Çeçenistan prezidenti gürcü jurnalist haqda: o, diz çöküb üzr istəməlidir
Çeçenistan rəhbəri Ramzan Kadırov bəyanat yayaraq gürcü jurnalist Georgi Qabuniyanı öldürmək cəhdini inkar edib, amma onu “diz çöküb üzr istəməyə” çağırıb.
Kadırovun bəyanatı onun Telegram kanalında dərc olunub.
Məlum olduğu kimi müxalif “Mtvari arxi” (“Əsas”) telekanalının direktoru Nika Qvaramiya bəyan edib ki, Gürcüstanda jurnalist Georgi Qabuniyanı qətl etməsi üçün Ramzan Kadırovun göndərdiyi qatil yaxalanıb. Qabuniya ötən il “Rustavi-2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putinin ünvanına söyüş söyüb.
Şübhəlinin həbs edildiyini Gürcüstanın hüquq-mühafizə orqanları da təsdiqləyib.

Çeçenistan prezidenti Qabuniyanı “uğursuz jurnalist”, ona qarşı sui-qəsd ittihamını isə “taleyindən incik insanların uydurması” adlandırıb.
“Cənablar, inanın, əgər kimsə mənim tapşırığımla hərəkət edirsə, o, tapşırığı yerinə yetirir, tapşırığı sakitcə yerinə yetirmək lazımdırsa, heç kim, xüsusən də sizin dərin durğunluqda olan ölkələriniz [Kadırovun əleyhinə ittihamların səsləndirildiyi Gürcüstan və Ukrayna — red.] bu haqda xəbərdar olmayacaq”, — Kadırov bildirib.
Eyni zamanda o yazıb ki, Qabuniya üzr istəməlidir:
“Amma mən vurğulayıram ki, onun bizim Dövlətimizi, bizim Xalqımızı və deməli, elə şəxsən məni təhqir etdiyini unutmamışıq. Əvvəl də dediyim kimi, Georgi Qabuniya yaxşı olar ki, diz çöküb üzr istəsin, baş verənlərə görə üzrxahılq eləsin. O bir nəfəri yox, bütün rusiyalıları təhqir edib. Gürcüstan hakimiyyətinə müraciət edirəm ki, bu vətəndaşın yenidən tərbiyələndirilməsi üçün tədbirlər görülsün. Ona doğru nəticələr çıxarmağı və öz dərrakəsini qaydaya salmağı tövsiyə edirəm. Əks halda, təkrar edirəm ki, o mənim düşmənim olaraq qalacaq”.