Həbs edilmiş reperləri məhkəmə zalından azad etdilər
Apelyasiya Məhkəməsi narkotik cinayətində ittiham olunan Mişka Mqaloblişvili və Giorgi Keburianın barəsində seçilən qəti imkan tədbirini dəyişərək, onları müvafiq olaraq 50 və 20 min lari müqabilində azad edib.
“Mafiya birjası” rep duetinin üzvləri Mişka Mqaloblişvili və Giorgi Keburia iyunun 7-də külli miqdarda narkotikin alınması və saxlanılması ittihamı ilə həbs ediliblər. Saxlanılanlar günahkar olmadıqlarını bildiriblər və həbslərinin səbəbi kimi polisin şarj edilmiş obrazının olduğu video klipi göstəriblər.
Mqaloblişvili və Keburia həm də bildiriblər ki, polislər onları saxlayarkən təhqir edib və onların həqiqətən də klipin müəllifləri olub-olmadıqları ilə maraqlanıblar. (Klipdə boynunda xalta, ağzında da sümük olan polis formasında adam var).
Şəhər məhkəməsi iyunun 9-da “Mafiya birjası” hip-hop layihəsinin üzvləri barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Bu gün, iyunun 12-də şəhər məhkəməsinin bu qərarı pul girovu müqabilində azad edilmə ilə əvəz olunub.
Amma məhkəmənin bu qərarından öncə bir neçə mühüm hadisə baş verib.
İyunun 10-da Rustaveli prospektində parlament binası qarşısında “Ağ səs-küy” hərəkatı həbs olunmuş reperlərə dəstək aksiyası təşkil etdi. Gürcüstanda narkosiyasətin liberallaşdırılması tələbilə aksiyaların sayı artıb, amma 10 iyun aksiyasında xüsusilə çox adam toplaşmışdı.
Aksiya iştirakçıları reperlərin həbsini söz azadlığının pozulması və senzuranın yaranması kimi qiymətləndirdilər, onlar həm də hökumətdən anti-humanist narkosiyasəti dəyişməyi tələb edirdilər.
Aksiya başlayandan bir qədər sonra Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin oğlunun “Facebook” səhifəsində paylaşdığı yazıda özü də reper olan Bera həbs olunanlarla həmrəylik göstərdi. İvanişvilinin ölkədə hələ də çox böyük nüfuzu var, onu bu gün Gürcüstanın qeyri-formal rəhbəri hesab edirlər, buna görə də Beranın statusunu ictimaiyyət hüquq-mühafizə orqanlarının həbs olunmuş duetə qarşı mövqeyinin dəyişməsinə işarə kimi qəbul etdi.
Beranın yazısı ilə yanaşı baş nazirin müavini Kaxa Kaladzenin də video-müraciəti yayıldı. Həmin müraciətdə o bildirdi ki, narkosiyasəti həqiqətən də dəyişmək lazımdır və hakimiyyət bunun üzərində işləməyə hazırdır. Bundan əlavə, aksiya günündə “Reperlərin işi”nı reaksiya verən baş nazir Giorgi Kvirikaşvili özünün fövqəladə bəyanatında eyni məsələ barədə danışdı. O bildirdi ki, Gürcüstanda narkosiyasət həqiqətən də çox sərtdir və parlamenti daha böyük templə qanunvericiliyə düzəlişlər etməyə çağırdı.
Hadisələrin bu gedişatı mənzərəni kəskin şəkildə dəyişdi – həbs olunanlara qarşı 2 ay müddətinə həbs qəti imkan tədbirini tələb edən prokurorluq onların pul girovu müqabilində azad olunmasına razılıq verdi. Prokurorluq nümayəndələri mövqelərinin dəyişməsini onunla izah etdilər ki, həbs olunanlar istintaqla əməkdaşlığa hazırdır. Apelyasiya Məhkəməsi də bununla razılaşıb.
Həbs olunan gəncləri buraxdılar, bununla belə, “Reperlərin işi” xeyli sayda sual yaratdı, ölkədə və hakimiyyətdə çoxsaylı problemlərin olduğunu üzə çıxardı. Vətəndaş cəmiyyətinin bir çox üzvləri belə hesab edir.
“Gürcüstanın gənc hüquqşünaslar assosiasiyası” qeyri-hökumət təşkilatının “Mafiya birjası” duetinin həbsi ilə bağlı bəyanatında deyilir ki, “bu, Gürcüstanın hüquq sahəsində və məhkəmə sistemində sistemli problemlərin olmasının daha bir sübutudur, repressiv narkosiyasət isə problemlərin dərinləşməsinə əhəmiyyətli xidmət göstərir”.
Bəyanatda həm də deyilir ki, “Mixail Mqaloblişvili və Giorgi Keburianın həbsinin polisin ünvanına tənqidi videomaterialın yayılmasına görə cəzalandırmaqla bağlı “gizli məqsəd” daşımasının sənədli fərziyyəsi ortaya çıxıb. ”
Prokurorluq “Mafiya birjası” duetinin üzvlərini dindirəndən sonra polislərin səlahiyyətlərini aşma faktı və sübutların mümkün saxtalaşdırılması ilə bağlı istintaqa başlayıb. “Gənc hüquqşünaslar assosiasiyası”nda isə bildirirlər ki, polislərə qarşı Cinayət Məcəlləsinin insanlarla alçaldıcı və qeyri-insani davranışa görə cəzanı nəzərdə tutan 144-3-cü maddəsi ilə cinayət işi açılmalıdır.
“Reperlərin işi” artıq neçə gündür ki, “Facebook”un Gürcüstan sektorunda bir nömrəli mövzudur.
İstifadəçilərin bir hissəsi hesab edir ki, narkosiyasətin liberallaşdırılması vacibdir və heç kimi narkotiklərin alınması və saxlanılmasına görə cəzalandırmaq olmaz, halbuki “Reperlərin işi”ndə narkosiyasət konteksti ikinci dərəcəli xarakter daşıyır, əsas problemlər isə ifadə azadlığının pozulması, polisin cəzasız qalması, müstəqil və ədalətli məhkəmənin olmaması, İvanişvili ailəsindən gələn və ölkənin bütün hakimiyyətinin reaksiya verdiyi siqnaldır. Cəmiyyətin bir hissəsində belə bir təəssürat yarandı ki, narkosiyasətin liberallaşdırılması ilə bağlı söhbətlərlə hakimiyyət bu vacib problemləri arxa plana keçirməyə çalışır.
Belə bir fərziyyə də irəli sürülür ki, baş nazirin müavini Kaxa Kaladzenin video-müraciəti seçkiqabağı fənddən başqa bir şey deyil (deyilənlərə görə, Kaxa Kaladzenin namizədliyi “Gürcü arzusu” partiyasından Tbilisi meri vəzifəsinə irəli sürüləcək. Gürcüstanda özünüidarə orqanlarına seçkilər payızda baş tutacaq. JAMnews) .