Artıq cüt gəzmək olar, amma evdən bir kilometr uzaqlaşmamaq şərtilə - Ermənistan hakimiyyəti fövqəladə vəziyyət rejimini yumşaltmağa davam edir
Ermənistan hakimiyyəti fövqəladə vəziyyət rejimi səbəbilə tətbiq olunan məhdudiyyətləri artıq üçüncü dəfədir ki, yumşaldır.
Vətəndaşların hərəkət məhdudiyyəti qismən aradan qaldırılıb. Artıq gəzintiyə çıxmaq, velosiped sürmək olar – düzdür, evdən bir kilomertdən artıq uzaqlaşmamaq şərtilə. Evdən cüt çıxmağa da artıq icazə var, əgər bu iki nəfər bir ailənin üzvüdürsə.
Amma şəhər və kəndlərin daxilində ictimai nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyət hələ də qüvvədə qalır.
Sərt məhdudiyyətlər martın 16-da koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunduğu zaman tətbiq edilib.
Aprelin 14-də komendantlıq emal sənayesinə aid müəssisələrin, inşaatçıların və mühəndislərin iş başına qayıtmasına icazə verib.
Bundan sonra Ermənistanda yoluxma halları çoxalıb. Ölkənin müxtəlif regionlarında bütöv yaşayış məntəqələri karantinə bağlanmağa başlayıb.
Amma bir həftə sonra fövqəladə vəziyyət komendantlığı fəaliyyətini bərpa edə biləcək müəssisələrin siyahısını bir az da genişləndirib. Həmin vaxt vilayətlər arasında nəqliyyatın hərəkətinə də icazə verilib.
Yaxın 10 gün müddətində komendantlığın daha çox müəssisənin fəaliyyətinə icazə verəcəyi gözlənilir.
Baş nazirin sözlərinə görə, koronavirusla bağlı böhranı proqnozlaşdırmaq çətindir, bu vəziyyət bir il, hətta daha çox uzana bilər və problemləri həll etmək, çıxış yolları axtarmaq lazımdır. Odur ki, addım-addım məhdudiyyətlər minimuma endiriləcək.
Aprelin 28-ə olan məlumata əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 59 nəfər artaraq 1867 nəfər təşkil edib. 866 nəfər sağalıb. Epidemiya başlayandan əlavə xroniki xəstəlikləri olan 30 xəstənin həyatını xilas etmək mümkün olmayıb.
- Ermənistan: biznes koronavirusdan nə dərəcədə ziyan çəkəcək, fövqəladə vəziyyətdən sonra iqtisadiyyatı nə gözləyir?
- Koronavirusun peyvəndi və dərmanı tapılacaqmı? Və nə vaxt?
İndi nəyə icazə verilir? – Tam siyahı
Komendantlığın qərarı ilə aşağıdakılara icazə verilir:
- Evin 1 kilometrliyində gəzmək, velosiped sürmək və ya bədən tərbiyəsi ilə məşğul olmaq;
- Ailə üzvləri ilə gəzintiyə çıxmaq, amma hələlik iki nəfər olaraq;
- Kənd sakinləri 1 kilometr məsafədə yerləşən mağazalara gedə bilər, şəhər sakinləri üçün maksimum məsafə 500 metrdir.
Bütün bu hallarda sənədlər – şəxsiyyət vəsiqəsi, həmçinin şəxsən doldurulmuş “hərəkət anketi” vətəndaşların üzərində olmalıdır. Anketdə hər kəs öz ünvanını, haraya getdiyini, evdən çıxış saatı və ehtimal olunan evə qayıdış vaxtı göstərilir.
Komendantlığın qərarını adətən olduğu kimi yenə də baş nazir Nikol Paşinyan anons edib:
“Biz məhdudiyyətləri addım-addım aradan qaldırmaq yolu ilə gedəcəyik, əgər qeyri-adi heç nə baş verməsə, 10 gün ərzində bütün iqtisadi məhdudiyyətlər götürüləcək”.
Eyni zamanda xüsusən qeyd olunur ki, təhsil sahəsindəki məhdudiyyətlər aradan qaldırılmayacaq – məktəblər və universitetlər açılmayacaq.
Hansı məhdudiyyətlər bu qərara qədər artıq qüvvədən düşmüşdü?
Sonuncu dəfə məhdudiyyətlər aprelin 23-də yumşaldılmışdı. O zaman Ermənistan yollarında nəzarət-buraxılış məntəqələrinin götürülməsinə və regionlar arasında hərəkətin bərpasına qərar verilmişdi.
Bunun əvəzində indi daxili epidemiya qeyd olunan ayrı-ayrı şəhər və kəndlərə giriş və çıxış məhdudlaşdırılıb.
Biznes fəaliyyətlərinin bir hissəsindən: poliqrafiya sənayesi, daş emalı, metal konstruksiya istehsalı və avtomobil təmiri kimi fəaliyyət sahələrindən məhdudiyyətlər götürülüb. Daşınmaz əmlak bazarı ilə əlaqədar qurumlar da yenidən fəaliyyətə başlayıb.
Bundan on gün əvvəl artıq emal sənayesi, tütün məhsulları, sement, gips, əhəng, metal konstruksiya istehsalı müəssisələrinin işinə icazə verilmişdi. Bunların yığımı üçün lazım olan detalları təchiz edən müəssisələr də işə düşmüşdü. Demək olar ki, bütün inşaat sahəsi müvəqqəti fəaliyyəti qadağan edilən sahələr siyahısından çıxarılıb.
Artıq o vaxt komendantlıq bəyan etmişdi ki, zamanla daha çox insanın işinin başına qayıda biləcəyini istisna etmir.