İlk Tramp-Putin görüşü: ön tarix və proqnoz
Bu gün Hamburqda prezidentlər Tramp və Putinin ilk görüşü baş tutacaq. Buna qədər onlar yalnız telefonla danışıblar.
Görüş dünyanın 20 ən iri iqtisadiyyat liderinin toplaşdığı G20 sammitinin kuluarında keçiriləcək.
Tramp və Putin görüşü ərəfəsindəki vəziyyət həddən artıq mürəkkəbdir. ABŞ-da Rusiyanın Amerika prezidenti seçkilərinə müdaxilə ehtimalına və Trampın yaxın çevrəsinin bu ölkə ilə mümkün yaxınlığına dair eyni zamanda bir neçə araşdırma davam edir.
Putinlə görüşdən bir gün öncə Tramp Varşavada çıxış edərkən bildirib ki, Rusiya Şərqi Avropa və ABŞ-ın müttəfiqi olan ölkələr üçün stabilliyi pozan amildir.
Rusiyada dövlət KİV-də Amerikaya qarşı amansız kampaniya aparılır. Görüş ərəfəsində Rusiya XİN-i bəyan edib ki, görüşün “mükəmməl” keçəcəyini və Suriya, Ukrayna kimi mühüm problemlərin müzakirə ediləcəyini umur.
Daha əvvəl hər iki ölkə prezidenti bir-biri haqda bunları deyiblər:
Tramp Putin haqda
28 aprel 2016
“O məni dahi adlandırıb… onun tərəfindən çox xoş səslənir”
7 sentyabr 2016
“O, çox güclü liderdir… bizim prezidentimizdən çox daha güclü”
19 mart 2017
“Mən onu şəxsən tanımıram, amma o, sadə oğlan deyil…”
Putin Tramp haqda
17 dekabr 2015
“Parlaq, istedadlı insandır, seçicilərin qəlbinə yol tapa bilib”
4 dekabr 2016
“O, biznesdə uğur qazanıb, deməli, o, ağıllı insandır”
1 iyun 2017
“O, ənənəvi siyasətçilər kateqoriyasına aid deyil, onun məsələlərə yeni baxışı var”
Xatırladaq ki, dünya liderlərinin görüşü Hamburqda polis və qloballaşma əleyhdarları arasında küçələrdə baş verən toqquşmalar fonunda keçirilir. İyulun 7-nə olan məlumata görə, 70 nəfər polis əməkdaşı xəsarət alıb. Saxlanılan qloballaşma əleyhdarlarının sayı hələlik bəlli deyil.