İlham Əliyev AŞPA qətnaməsini “kağız parçası” adlandırıb
Paylaşmaq
Paylaşmaq
“Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”. Fevralın 5-də Türkiyəninxarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevbelə deyib.
Söhbət yanvarın sonunda AŞPA tərəfindən qəbul olunan “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqda iş” qətnaməsindən gedir. Orada deyilir ki, Azərbaycanda siyasi məhbusların işi “sistemli xarakter” daşıyır və onu birdəfəlik həll etmək lazımdır.
Azərbaycanın nümayəndə heyəti ölkədə siyasi məhbusların olduğunu qəti şəkildə inkar edir və bu qətnamənin qəbul olunmasının əleyhinə olub. Türkiyə və bir neçə digər ölkənin nümayəndələri isə onları dəstəkləyiblər.
“Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”, – İlham Əliyev Çavuşoğlu ilə görüşdə bildirib.
Hazırda beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda insan haqlarının və söz azadlığının qorunması ilə bağlı vəziyyəti çox aşağı dəyərləndirirlər. ATƏT-in Azərbaycan üzrə məruzəçisi Torxildur Sunna Evarsdottir isə hər dəfə öz hesabatlarında bu məsələyə toxunur. Amma rəsmi Azərbaycan daha israrlı şəkildə bunu inkar edir.
Azərbaycanda olan siyasi məhbusların siyahısına əsasən, ölkədə onların sayı hazırda 120 nəfərdən 136 nəfərə qədərdir.
Həmçinin Çavuşoğlu ilə görüşdə Əliyev deyib ki, Avropa Şurasında “deqradasiya prosesi gedir”:
“Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.”, – AzərTac İlham Əliyevdən sitat gətirib.
İlham Əliyev və Mevlut Çavuşoğlu Bakıdakı görüşdə (Azertag.az)