Azərbaycan sakinlərinə sms-icazəsiz küçəyə çıxmağa icazə verildi
Yanvarın 18-dən Bakıda və Azərbaycanın digər şəhərlərində küçəyə çıxmaq üçün sms-icazə sistemi ləğv edilir. Bir həftə sonra, yanvarın 25-dən bəzi qeyri-ərzaq mağazaları və gözəllik salonları açılacaq, daha bir həftə sonra isə kafe və restoranlar da işləməyə başlayacaqlar.
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 pandemiyası ilə bağlı ölkədə karantin rejiminin 2021-ci il aprelin 1-ə qədər uzadılması haqda qərar qəbul edib.
Bununla eyni zamanda koronavirusun yayılması dinamikasında müəyyən stabilliyi nəzərə alaraq 18 yanvar 2021-ci ildən müəyyən yumşalmalar tətbiq etmək qərara alınıb. Həmin gündən vətəndaşların evdən çıxmasına sms-icazə və xüsusi dövlət portalında qeydiyyat əsasında icazə sistemləri ləğv edilir.
2020-ci il dekabrın 14-dən koronavirus pandemiyasına görə sərt karantin tətbiq edilib. İnsanlara ancaq xüsusi nömrəyə sms göndərdikdən sonra sutka ərzində 3 saat müddərində evlərini tərk etmək icazəsi verilir.
2021-ci il yanvarın 25-dən etibarən isə ölkə ərazisində aşağıdakı sahələr üzrə fəaliyyət və xidmətlərin göstərilməsinə icazə verilir:
- Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektlərində, kafe, çay evlərində yerində xidmət göstərilməsi, o cümlədən də böyük ticarət mərkəzləri və Mall-ların fəaliyyəti istisna olmaqla);
- Bərbərlərin, gözəllik salonlarının və kosmetoloji mərkəzlərin fəaliyyəti (o cümlədən də müştərilərə evdə və ya digər yerlərdə xidmət gööstərilməsi);
- Muzeylərin və sərgi salonlarınln fəaliyyəti;
- Şəhərlərarası və rayonlararası nəqliyyat əlaqəsi.
2021-ci il fevralın 1-dən ölkə ərazisində ictimai iaşə obyektləri, o cümlədən də kafe, çay evləri və restoranlar saat 06:00-dan 00:00-a qədər yerində müştərilərə xidməti bərpa edəcəklər.
Yaxınların dəfn mərasimlərində iştirak etmək üçün yenə də Daxili İşlər Nazirliyinə müraciət edərək icazə almaq lazımdır.
Bakı metropoliteni hələ də bağlı qalır, ictimai nəqliyyat isə şənbə və bazar günləri işləməyəcək.
Həm küçədə, həm də qapalı məkanda tibbi maskaların taxılması bütün vətəndaşlar üçün məcburi qalır. Qayda pozucuları üçün 200 manat (100 avro) həcmində cərimə nəzərdə tutulub.