Krımda faciə - kollec tələbəsi azı 20 nəfəri güllələyib
“Novaya qazeta”nın materialı
Oktyabrın 17-də gündüz Krımda Kerç şəhərində politexnik kollecində partlayış baş verib. Yaxınlıqdakı rayonlardan hadisə yerinə bir neçə təcili yardım və xilasedici briqadası, həmçinin vertolyot cəlb olunub.
Kerçdəki faciə haqda oktyabrın 18-i səhər saatlarına məlum olanlar: qurbanların sayı 20-ə çatıb, yaralılardan beşi ağır vəzjyyətdədir, onlardan üçü isə komadadır. Daha 50 nəfər ziyan görüb.
Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
Baş verənlərlə bağlı ilk olaraq məişət qazının partlaması versiyası səsləndirilib. Amma yerli hakimiyyət bildirib ki, təhsil müəssisəsi mərkəzi qaz təchizatı sisteminə qoşulmayıb.
Bununla yanaşı şahidlər bildiriblər ki, binada yad adam olub və atışma səsləri eşidilib.
Daha sonra Rusiya Milli Terror Əleyhinə Komitəsi rəsmən bəyan edib ki, binada müəyyən edilməmiş partlayıcı qurğu işə salınıb.
Rusiya İstintaq Komitəsi partlayış faktı ilə bağlı cinayət işi qaldırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, hadisə ilə bağlı nəzərdən keçirilən versiyalardan biri terror aktıdır.
Amma bir neçə saat keçəndən sonra İstintaq Komitəsi bəyan edib ki, cinayət işinin yönü dəyişdirilib və hadisə artıq terror aktı kimi araşdırılmır.
“Cinayət mənzərəsindən çıxış edərək, istintaq ilkin olaraq ehtimal edir ki, bu cavan oğlan kollecdəki insanları güllələyib, daha sonra isə özünü öldürüb”, – İstintaq Komitəsindən bildirilib.
Şübhəli şəxs
İstintaq Komitəsinin məlumatına görə, texnikumda atışmanı 4-cü kurs tələbəsi 18 yaşlı Vladislav Roslyakov törədib. Onun üzərində güllə yarası olan meyiti kollecin otaqlarından birində tapılıb. İstintaqın məlumatına görə, o, hadisədən bilavasitə əvvəl kollecə gəlib, video-görüntülərdən də bəlli olduğu kimi əlində silah olub. İlkin məlumatlara əsasən, o bu əməli tək törədib.
İstintaq Komitəsindən onu da əlavə ediblər ki, meyitlərə baxış zamanı bütün qurbanların güllə yarasından öldüyü məlum olub.
Mash Telegram kanalı mənbələrin məlumatına görə partlayışda əli olan şəxsin şəklini yayıb.
RBK-nın hüquq-mühafizə orqanlarındakı mənbələri bildiriblər ki, ehtimal olunan cani partlayışdan az əvvəl yeməkxanada bel çantası qoyub. “Tələbələr də danışıblar ki, bu gəncin partlayıcı maddələrlə eksperiment apardığı haqda eşidiblər”, – mənbə nəşrə bildirib.
“Rəfiqəmi gözümün qarşısında öldürdülər. Mən onun yıxıldığını və daha tərpənmədiyini gördüm”
Kerç kollecindəki atışma haqda informasiyanı “Novaya qazeta” nəşrinə kollecin tələbəsi Vladimir təsdiqləyib:
— Yeməkxananın yaxınlığında idim. Partlayışdan əvvəl bir neçə atəş açıldı. Azı on atəş səsi eşitdim. Bu, avromat atəşi deyildi, tək-tək atəş açılırdı. Anladığıma görə, binaya kimsə yad adam girib, amma özüm onu görmədim.
Sosial şəbəkələrin Krım qruplarında yayılan səs yazısında kollecin tələbəsi olduğu ehtimal edilən qız baş verənlər haqda danışır.
— Bizə atəş açırdılar. Biz qaçmağa başladıq… Əlim cızıldı. Biz qaçırdıq, uşaqlar isə uzanmışdı. <…> Rəfiqəmi gözümün qarşısında öldürdülər. Onun yerə yıxıldığını və artıq tərpənmədiyini gördüm. Mən oğlanların yıxıldığını və qan fışqırdığını gördüm. Bütün bunlar gözümün önündədir. Yerdə oturmuşam, sakitləşə bilmirəm, bütün bədənim titrəyir, hətta evdə olmaqdan da qorxuram, – “VKontakte” sosial şəbəkəsində yayılmış səs yazısında gənc qız danışır.