Hollivudun əsas günü: “Oskar” mükafatının təqdimatı
Martın 4-də Los-Ancelesdə ən nüfuzlu kino mükafatı olan “Oskar”ın təqdimetmə mərasimi baş tutub, CNN xəbər verir.
Gilyermo del Torronun məxfi elmi laboratoriyanın təmizlik işçisi ilə üzərində sınaq aparılan məxluq arasındakı sevgidən bəhs edən “Suyun forması” filmi ən yaxşı elan olunub. Kinoakademiyanın bu qərarı “Ebbinqin sərhədində, Missuridə üç bilbord” filminin qələbə qazanacağına əmin olan əksər ekspertlər üçün gözlənilməz olub. “Suyun forması” əsas mükafatı qazanmaqla yanaşı üç nominasiyada da qalib olub, Gilyermo del Torro isə ən yaxşı rejissor elan edilib.
“Əcnəbi dildə ən yaxşı film” nominasiyasında çilili rejissor “Fantastik qadın” filmi qalib olub. Film biznesmen və qadın transgenderin münasibətlərindən bəhs edir. Baş rolda transgender oynayır.
Ən yaxşı tammetrajlı sənədli film adına amerikalı Brayn Fogelin çəkdiyi “İkar” layiq görülüb. Film Rusiya idmanında dopinq mövzusuna həsr olunub. Filmin baş qəhrəmanı Moskva Dopinq Əleyhinə Agentliyinin keçmiş rəhbəri Qriqori Rodçenkovdur.
Ən yaxşı aktyor işinə görə mükafatı Harri Oldman (“Qaranlıq zamanlar”) və Frensis Makdormand (“Ebbinqin sərhədində, Missuridə üç bilbord”) alıb. Makdormand üçün bu, artıq ikinci “Oskardır” – birincini aktrisa 21 il əvvəl “Farqo” filmindəki roluna görə alıb.
Mərasimdə ötən il nəhəng kinoprodüser Harvi Vaynşteyn ətrafında alovvlanan, daha sonra isə bütün Hollivudu bürüyən qalmaqalı da xatırlayıblar.
“Biz artıq çirkin davranışa dözə bilmərik. Dünya bizə baxır, biz nümunə olmalıyıq”, – mərasimin əvvəlində aparıcı Cimmi Kimmel deyib.