İnqilabdan sonra: yeni Ermənistanda ilk il
JAMnews-un jurnalistləri ötən ilki reportajlarının bəzi qəhrəmanları ilə görüşüblər ki, 2018-ci ilin yazında Ermənistan şəhərlərində kütləvi etiraz aksiyalarına çıxan insanların ümidlərinin nə dərəcədə doğrulduğunu öyrənsinlər. Ekspertlər də inqilabın ilk ilinə dair öz dəyərləndirmələrini təqdim edəcəklər.
JAMnews-un materialları əsasında:
• Ermənistanda məxməri inqilabı həyata keçirənlər haqqında beş hekayə
Şüar müəllifi
Bir il əvvəl David Hovannisyan təsadüfən bütün yaz boyu Ermənistanın bütün şəhərlərində yüz minlərlə insanın ddilindən düşməyən söz birləşməsinin müəllifi oldu. “Addım at – Serji rədd et” – bu şüar Ermənistan tarixinə daxil oldu, inqilab onunla başladı, onunla bitdi. İnsanlar buçağırışa cavab olaraq küçələrə axışırdı ki, Serj Sarqsyana iki prezidentlik müddətindən sonra baş nazir kürsüsünə keçib, yenidən ölkəni idarə etməsinə imkan verməsinlər.
David hesab edir ki, bir il əvvəl Ermənistan vətəndaşları başqa ölkələrdə insanların hələ XIX əsrdə aldığı hüquqlar uğrunda mübarizə aparırdı – misal üçün, seçki zamanı öz iradəsini ifadə etmək hüququ. Və ancaq indi, inqilabdan sonra XXI əsrin gündəminə keçmək olar. David bunu məxməri inqilabın əsas nailiyyəti hesab edir.
“Arzuların qiymətləndirilməsinin şkalası dəyişdi – indi mən daha böyük şeyləri arzulayıram. Son iyirmi il ərzində uğrunda mübarizə apardıqlaqımız artıq reallığa çevrilib”.
• Ermənistan müxalifəti məxməri inqilaba başlayır
• Ermənistanın baş naziri istefa veribс
• Ermənistan inqilabının mahnıları və şüarları
İnqilab sadəcə ötən baharın küçə etirazlarının nəticəsi olmadı, o, erməni fəallarının onilliklər ərzində hakimiyyətlə apardığı və kənar müşahidəçilərin heç də həmişə görmədiyi mübarizə sayəsində baş tutdu.
David 1 mart 2008-ci ildə baş verən faciəni xatırlayır, bu zaman hakimiyyət hərbi silahdan istifadə edərək, Yerevanda etiraz aksiyasını dağıtdı. Onda 10 nəfər həlak oldu. Onun sözlərinə görə, bu, hakimiyyətlə qeyri-bərabər mübarizənin və fəalların məğlubiyyətinin heç də yeganə misalı deyil. Amma bütün etiraz hərəkatları və təşəbbüsləri fəalları bərkidib möhkəmləndirərək, Ermənistanın şəhərlərinə tökülən real qüdrətli gücə çevirdi:
“Serj Sarqsyanın istefası günü və bütün sonrakı günlər meydanda yüz minlərlə adam varıydı, onların əksəriyyəti mübarizənin əvvəlki mərhələlərində iştirak etməyib. Amma yüz minlərlə iştirakçısı olan bu mitinq baş tutmazdı, əgər yüzlərlə adam 2018-ci ilin mart ayından küçələrə çıxıb, meydanda durmasaydı [inqilab martın sonlarında müxaşlifətin Nikol Paşinyanın başçılığı altında Gümri və Yerevanda yürüşündən sonra baş tutub – JAMnews]. Həmin bu bir neçə yüz adam da son 10 il ərzində mübarizənin bütün mərhələlərini keçənlər idi”.
Seçkilərin nəticələrinə qarşı heç kim etiraz etmədi – ilk dəfə
Erməni politoloqlarının fikrincə, inqilabın əsas nailiyyəti ədalətli seçkilər oldu. Hakimiyyət dəyişəndən bir az sonra Ermənistan vətəndaşları paytaxt hakimiyyəti və parlamenti seçməli idi. Hər iki halda “Mənim addımım” blokunun nümayəndələri – artıq hakimiyyət başında olan keçmiş inqilabçılar komandası böyük fərqlə qələbə qazandı. Onlar meriyaya seçkilərdə 80 faizdən, parlament seçkilərində isə 70 faizdən çox seçici səsi topladılar.
Və son 20 ildə ilk dəfə nəticələrə qarşı heç bir siyasi qüvvə etiraz etmədi. Beynəlxalq müşahidəçilər də seçkiləri doğru, ədalətli və şəffaf adlandırdı.
Hər iki halda seçkilərin fəallığı yüksək olmayıb, politoloqlar bunu favoritlərin, yəni inqilabçılar komandasının istənilən halda lazımi sayda səs toplayacağına əmin olması ilə izah etdi.
[youtube youtubeurl=”KGWZ3WeJE1w” ][/youtube]
İnqilabın xatirəsinə
“Restart” tələbə hərəkatının iştirakçısı Ani Vardanyanı 16 aprel 2018-ci il tarixində parlament binasının qarşısında yaraladılar: düz onun ayağının altında səs qumbarası partladı.
Növbəti ay ərzində Ani uzanıb, müalicə almalı oldu. İndi ayağında dərin çapıq var – inqilabın xatirəsi, Ani zarafatla deyir. Gözlənilmədən qarşılaşdığı sevgi isə inqilabın başqa, daha əhəmiyyətli “suveniri” oldu: inqilabdan bir az sonra Ani öz məsləkdaşına ərə getdi.
Bir il əvvəl Yerevanın mərkəzi meydanlarında etirazçıların arasında olarkən Ani Karpislə tanış oldu. O, artıq təcrübəli fəal idi. Mübarizəyə prezident Sarqsyan konstitusiyanı özünə uyğun dəyişəndə qoşulub: 2015-ci il referendumunda qəbul edilən düzəlişlərə əsasən, Ermənistan yarım prezident idarəçilik üsulundan parlament idarəçiliyinə keçirdi, baş nazirin səlahiyyətləri isə xeyli genişlənirdi. Sarqsyan məhz baş nazir postuna göz dikmişdi.
İnqilaba qədər Karpis Yerevan məktəblərindən birində tarix müəllimi işləyirdi, amma onun siyasi fəallığı müdiriyyətin heç xoşuna gəlmirdi, nəticədə Karpisi işdən çıxardılar. Ani danışır ki, şagirdlər onda sevdikləri müəllimlərini qaytarmaq tələbi ilə etiraz aksiyası keçirdilər.
O əmindir ki, inqilab Ermənistan üçün dönüş nöqtəsi oldu. Aninin özü üçün də çox şey dəyişdi. İndi o, ikinci peşəyə yiyələnir: diplomlu politoloq veb-dizaynı öyrənir.
“Bu gün siyasi qərarlar qəbul edən adamlarla birlikdə inqilab etmişik. Onlara işləyib, öz potensiallarını üzə çıxarmaq üçün vaxt vermək lazımdır. Hazırda siyasətlə məşğul olan komandaya etibar edirəm. Və hələ ki, bu etibarım var, siyasi mübarizədən geri çəkilmişəm”.
Fəal Ani həm də “Restart” hərəkatı ilə əməkdaşlığı dayandırmaq qərarı verib:
“Mənim üçün vacib idi ki, inqilab vaxtı “Restart” sırf tələbə hərəkatı olaraq qalıb. Son zamanlar isə siyasi həyata daxil olmaq cəhdləri o qədər də xoşuma gəlmədi. Misal üçün, “Restar” üzvlərinin xoşuna gəlməyən keçmiş prezident Robert Koçaryanın mətbuat konfransını pozmaq cəhdi olub. Bu gün təəssüf ki, özümü bu hərəkatda görmürəm, halbuki fəallarının təhsi sahəsində elədikləri hər şeydən xoşum gəlir”.
Ani təəssüf edir ki, inqilab hələ Yerevan Dövlət Universitetinə gəlib çatmayıb, “Restart” hərəkatı məhz onun dəyişdirilməsi üçün yaradılıb – təhsilin keyfiyyətindən tutmuş idarəçilik formasına qədər. Qız ümid edir ki, nəticədə bu, baş verəcək. Axı Ermənistanda digər çoxdan gözlənilən hadisələr – misal üçün, ədalətli seçkilər baş tutub.
Digər çoxdan gözlənilən hadisələr
İnqilabdan sonra ölkədə korrupsiya ilə mübarizə başlayıb və fəallar onu real mübarizə kimi qiymətləndiriblər. Milli Təhlükəsizlik Xidməti indiyə qədər mütəmadi olaraq keçmiş hakimiyyətə yaxın olan məmurların iştirak etdiyi korrupsiya sxemlərinin ifşasından xəbər verir. Eyni zamanda baş nazir Nikol Paşinyan vəzifə başına keçən andan verdiyi “qisas olmayacaq” vədinə əməl edir. Paşinyanın sözlərinə görə, yeni hakimiyyətin məqsədi korrupsionerləri həbs etmək deyil, onları pulu büdcəyə qaytarmağa məcbur etməkdir.
Korrupsiya ilə mübarizə zamanı keçmiş hakimiyyət nümayəndələri və onların doğmalarına qarşı cinayət işləri açılıb. Erməni mediasında keçmiş prezident Serj Sarqsyanın qardaşı, qardaşı oğlu və mühafizə rəhbərinin, eyni zamanda keçmiş deputatların iştirak etdiyi korrupsiya qalmaqalının detalları üzə çıxdı. Amma inqilabdan sonra vəzifə alan insanlar da məsuliyyətdən yayına bilmədi – misal üçün, səhiyyə nazirinin müavini, Dövlət Xərcləri Komitəsinin əməkdaşları.
2019-cu ilin ilk üç ayı ərzində Ermənistanda vergi yığımı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 57 milyard dram [təxminən $117 milyon] artdı. Həm də bu göstərici hökumət proqramında planlaşdırılandan dörd faiz çoxdur.
Bu, minimal pensiyanı artırmaq imkanı verdi: 2019-cu ilin yanvar ayından o, 7 min dram ($15) artıb. Hökumət müəllimlərin və hərbçilərin maaşlarını 10 faiz artırmağı vəd edir.
Qalan şeylər irəlidədir.
Ekspertlər gənclər və sosial media haqqında
Politoloq Ruben Maqrabyan inqilabdan “20 illik rüsvayçılıq”dan azad olmağı gözləyirdi. İnqilab möcüzə deyil, qaçılmazlıqdır, o belə hesab edir:
“İnqilab olmaya bilməzdi. O, keçmiş hökumətin hərəkətlərinin nəticəsi oldu. Vəziyyət son həddə qədər gərginləşdi və təbii partlayış baş verdi. Başqa məsələdir ki, baş tutan inqilabı bitmiş hesab etmək olmaz. Hakimiyyət qurumları hələ də inersiya ilə hərəkət edir və mövcud sistemi düzəltməkdənsə onları məhv edib, yenilərini yaratmaq daha asandır”.
Ruben Meqrabyan əmindir ki, siyasi sistemin özünü təmizləməsi, yenidən qurulması və ya sağalması üçün hər hansı imkan olsaydı bu, inqilabi deyil, təkamül yolu ilə baş verə bilərdi.
Politoloqun fikrincə, ötən etiraz hərəkatının əsas üstünlüyü gənclərin fəal iştirakı oldu. Son 10 ilin mühüm siyasi hadisələri zamanı yetkinlik yaşına çatmayan nəsil özünün mübarizəyə yeni yanaşması ilə inqilaba qələbə gətirdi.
Meqrabyanın fikrincə, qələbəyə sosial media çox mühüm töhfə verib. Onlar hakimiyyətin total nəzarəti altında olan və etirazçılara tribuna verə bilməyən televiziya funkskiyasını yerinə yetirib.
“Yeni hakimiyyətin əsas problemi ondadır ki, köhnə siyasi sistem artıq işləmir, yenisi isə hələ formalaşmayıb. Siyasi sistemin olmaması göz qabağındadır və bu, ciddi problemlər yaradır. Nə demək olar, yeni hakimiyyət hələ bu problemin həllini tapmayıb, amma motivasiyanın səviyyəsini nəzərə alsaq, düşünürəm ki, bu həll olunan problemdir”.
“Doğru yöndə, amma yavaş-yavaş”
Politoloq Edqar Vardanyan hesab edir ki, ötən il insanlara qərar qəbul etmə prosesinin iştirakçıları olmaqları ilə bağlı inam verdi. Buna sübut Ermənistanda inqilabdan sonra baş tutan çoxsaylı etiraz aksiyaları oldu. Bu aksiyalar ondan xəbər verir ki, insanlar öz hüquqları uğrunda mübarizə aparmağa hazırdır.
“Ədalətli tələblər var, məsələn, sosial-iqtisadi həyatda gözə çarpan dəyişikliklərin olmaması ilə bağlı. Amma nəzərə almaq lazımdır ki, ciddi sosial-iqtisadi dəyişikliklər üçün bir il kifayət etmir”, – Edqar Vardanyan deyir.
Politoloq həm də hesab edir ki, hakimiyyət özünün iqtisadi inqilabla bağlı baxışlarını dəqiq izah etməlidir. Onlar xalqla danışmalı, nələri və hansı müddətə həyata keçirmək niyyətində olduqlarını izah etməlidir.
“Hökumətin atmalı olduğu daha bir vacib addım ədalətli məhkəmə institutunun tətbiqi. [İnqilabi hökumət ilk günlərdən məhkəmənin ittiham hökmünə qədər qanunsuz yolla mənimsənilən əmlakın müsadirə edilməsi mexanizminin tətbiqinin zərurətindən danışır – JAMnews.] Cəmiyyət hələ başa düşmür ki, bu nədir və dövlət vəsaitini mənimsəyən oliqarxları necə cəzalandırmağa və ya əfv etməyə kömək edəcək, oğurlanan vəsait hansı prinsiplə qaytarılacaq. Hökumət ədalət məhkəməsi konsepsiyasını dəqiq təqdim etməlidir, əks halda bu, siyasi spekulyasiyalara gətirib çıxara bilər”, – Edqar Vardanyan deyir.
O hesab edir ki, ölkədə baş verən islahatların templərini sürətləndirmək olardı. Amma müsbət tendensiyalar ümid yaradır ki, gələn il Ermənistanı dərin və əsaslı dəyişikliklər gözləyir.