İlham Əliyev: “Bu Paşinyanın ordusu deyil, Koçaryan və Sarqsyanın yaratdığı ordu idi”
Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video-konfrans formatında iclası baş tutub. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib və öz nitqinin böyük hissəsini ikinci Qarabağ müharibəsinə həsr edib.
“Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib”, – Əliyev bildirib.
- Putin Dağlıq Qarabağ haqda: “Status-kvo saxlanılmalıdır”
- Ermənistan əraziləri Azərbaycana verməkdə davam edir? Sərhədyanı vilayət sakinlərinin etirazı
- “Rusiya ilə maksimum ehtiyatlı olmaq lazımdır” – Bakıdan şərh
Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəyanatları arasında elələri olub ki, “bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq”. “Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü”, – Azərbaycan prezidenti qeyd edib.
O vurğulayıb ki, 44 günlük münaqişə müddətində Azərbaycanın 11 nəfəri uşaq olmaqla 94 nəfər dinc sakin həlak olub, 400 nəfərdən çox dinc sakin yaralanıb, 5 mindən çox ev ya tamam dağılıb, ya da ciddi zədələnib.
Daha sonra Əliyev noyabrın 10-da üçtərəfli razılaşmanın imzalanması məsələsinə toxunub: “Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin fəal iştirakı ilə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı… Orada çox mühüm bəndlər var. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib”.
“Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir”, – Azərbaycan prezidenti bildirib.
“Mən Rusiya Federasiyasının sülhməramlı missiyası barədə də danışmaq istərdim. Bu da bəyanatın bir hissəsidir. Missiya çox uğurla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir. Bəyanatın imzalanmasından ötən ay yarıma yaxın vaxt ərzində atəşkəsin pozulması ilə bağlı bir insident olub və bizdə olan məlumata görə bu, Ermənistanın hakimiyyət orqanlarının nəzarəti altında olmayan qondarma könüllülər, əslində isə Azərbaycan Ordusunun mövqelərinin arxasında gizlənmiş yaraqlılardan ibarət qruplar tərəfindən təşkil edilib. İnsident bircə gün ərzində aradan qaldırılıb, atəşkəs rejimi saxlanılır və düşünürəm ki, bu rejim günbəgün daha da möhkəmlənəcək”, – Əliyev deyib.
O həmçinin qeyd edib ki, Ağdam rayonunda vəziyyətin monitorinqini həyata keçirəcək Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir.
Müharibədən sonra Ermənistanda yaranan vəziyyətə toxunaraq Əliyev qeyd edib: “İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”.