“Ermənistan tərəfinin destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir” – Azərbaycan prezidentinin köməkçisi hesab edir
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın bəyanatına kəskin reaksiya verib.
Mnatsakanyan bildirib ki, Yerevan “Qarabağ məsələsində Azərbaycana ərazi güzəştinə getməyəcək”, Hacıyev isə bu bəyanatın münaqişənin nizamlanması üzrə danışıqlar prosesinə zərbə vurduğunu deyib.
Aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə onlayn-görüş keçirərək, növbəti dəfə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdə yeni heç nə deyilməyib, amma danışıqlar sakit keçib və tərəflər COVID-19 pandemiyası zamanı vəziyyətin gərginləşdirilməməsi ilə bağlı razılığa gəliblər.
- Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ilk onlayn-görüşü necə keçib?
- Qarabağ məsələsi Qarabağın iştirakı olmadan həll edilə bilməz – yeni seçilmiş prezidentin bəyanatı
Görüş ərəfəsində Rusiya xarici işlər naziri Sergey Lavrov verdiyi müsahibədə danışıqların əvvəlki formatını (Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirakı olmadan) və münaqişənin mərhələli həlli variantını dəstəkləyib. O, hazırda Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsindən başlamağı təklif edib.
Mnatsakanyan buna cavab olaraq bildirib ki, həmin rayonlar Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır.
“Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur. Bu, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir”, – Hikmət Hacıyev hesab edir.