Azərbaycanda COVID-19 epidemiyasının ikinci dalğası davam edir. İkinci dalğa mayın ilk günlərindən başlayıb, karantin rejimi yumşaldılandan və əksər məhdudiyyətlər aradan qaldırılandan sonra güclənib. Bir neçə gün ardıcıl olaraq yeni yoluxanlrın sayı 100, hətta 200 nəfəri aşır.
İyunun 2-ə olan rəsmi məlumata əsasən, ölkədə yoluxanların ümumi sayı 5935 nəfər çatıb, onlardan 71 nəfər ölüb, 3564 nəfər isə sağalıb. 2 min nəfərdən çox insan xəstəxanadadır, onlardan 14 nəfər ağiyərlərin süni havalandırması aparatına qoşulub.
Amma ölkə həyatına bu vəziyyət demək olar ki təsir etmir. Karantin rejimi iyunun 15-ə qədər uzadılsa da, bütün kafe və restoranlar, mağazalar, müəssisələrvə təşkilatlar artıq işə düşüb, hətta yeni ticarət mərkəzinin açılışı da baş tutub.Hələlik kinoteatrlar, əyləncə mərkəzləri, idman zalları bağlı qalır.
Digər tərəfdən, məcburi maska taxmaq qaydası tətbiq olunub, iyunun 3-dən polis qayda pozucularını cərimələməyə başlayıb. Reydlərin ilk iki saatı ərzində 10 nəfər cərimələnib və bir neçə nəfərə xəbərdarlıq edilib. Cərimə 50 manat [30 dollara yaxın] təşkil edir.
Demək olar ki, bütün qapalı məkanlarda, nəqliyyatda, həmçinin avtobus dayanacaqlarında və məsafə gözləmək çətin olan açıq yerlərdə (məsələn, bankomatların qarşısında və ya mağazalardakı növbələrdə) maska taxmaq mütləqdir.
Amma əhali hələlik qaydalara həvəssiz əməl edir, xüsusən də yay istiləri başladığı üçün. Çoxları maskanı çantasında, cibində gəzdirir, yaxud çənəsinin altına qoyur və yalnız ətrafda polis görəndə üzünə çəkir.
Sorğular göstərir ki, Azərbaycan sakinləri virusdan çox da qorxmurlar, karantini isə uzunmüddətli, amma müvəqqəti narahatlıq kimi qəbul edirlər.
Sosial şəbəkədəki bəzi şərhlər:
“Bakı metrosunda maskasız da nəfəs almaq mümkün deyil, heç bir ventilyasiya yoxdur. Maskada isə ümumiyyətlə boğulmaq mümkündür”.
“Bizim xalqımız qanuna riayət eləməyi sevmir də! Nə cür olur olsun! Sevmir, vəssalam!”
“Vəziyyət pisdir. Bir tərəfdən insanlar qadağalara, işsizliyə, ədalətsizliyə və digər neqativlərə görə cana doyub. Digər tərəfdən isə hakimiyyətin sərəncamları ziddiyyətli, zamansız və ya gecikmişdir, bu da hakimiyyətin vəziyyətin öhdəsindən gəlmədiyini və nəzarət altında saxlaya bilmədiyini göstətir”.
Hakimiyyətdən bildirirlər ki, vəziyyət mürəkkəb olsa da, hər şey nəzarət altındadır. Hökumətyönlü mediada isə prezident İlham Əliyevə ünvanlanmış koronavirusla uğurlu mübarizəyə görə təşəkkür məzmunlu vətəndaş məktublarının dərcinə davam edir.
Bütün bunlarla paralel olaraq Azərbaycan tədricən xaricdən gələn vətəndaşlarını qəbul edir. O cümlədən də uzun zamandı Dağıstanda – Rusiya-Azərbaycan sərhədində ilişib qalan insanları. İyunun 2-də onlardan 120 nəfər vətənə qayıda bilib, amma hələ 600 nəfər yaxın insan orada çadırlarda qalır və ağır şəraitdən şikayətlənirlər.
Karantin müddətinin uzadılması səbəbilə ən azı iyunun 15-ə qədər dövlət sərhədləri bağlı qalacaq. Amma artıq məlumdur ki, sərhəd açıldığı zaman Azərbaycandan Türkiyəyə, Çernoqoriyaya və Macarıstana uçmaq mümkün olacaq – iyun ayı ərzində bu ölkələr bir çox istiqamətlərə, o cümlədən də Azərbaycana aviareysləri bərpa etmək niyyətindədir.