Bu gün Hamburqda prezidentlər Tramp və Putinin ilk görüşü baş tutacaq. Buna qədər onlar yalnız telefonla danışıblar.
Görüş dünyanın 20 ən iri iqtisadiyyat liderinin toplaşdığı G20 sammitinin kuluarında keçiriləcək.
Tramp və Putin görüşü ərəfəsindəki vəziyyət həddən artıq mürəkkəbdir. ABŞ-da Rusiyanın Amerika prezidenti seçkilərinə müdaxilə ehtimalına və Trampın yaxın çevrəsinin bu ölkə ilə mümkün yaxınlığına dair eyni zamanda bir neçə araşdırma davam edir.
Putinlə görüşdən bir gün öncə Tramp Varşavada çıxış edərkən bildirib ki, Rusiya Şərqi Avropa və ABŞ-ın müttəfiqi olan ölkələr üçün stabilliyi pozan amildir.
Rusiyada dövlət KİV-də Amerikaya qarşı amansız kampaniya aparılır. Görüş ərəfəsində Rusiya XİN-i bəyan edib ki, görüşün “mükəmməl” keçəcəyini və Suriya, Ukrayna kimi mühüm problemlərin müzakirə ediləcəyini umur.
Xatırladaq ki, dünya liderlərinin görüşü Hamburqda polis və qloballaşma əleyhdarları arasında küçələrdə baş verən toqquşmalar fonunda keçirilir. İyulun 7-nə olan məlumata görə, 70 nəfər polis əməkdaşı xəsarət alıb. Saxlanılan qloballaşma əleyhdarlarının sayı hələlik bəlli deyil.