İlham Əliyev dördüncü dəfə Azərbaycan prezidentliyinə namizəd elan olunub
Hazırkı Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin oktyabrında keçiriləcək prezident seçkilərində “Yeni Azərbaycan” partiyasının namizədi elan olunub.
Bu haqda fevralın 1-də iqtidar partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov Gənclər Günü münasibəti ilə gənc fəallarla görüşündə bildirib. O, partiyanın gənc fəallarının da Əliyevin qalibiyyətinə öz töhfəsini verəcəyinə ümidini ifadə edib.
Seçki Məcəlləsinə əsasən, prezident seçkilərində namizədlər səsvermə gününə 60 gün qalmış qeydiyyata alınır. Builki prezident seçkiləri oktyabrın 17-ə təyin olunub.
Buna baxmayaraq, ötən həftə müxalif “Müsavat” partiyası seçkilərdə partiyanın keçmiş sədri İsa Qəmbərin namizədliyini irəli sürmək niyyətini açıqlayıb.
Əliyevin dördüncü dəfə namizədliyini irəli sürəcəyinə az adam şübhə edirdi, hərçənd, növbəti seçkilərdə iqtidar partiyasının vitse-prezident, birinci ledi Mehriban Əliyevanın namizədliyini irəli sürəcəyi versiyası da səslənirdi. Amma nə o özü, nə də iqtidar partiyası nümayəndələri bu şayiəni şərh etmirdilər. Qeyd etmək lazımdır ki, İlham Əliyev 2016-cı il konstitusiya islahatlarından sonra istənilən vaxt hakimiyyəti birinci vitse-prezidentə ötürə bilər.
- 57 yaşlı İlham Əliyev artıq dördüncü dəfədir ki, ardıcıl olaraq prezidentliyə namizəd elan olunur. O, 2003-cü ilin avqustunda, atası Heydər Əliyevin xəstəliyindən sonra Azərbaycan prezidentinin səlahiyyətlərini yerinə yetirib.
- 2009-cu ildə konstitusiya referendumunda eyni şəxsin ardıcıl olaraq iki səlahiyyət müddətindən artıq prezident postunda qalmasını qadağan edən məhdudiyyət ləğv olunub.
- 2016-cı ildə konstitusiya referendumunda prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Odur ki, İlham Əliyev qalib gələcəyi təqdirdə minimum 2025-ci ilə qədər Azərbaycan hakimiyyətinin başında qala bilər.