“İsgəndər” olubmu? – Bakıdan şərh
Ermənistanın baş naziri Nikol Paşinyan ikinci Qarabağ müharibəsində “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə olunduğu faktı haqda bildirindən sonra təkcə Ermənistan və Rusiyadan yox, Azərbaycandan da reaksiyalar gəlib. Bakıda səslənən şərhlər bir sualda uzlaşır: “İsgəndər” olubmu?
Nə baş verib?
Ermənistanın müxalif “ArmNews” telekanalına müsahibəsində baş nazir Nikol Paşinyan sensasiyalı bəyanat səsləndirib və faktiki olaraq ikinci Qarabağ müharibəsində “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə olunduğu faktını etiraf edib.
Bununla da o, hazırkı ölkə hakimiyyətini bu silahı tətbiq etməməkdə ittiham edən Ermənistanın eks-prezidenti Serj Sarqsyana cavab verib.
“Qoy sual versin ki, niyə “İsgəndər” raketi partlamırdı? Ya da niyə 10 faiz partlayırdı, məsələn?” – Paşinyan jurnalistlər vasitəsilə keçmiş dövlət başçısından soruşub.
Səhəri gün Ermənistanın hökumət başçısının sözlərinə Moskvadan sərt reaksiya gəlib.
İlham Əliyevin reaksiyası
Fevralın 26-da Azərbaycan prezidentinin yerli və xarici jurnalistlər üçün mətbuat konfransında Rusiyanın “Zvezda” telekanalının müxbiri İlham Əliyevə Paşinyanın ikinci Qarabağ müharibəsində “İsgəndər” raketlərinin tətbiqi haqda bəyanatı ilə bağlı sual verib.
“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır.
Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub.
Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”, – Əliyev cavab verib.
“İsgəndər” olubmu? – Azərbaycanın keçmiş xarici işlər nazirinin şərhi
Bu məsələ ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan silahlı qüvvələrinin sərəncamında “İsgəndər” operativ-taktiki raket kompleksinin olduğuna şübhəsini ifadə edib.
“Şəbəkədə “İsgəndər” OTRK-nın yaxşı ya pis olması haqda qızğın diskussiya gedir… Diskussiyanın bizim üçün daha vacib məcraya gətirmək üçün üç il əvvəlki paylaşımımı təkrar dərc edirəm – ermənilərdə bu kompleks var, ya yox?
Ermənilərdə o, heç vaxt olmayıb, buna görə də tətbiq edilməyib. Mövzunu isə Paşinyan Sarkisyanı həqiqəti deməyə təhrik etmək üçün ortaya buraxıb – Ermənistanda “İsgərdərin” olması Rusiyanın ermənipərəst çevrələrinin Azərbaycanda Ermənistanın “hərbi gücü” qarşısında qorxu yaratmaq məqsədilə buraxdığı təbliğat feykidir. Generalın əsgərləri olmayanda o, dili ilə müharibə edir.
İndi gözləyirik, görək birinci kim ağzından qaçıracaq və düzünü deyəcək – Paşinyan, Sarkisyan, yoxsa Lavrov?” – Zülfüqarov Facebook səhifəsində yazıb.