Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfləri
Koronavirus pandemiyası zamanı Azərbaycan hakimiyyəti ölkəni ay yarım karantinə “otuzdurub” – məcburi, evdən çıxmaq üçün hakimiyyətdən icazə almaqla, cərimələrlə və həbslərlə. Vətəndaşlar hər yolla müqavimət göstərir və bütün gücləri ilə karantindən yayınmağa çalışırdılar. Karantinin vacibliyi, iqtisadiyyata təsiri və səmərəliliyi müzakirə olunurdu, amma bütün baş verənlərin Azərbaycan qanunvericiliyinə nə dərəcədə uyğun olduğu ilə bağlı diskussiyalar az olurdu.
Karantinin “hüquqi dərsləri” nədən ibarətdir? Pandemiya fonunda ölkədə qanun və qaydalar nə yerdədir? Koronavirus hansı problemləri üzə çıxardı?
Səhiyyə və polis: nəsə düz getmədi
“Hamilə yoldaşım və bir yaşlı uşağımla birlikdə üç həftə evdə oturduq”, – Anar danışır. – “Oğlumun dişləri çıxmağa başladı və qızdırması qalxdı. Uzun müddət istiliyi düşmürdü, mən də təcili yardım çağırdım. Həkim uşağı müayinədən keçirib, dedi ki, sağlamdır, amma koronavirus testi eləməyə məcburdur. Mən etiraz etmədim. Analiz götürdülər, dimedrol iynəsi vurdular, uşaq yatdı, səhəri gün isə tamam sağlam oyandı, qaçırdı, oynayırdı”.
Bir neçə gündən sonra gecə yarısı Anara infeksion şöbədən zəng vurublar. Deyiblər ki, oğlunun koronavirusa yoluxmasından şübhələnirlər və indi onların evinə gələcəklər, uşağı təkrar test üçün və bir həftə infeksion xəstəxanada nəzarət altında saxlamaq üçün özləri ilə aparacaqlar. Analiz nəticələrini göstərmələrini tələb etdikdə isə, həkimlər bildiriblər ki, bunu eləməyə borclu deyillər.
Anar qəti şəkildə uşağı xəstəxanaya tək buraxmaqdan imtina edib, oğlu ilə birlikdə gedəcəyini deyib və analiz nəticələrini tələb edib. Mübahisələr başlayıb, həkimlər iki dəfə polislə gəliblər, Anarın dediyi kimi, “sanki terrorçu yaxalayacaqlar”.
Axırda Anara yaxşı əlaqələri olan dostu kömək edib. Daha heç bir test eləməyiblər, ailəni sadəcə rahat buraxıblar.
“Amma baş verənlər bizə əsəblərimiz bahasına başa gəldi, xüsusən də hamilə yoldaşıma. Hələ qonşular üçün də şou düzəltdilər”.
Hüquqşünas Samirə Ağayeva hesab edir ki, bu hal Avropa Konvensiyasının şəxsi və ailə həyatının toxunulmazlığı hüququ ilə bağlı 8-ci maddənin, eyni zamanda da yerli qanunvericiliyin kobud pozulmasıdır.
“Azərbaycan qanunvericiliyinə görə dövlət orqanları valideynlərin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağa heç nə edə bilməz. Həkimlər pasiyentlərə analizlərin cavabını göstərməyə borcludurlar. Heç bir sübut göstərmədən uşağı xəstə olması əsası ilə valideynlərinin əlindən zorla almaq görünməmiş bir şeydir”.
Xəstə ətrafdakılar üçün təhlükə təşkil edərsə, onun məcburi xəstəxanaya yerləşdirilməsi qanuni nümayəndənin (bu halda valideynlərin) razılığı və ya məhkəmə qərarı əsasında mümkündür.
Bu, Azərbaycanda COVID-19 virusu epidemiyası zamanı baş verən qanunsuzluqlardan sadəcə biridir:
- İnsanları onların icazəsi olmadan xəstəxanaya yerləşdiriblər;
- Koronavirus şübhəsi olduğu üçün digər xəstəliklərdən müalicə etməkdən imtina ediblər;
- Karantində saxlanılma müddəti ilə bağlı aldadıblar;
- “Sadəcə test vermək üçün” dəvət edib, karantinə yerləşdiriblər.
Bütün bunlar çoxsaylı olsa da, fərdi hallar olub. Bununla belə, bütün bu hallar bir ümumi problemə dəlalət edir – proses iştirakçılarının heç biri “yuxarıdan” gələn tapşırığı yerinə yetirərkən nə etməyə ixtiyarının olduğunu, nəyə ixtiyarının olmadığını bilmir.
Karantinin qanunsuz “əsası”
Azərbaycan konstitusiyası nöqteyi-nəzərindən insanları məcburi evlərə qapatmaq, karantin qaydalarını pozmağa görə cərimələmək, şəhərləri təcrid etmək və sairə yalnız fövqəladə vəziyyət elan ediləndən sonra mümkündür. Əks təqdirdə bütün bunlar azad hərəkət hüququ haqda müddəanın (Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi) pozulmasıdır, hansı ki, prinsipcə əsas insan azadlıqlarından biridir (Hüquq və Azadlıqların Müdafiəsi haqda Avropa Konvensiyasının 4-cü protokolu).
Fövqəladə vəziyyət nəyə kömək edə bilərdi? Fövqəladə vəziyyətin elan edilməsi vətəndaşları müxtəlif təhlükələrdən qorumaq üçün onların hüquq və azadlıqlarını məhdudlaşdırmağa imkan verir, Konstitusiya Məhkəməsi isə dövlətin “həddini aşmamasına” nəzarət edir.
Dünyanın əksər ölkələrində karantin tədbirləri dövlətin vətəndaşların şəxsi həyatına qarışarkən nə qədər uzaq gedə biləcəyinə dair mübahisələr doğurur. Məsələ burasındadır ki, istənilən hüquqi dövlətdə hərəkət, yaşam və toplaşma azadlığının məhdudlaşdırılması kifayət qədər ciddi addımdır və bunun qanundan kənar edilməsi sadəcə mümkün deyil.
Məsələn, Çexiyada Konstitusiya Məhkəməsi hökumətin bəzi qərarlarını qanunauyğun həyata keçirilmədiyi üçün ləğv edib, Rumıniyada isə məhkəmə qərar verib ki, polis vətəndaşları karantin rejimini pozduğuna görə cərimələyə bilməz. Hər iki ölkədə fövqəladə vəziyyət elan edilib.
Azərbaycanla qonşu ölkələrdə – Ermənistan və Gürcüstanda da olduğu kimi.
Konstitusiya ölkənin ən mühüm sənədidir və heç bir qanunvericilik aktı onunla, həmçinin beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edə bilməz.
AR Konstitusiyasına əsasən, fövqəladə vəziyyət elan edilməsi proseduru belə baş verir: prezident fövqəladə vəziyyət haqda fərmanı parlamentin müzakirəsinə təqdim edir və parlament rejimin qəbul olunub-olunmaması haqda qərar qəbul edir (AR Konstitusiyasının 112-ci maddəsi).
Beləliklə Azərbaycan Nazirlər Kabinetinin bütün “karantin” qərarları qanunsuzdur.
Hətta fövqəladə vəziyyət zamanı da qanunsuz olanlar
Bəzi tədbirlər isə ümumiyyətlə qanunsuzdur – məsələn, evdən çıxmaq üçün lazım olan sms-icazə sistemi sayəsində hakimiyyət hər bir şəxsin hansı telefon nömrəsindən istifadə etdiyini öyrəndi. Çünki Operativ Qərargaha hər dəfə şəxsiyyət vəsiqəsinin nömrəsini sms vasitəsilə göndərmək lazım idi.
Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, bu, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır və belə metod hətta fövqəladə vəziyyət zamanı da qanunsuzdur.
Çoxlarına bu, müxalifətin məlum mitinqini xatırladıb. Həmin mitinqdən sonra polis mobil operatorlar vasitəsilə mitinq ərazisində olan insanları müəyyən etmiş və sonra minlərlə insanı polis idarələrinə “profilaktik söhbətə” çağırmışdı.
Müxalifətlə mübarizə
Azərbaycanda bir çox hüquq müdafiəçiləri, xarici təşkilatlar və fəallar hesab edirlər ki, karantin tədbirləri virusun yayılmasının qarşısını almağa yox, total nəzarətə, vətəndaşların izlənməsinə və müxalifətin təqibinə xidmət edir.
Pandemiya müddətində yüzə yaxın ictimai fəal və müxalifətçi saxlanılıb – rəsmi versiyaya görə karantin rejimini pozduqlarına görə.
Martın 19-da prezident İlham Əliyev Novruz Bayramı ilə əlaqədar olaraq vətəndaşlara video-müraciət ünvanlayıb. O, virusla bağlı vəziyyət haqda danışıb və bildirib ki, müxalifət pandemiya ilə bağlı təşviş yayır, buna görə də təcrid olunmalıdır:
“Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq”.
Bundan bir neçə gün sonra müxalifətçilərin saxlanılması başlayıb. Əsasən də hakimiyyətlə dialoqa getməkdən imtina edən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləri arasında.
Avropa Şurası Parlament Assambleyasında elan edilib ki, Azərbaycanda yeni repressiylar dalğası başlayıb və ölkə hakimiyyəti müxalifəti əzmək üçün karantindən yararlanmamağa çağırılıb.
Hüquq müdafiəçisi Eldar Zeynalov fövqəladə vəziyyətin elan olunmamasını hətta müsbət hal olduğuna əmindir:
“Mən hesab edirəm ki, fövqəladə vəziyyət elan olunsaydı, hakimiyyət tərəfindən pozuntular xeyli daha çox olardı. Hansısa əməllərə görə cəzalar da, qəbul olunan qanunlar da daha ciddi olardı.
Məsələn, karantin zamanı virus haqda ziyanlı məlumatın yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutan qanunun qəbul olunduğu çox az adamın diqqətini çəkdi. Həm feyk, həm də sadəcə hakimiyyətə sərf etməyən istənilən məlumat ziyanlı hesab edilə bilər”.
Niyə heç kim etiraz eləmir?
Filosof Rəhman Bədəlov bildirir ki, Azərbaycanda fövqəladə vəziyyətin elan olunmamasına təəccüblənmək lazım deyil, çünki ölkə heç vaxt hüquqi məkanda yaşamayıb:
“Bura hakimiyyət nəyisə qanunsuz edəndə insanların buna fikir verdiyi hansısa Avropa ölkəsi deyil. Əksinə, “Ata deyib? Deməli, dinləmək lazımdır” prinsipi ilə yaşayırıq. Bununla yanaşı qanunu pozmaq imkanı olanda vətəndaşlar özləri də qanunu pozurlar.
Məsələ burasındadır ki, xalq ümumilikdə azad dövlətdə yaşamağa alışmayıb, çünki onun heç vaxt azad dövləti olmayıb. Xalq müqavimət göstərə bilir, amma hüquqa istinad edə bilmir.
Böyük ehtimalla hakimiyyət ona görə fövqəladə vəziyyət elan etməyib ki, buna sadəcə ehtiyac olmayıb. Üstəlik, sırf psixoloji cəhətdən xalq anlayır ki, epidemiya şəraitində karantin doğru qərardır”.
Sərt tədbirlərin nəticələri
Azərbaycanda “bizim camaatla başqa cür mümkün deyil” arqumeti ilə çoxları tərəfindən haqq qazandırılan sərt güc tədbirləri koronavirusla bağlı vəziyyəti yaxşılaşdırmağa kömək etmədi. Əksinə, karantin rejimi yumşaldılandan dərhal sonra yoluxanların sayı sürətlə artmağa başladı.
Sosial şəbəkələrdə cərimə və saxlanılmaların əslində yoluxma ilə mübarizə vasitəsi yox, hakimiyyətin məqsədi olduğu haqda fikirlər tez-tez paylaşılır.
Bununla belə hakimiyyət şənbə və bazar günləri ölkənin böyük şəhərlərini “qapatmaq” haqda qərar qəbul edib – mağazalar, yollar, bütün hər şey bağlanıb, evdən ancaq həyati mühim məsələlərə görə çıxmaq olar (yenə də telefonla polisdən icazə almaq şərtilə).
Vətəndaşlar cümə günü mağazalara rəsmən hücum edib.
İt sahibləri isə polislə “döyüşə” hazırlaşır – “dördayaqlı dostları” hər gün gəzdirmək lazımdır, bu ehtiyacı bazar ertəsinə qədər təxirə salmaq mümkün deyil. Onları isə yenə də unudublar.