“Hərbi aspektlər başa çatıb” – Sergey Lavrov Bakıya səfər edib
Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya səfər edib. O, Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Lavrov Əliyevlə görüşdə vurğulayıb ki, Qarabağ probleminin nizamlanmasının hərbi aspektləri bağlıdır.
Bakıya gəlməzdən əvvəl 5-6 mayda Sergey Lavrov Yerevanda səfərdə olub, orada Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla və xaricci işlər naziri Ara Ayvazyanla görüşüb.
“Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir”
Lavrovla görüşündə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, ölkə humanitar problemlərlə bağlı xoş məram nümayiş etdirib.
“Hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik.
Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”, – o bildirib.
“Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq…
Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi”, – prezident əlavə edib.
Lavrov: “Hərbi aspektlər başa çatıb”
Öz cavab çıxışında Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ nizamlaması üzrə üç liderin 9 noyabr bəyanatına və 11 yanvar Moskva görüşünün yekunlarına müvafiq olaraq razılaşmaların yerinə yetirilməsi tərəfdarıdır.
“Bizim sülhməramlı kontingentimiz Sizin Rusiya və Ermənistan rəhbərliyi ilə həmin əlaqələrinizin gedişində razılaşdırdığınız vəzifələri yerinə yetirir. Bizim sülhməramlıların rolunu yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarıq. Sizin vurğuladığınız kimi, biz hər şeyi edəcəyik ki, hamı münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürsün. İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”, – RF XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstərir: “Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır”.
Səfərin ikinci günü
Mayın 11-də Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb
Rusiya XİN rəhbəri həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya soxulması və birinci Qarabağ müharibəsi zamanı həlak olanların xatirəsini hörmətlə anıb.
O, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarına və İkinci Dünya Müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə yanan “Əbədi məşəl” önünə əklillər qoyub.