İntim xidmət göstərən qız özü də bilmədən Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsini sübut edib
Rusiyanın yüksək ranqlı məmurlarından biri – Rusiya hökumət sədrinin müavini Sergey Prixodko bir neçə fahişə və Rusiyanın nüfuzlu oliqarxı Oleq Deripaskanın kompaniyasında bir neçə gün keçirib. Bu haqda Rusiyanın öncül müxalifətçisi Aleksey Navalnı özünün “Yaxtalar, oliqarxlar, qızlar: kişi ovçusu qadın rüşvətxoru ifşa edir” filmində danışıb.
Amma 25 dəqiqəlik video (məqalənin ən başında izləmək mümkündür) yaxtadakı əyləncə haqda deyil. Bu, Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun yeni araşdırmasıdır.
Filmdə Prixodko “Rusiyanın əlahiddə nüfuzlu məmuru”, “beynəlxalq münasibətlər sahəsində az qala ən nüfuzlu məmur” adlandırılır və oliqarx Oleq Deripaskadan rüşvət almaqda ittiham olunur.
“Forbes” jurnalının versiyasına görə, Deripaska 2000-ci illərin sonlarında ən varlı rusiyalı olub və dünyanın ən varlı insanları arasında beşinci yeri tutub. Araşdırma müəlliflərinin fikrincə, o, Kremldə maraqlarının lobbiçiliyini etsin deyə məmura pul ödəyib. Amma məsələ bununla yekunlaşmır.
Film həmçinin iddia edir ki, bütün bu olaylar Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlıdır. Məhz necə?
A
merika mediası uzun müddət yazırdı ki, ABŞ prezidenti Trampın seçkiqabağı kampaniyasının keçmiş rəhbəri Pol Manafort Oleq Derepaskadan hələ 2005-ci ildə pul alıb ki, Amerika hökumətində Rusiyanın maraqlarına lobbiçilik eləsin. Onlar həmçinin müştərək bizneslə də məşğul olublar.
Hazırda ABŞ-da Manafortla bağlı istintaq aparılır, 2018-ci ilin yazında o, məhkəmə qarşısına çıxarılacaq. O, ABŞ-a qarşı sui-qəsddə, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə qanundan kənar əməkdaşlıqda və çirkli pulların yuyulmasında ittiham olunur.
Hələlik Manafort Kremllə əməkdaşlıqda günahlandırılmayıb, amma artıq o, bir neçə dəfə bu işlə bağlı dindirilib və hətta iqamətgahında axtarış da aparılıb.
İntim xidmət göstərən rusiyalı qızın anlatdıqları Manafortun Rusiya ilə əlaqələrinə əlavə maraq oyandıra bilər.
“Yaxtalar, oliqarxlar və qızlar: kişi ovçusu qadın rüşvətxoru ifşa edir” filmi Fondun həyata keçirdiyi ilk səs-küylü araşdırma deyil. Onun iki ən rezonanslı filmi iri miqyaslı korrupsiya sxemləri yaratmış baş nazir Dmitri Medvedev və baş prokuror Yuri Çayka haqda olub.
Filmlər ümumilikdə 40 milyondan çox baxış toplayıb. Bununla belə Rusiya hakimiyyəti onları iqnor edib.
İndilərdə tamamlanan araşdırma öncəkilərdən metodlarına görə fərqlənir. Bu dəfə əsas informasiya mənbəyi həmin yaxtada olan qızın Instagram səhifəsi və “Milyarderi cəzb etmək üzrə gündəlik” adlı kitabı olub.
Qız özünü Nastya Rıbka adlandırır və həmin yaxtada hansısa oliqarx və məmurun kompaniyasında özünün ovu haqda, həmçinin onların orada işgüzar danışıqlar apardığı haqda ətraflı bəhs edir. Kitabda adlar dəyişdirilib, amma personajların təsviri, həmçinin Instagram-dakı fotolar yaxtada məhz Prixodko və Deripaskanın olduğunu təsdiqləyir.
Filmdə çəkiliş müddətində Sergey Prixodkonun daşınmaz əmlakının: ümumi dəyəri 5 milyon dollara yaxın olan şəhərkənarı evi və Moskvada iki mənzilinin aşkar edildiyi haqda da danışılır.