Prezident Əliyevə beynəlxalq çağırış: "İşçi Masası fəallarını azad edin!"
İşçi Masası fəallarının azad edilməsinə çağırış
Beynəlxalq işçi xəbərləri platforması olan “LabourStart” Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan yeni petisiya kampaniyasına başlayıb.
Petisiya 2022-ci ildə yaradılmış və ardıcıl olaraq dörd üzvü həbs olunan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasına dəstək məqsədi daşıyır. Kampaniya aprelin 16-da start götürüb və artıq 2700-ə yaxın elektron məktub Prezident Administrasiyasına göndərilib.
Həbs olunan fəallar kimlərdir?
Petisiya, Konfederasiyanın sədri Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucovun azadlığa buraxılmasını tələb edir. “LabourStart” və insan hüquqları təşkilatları bu şəxslərin həbslərinin siyasi motivli olduğunu və Azərbaycanın beynəlxalq əmək hüquqları sahəsində öhdəliklərinə zidd hərəkət olduğunu vurğulayır.
İşçi Masası nədir və niyə hədəfdədir?

İşçi Masası Konfederasiyası Azərbaycanda qeyri-formal, “gig” iqtisadiyyatda çalışan işçilərə hüquqi yardım göstərmək, sosial müdafiə və əmək haqları uğrunda mübarizə aparmaq məqsədilə yaradılıb. Konfederasiya müxtəlif sektorlarda etiraz aksiyaları təşkil edib və kollektiv müqavimət təşəbbüslərinə öncüllük edib. Bu fəaliyyətlər isə hökumətin sərt reaksiyası ilə qarşılanıb. Təşkilat rəhbərliyi saxta narkotik və xuliqanlıq ittihamları ilə hədəfə alınıb.
Petisiyanın məzmunu
“LabourStart” kampaniyasının hazır mesajında deyilir:
“Prezident İlham Əliyev, Afiəddin Məmmədov, Elvin Mustafayev, Ayxan İsrafilov və Möhyəddin Orucovun siyasi motivli həbsi ciddi narahatlıq doğurur. Bu şəxslərin təqibi Azərbaycanın sərbəst toplaşma azadlığı və təşkilatlanma hüququ sahəsindəki beynəlxalq öhdəliklərini, o cümlədən Beynəlxalq Əmək Təşkilatının 87 və 98 saylı konvensiyalarını pozur”.
Petisiya imzalayanlar Prezident Əliyevi bu fəalları dərhal azad etməyə, işçilərin hüquqlarına və demokratik azadlıqlara hörmət etməyə çağırır.
İşçi Masası: “Ümid edirik cavabsız qalmayacaq”
Konfederasiyadan bildiriblər ki,
“Bu maillər yoldaşlarımızın azadlığını istəyən minlərlə insanın səsini təmsil edir. Ümid edirik ki, bu çağırış cavabsız qalmayacaq”.
Kontekst: Azərbaycanda həmkarlar ittifaqlarına qarşı basqılar
Son illərdə Azərbaycanda müstəqil həmkarlar ittifaqlarının fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Dövlət tərəfindən dəstəklənən strukturlaşdırılmış ittifaqlardan kənar yaradılan birliklər müxtəlif inzibati və hüquqi təzyiqlərlə qarşılaşır. İşçi Masası bu baxımdan ölkədə sosial və əmək hüquqlarını müdafiə edən nadir müstəqil təşəbbüslərdən biri hesab olunur.
Petisiya kampaniyası bu təzyiqlərə qarşı beynəlxalq səviyyədə ictimai diqqəti artırmaq və təcrid olunmuş fəalların müdafiəsini gücləndirmək məqsədi daşıyır.
İşçi Masası fəallarının azad edilməsinə çağırış