Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib. İndi o, hakim “Gürcü arzusu” partiyasının sədri postunu tutacaq. Qaribaşvili bu barədə hökumət evində keçirdiyi brifinqdə bildirib.
“İcazə verin, bu qərarın səbəbini aydın izah edim. Ötən ilin sonunda fəaliyyətimlə bağlı geniş hesabatı ictimaiyyətə təqdim etdim. Mən ölkəmizə xidmət etmişəm, ölkəmizin, xalqımızın mənafeyini sarsılmaz şəkildə müdafiə etmişəm və bu müddət ərzində komandamla birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm.
Bu yüksək vəzifədə iki dəfə işləməli oldum. Ümumilikdə, mən ən uzun müddətdə, beş il baş nazir olmuşam. Siyasi komandamızın gücünü göstərən əsas amillərdən biri daxili demokratiyadır ki, bunun ən bariz təzahürü rotasiya prinsipidir. Komandada çoxlu uğurlu liderlər var və başqalarına da bu imkanı vermək lazımdır.
Qarşımızda yeni çağırışlar var, biz payızda yeni parlament seçəcəyik və “Gürcü arzusu” seçkilərdə inamlı qələbəyə hazırlaşmalı və başqa, daha böyük məqsədlərə çatmaq üçün irəliləməyə davam etməlidir.
Bu siyasi reallığa əsaslanaraq, siyasi şuradan partiyanın sədri vəzifəsini tutmaq təklifi aldım, bununla bağlı fevralın 1-də qurultay keçiriləcək”, – deyə İrakli Qaribaşvili bildirib.
Bu gün hökumət telekanalı “İmedi” xəbər verib ki, “Gürcü arzusu” iqtidar partiyasının hazırkı sədri İrakli Kobaxidze ölkənin baş naziri postuna, hazırkı baş nazir İrakli Qaribaşvili isə “Gürcü arzusu”nun sədri postuna namizəd göstəriləcək. İrakli Kobaxidze həmçinin partiyanın siyasi katibi postunu tutacaq.
İrakli Qaribaşvili iki dəfə hökumət başçısı olub. O, ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri təyin edilib, lakin iki ildən sonra 2015-ci ildə qəfil istefa verib.
Daha sonra 2021-ci il fevralın 18-də o vaxtkı baş nazir Giorgi Qaxariyanın istefasından sonra eyni vəzifəyə yenidən təyin edilib.
Bu arada Qaribaşvili “Gürcü Arzusu” partiyasının baş katibi və müdafiə naziri vəzifələrində də çalışıb.
Ekspertlər “Gürcü Arzusu”nun banisi, oliqarx Bidzina İvanişvilinin siyasətə ikinci qayıdışından sonra hökumətdə dəyişikliklərin olacağını proqnozlaşdırırdılar.