstək olmaq üçün getmişdik. Lakin bir müddət sonra bizi zorakılıqla saxladılar. Belimdən, başımdan vurdular, bədənimdə zədə izləri var. Təxmini saat 9-da 36-cı polis bölməyə gətirildik. Niyə saxlanılmağımızla bağlı heç bir məlumat vermədilər. Bizi məcbur etdilər ki, bütün gecəni iki nəfər üçün nəzərdə tutulmuş otaqda dörd nəfər qalaq. Qutu boyda idi. İki nəfər üçün belə nəfəs almaq baxımından çox darısqal idi. Bizi saatlarla ac və susuz saxladılar”, – Cavid Nəbiyev başına gələnləri danışıb.
Onun sözlərinə görə, etirazlarına baxmayaraq, məhkəmə qərarı olmadan qollarını qandallayaraq onları məcburi şəkildə narkoloji dispanserə aparıblar və analiz götürüblər.
“Orada da hamının içində əlimiz qandallı şəkildə pilləkənlərlə qaldırdılar. Məqsəd sadəcə bizi alçaltmaq idi, hər kəs bizi barmaqla göstərirdi. Ən maraqlısı o idi ki, bölməyə təzə daxil olanda bizi məcbur etdilər ki, ağzınızı açın, dilinizin altına baxaq. İndiyə qədər mən belə şeylə qarşılaşmamışdım. Dilimizin altında lezva varmı deyə yoxlayırdılar. Bu o deməkdir ki, polislər kuir icmanı kriminallaşdırır, bizə bu gözlə baxır”, – fəal bildirib.
Əli Məlikov isə deyib ki, gecə polislər onların saxlanıldığı kameranın qapısını açıb içəri ətir vurublar ki, “sizdən it iyi gəlir”.
“Biz inzibati həbs cəzası almadıq, sadəcə cərimələndik. Gecəni bir qaldığımız digər iki yoldaşımız isə 15 sutka cəza aldı. Məhkəmədən sonra bölməyə əşyalarımızı götürməyə qayıdanda bizi döyərək, itələyərək, söyərək yenidən həmin otağa saldılar ki, sərbəst qalmayan digər iki dostumuzu görək. Yəni biz sərbəstik, sizi buraxmadılar. Bunu bizə qarşı psixoloji təzyiqin bir növü kimi istifadə etdilər”, – 18 yaşlı aktivist bildirib.